Nə üçün Mehriban xanım Əliyeva Ulu öndər haqqında arzuladığı kitabı hələ oxumayıb?
230
09:34, Bu gün

Nə üçün Mehriban xanım Əliyeva Ulu öndər haqqında arzuladığı kitabı hələ oxumayıb?

Azərbaycanın son 30 illik müstəqillik  tarixində may ayı təkcə statistik təqvim vahidi deyil, həm də simvolik yüklü siyasi zamandır.
 
8 may Şuşanın işğalı xalqımızda dərin psixoloji sarsıntı və mənəvi böhran yaratdı. Bir şəhər-coğrafi zirvə təkcə yaşayış məskəni deyildi. Şuşa mədəniyyətimizin paytaxtı olmaqla kifayətlənmir, həm də Pənahəli xandan başlayan, əsrlərlə imperiyalar arasında savaşda əldən-ələ keçsə də azərbaycanlı kimliyini heç vaxt itirməyən qoruyucu qalatək yaşayırdı. 20-ci əsrin sonlarında ərazinin işğalı milli yaddaşda travma, dövlət şüurunda “yarımçıq təqvim və tariximizin Qobustan daş abidələri kimi yazıldığı kitabələrdən məhrum”luq effekti doğurdu.
 
1992-ci ildə “Dağlarda toy” əməliyyatı ilə Şuşanı ələ keçirən ermənilər cəmisi 400 hektarlıq dağlıq yüksəkliyin sahibi olmadılar, həm də azərbaycanlıları bioloji-fiziki və mənəvi istinadgahdan məhrum etdilər. 
May ayı uzun müddət həm qələbə, həm də məğlubiyyət hisslərinin toqquşduğu simvol kimi qalırdı. İnsanlar üç gün ərzində belə kəskin kədər, hərbi yenilmə və uğursuzluq sindromunu ikinci dünya müharibəsində babalarının şücaəti ilə təmizləyə bilmirdilər. 8 və 9 may- Ulu öndərin doğum tarixi ilə ziddiyyətli siyasi yaddaş zənciri yaradırdı. Azərbaycan məhəlli savaşda uduzmasını faşizm üzərində qələbə ilə uda bilmirdi, “qarışıq simvolik zaman”-təqvimdə də toqquşan qara və qırmızı rənglər kimi qalırdı. Tarixdə kollektiv məğlubiyyətdən çıxan xalqlar-Versal müqaviləsi ilə torpaqlarını və qürurunu itirən alman xalqı kimi yenidən ayağa qalxıb şanlı tarix yazacaqlarına inanırdılar.
Lakin 2020-ci il Vətən müharibəsi ləkələnmiş təqvimi də dəyişdirdi-8 may sonsuz 8 noyabr əbədiliyi ilə əvəzləndi. Qarabağ Zəfəri ilə may ayı məğlubiyyət və işğalın kölgəsindən çıxdı, qalibiyyətin və tarixi ədalətin simvoluna çevrildi. Beləliklə, yalnız ərazi deyil, həm də qara haşiyəyə alınan günlər, aylar və millətin işğal təqvimi istibdaddan xilas oldu. İndi Ulu öndərin 103-cü ildönümü hesabat və gələcək ideallarla üzvi şəkildə bağlana bilir. 
 
Azərbaycanın birinci vitse-prezidenti və  Əliyev məktəbinin yetirməsi Mehriban xanım Əliyevanın siyasi hökmə çevrilən bir açıqlaması var. Birinci vitse-prezident deyir: ”Ulu öndər haqqında yazılan və deyilən heç bir əsər son və mütləq fikir, Əhdi Ətiq sayıla bilməz”. Daha sadə dilə çevirsək, xalqımızın Birinci ledisi arzuladığı, dahi liderin layiq olduğu kitabı hələ oxumadığını bildirir. Son dərəcə dəqiq və dərin fikirdir. Lakin səbəbi əsla qələm sahiblərimizin istedadı və miqyası  ilə bağlı deyil, hətta dünya şöhrətli istənilən yazıçı növbəti seriya əsərini yaradacaqdı. 
Mütləq həqiqət odur ki, Heydər Əliyevi sona qədər dərk və izah etmək mümkün deyil. Hər kəs böyük Dövlət Adamı öz sahə, bilik və dünyagörüşü ölçüsündə qavrayır, ifadə edir. Ona görə də 2040-cı ilin azərbaycanlısı böyük siyasi lideri zamanın fövqündə, yeni obrazda dərk və tərənnüm edəcək. Beləliklə, Ulu öndər  davamlı dəyişikliyə uğrayan  tarixi fenomendir, “bitməyən siyasi mətn”dir. O, sabit təriflərlə və ya ittihamlarla izah olunan  şəxsiyyət deyil, daim yenidən kəşf olunan torpaq və siyasi yüksəklikdir.
 
Heydər Əliyevin şəxsi həyatı yoxdur!
 
O, mənsub olduğu millətin çoxəsrlik tarixinin bir şəxsiyyətin tərcümeyi-halında təcəssüm edən kateqoriyasıdır. Onun 103 yaşı Azərbaycanın cümhuriyyət, sovet və müstəqillik dövrü ilə sinxronluq təşkil edir-1923-cü ildə qırmızı ideologiyanın devrimi, daha sonra  ikinci Dünya müharibəsində gənc Əliyevin NKVD sistemində sovet çekist sisteminin sınaqlarına tab gətirməsi, etnik mənsubiyyətinin yaratdığı baryerləri və daşlaşan ənənələri iradəsi ilə aşması, rusların-titullu xalqların hegemoniyası qarşısında dözüm göstərməsi və nəhayət, sovet Azərbaycanının birinciliyinə haqq qazanması ilə xalqımızın üç formasiyadan keçən taleyinə  sahiblik edir. Üzərindən məxfi qrif götürüləndən sonra 80-cı illər Britaniyasında Əliyevin Sovet İttifaqına başçılıq perspektivinə dair sənədlər sübut edir ki, ideoloji düşmənləri Kreml elitasını izləyərkən onu necə dəqiqliklə görmüşdülər. 
İdeoloji  doqmalar və çərçivələrə baxmayaraq, milli həyatın bütün sferalarında parlaq inkişafa nail olan bir cənub ölkəsi faktiki müstəqilliyə yaxın bütün atributları qazanmışdı. Ona görə də Əliyevə qarşı çox sonralar dönükcəsinə çıxan deputatlardan biri-Xeyrulla Əliyev “iki dövrün qəhrəmanı olmaq mümkün deyil”, deyərkən, səhv edirdi-Əliyev iki fərqli formasiyanın lideri və xilaskar siması kimi qurduğu ölkəni siyasi xəritədən silinməkdən qorudu. Yalnız müstəsna tarixi şəxsiyyətlər heç bir totalitar  məhdudiyyətlərə baxmayaraq, təmsil etdiyi milləti böyük inkişafa qovuşdura  bilir.
 
Eynilə, Əliyevin imperiyanın süqutu ilə Kremldən uzaqlaşdırılması da azərbaycanlıların Qarabağ faciəsinə düçar edilməsinin siqnalı oldu. 1987-ci ildə Fransada nəşr olunan Humanite jurnalında respublikamıza ərazi iddiası vahid hücum atəşidir. 
 
KQB sistemində-vahiməli bir təşkilatın içərisində formalaşsa da həmin  orqanın gücünü, qlobal əlaqə və iş üsulunu milli dövlətin xeyrinə çevirməyi bacaran Əliyevi  klassik “sistem nümayəndəsi” saymaq olmaz, O, “öz sistemini yaradan adam”dır. Qərbdə indinin özündə də qorxu və kabus kimi dolaşan  gizli kəşfiyyatda xidmətləri haqqında qürurla deyir ki, O, xalqının əleyhinə heç bir əməliyyatda iştirak etməyib, əksinə qəsdlərin qarşısını alıb. Elə ona görə də sovet Azərbaycanında bir-iki qeyri-siyasi fərdi çıxmaqla, “dissident hərəkatı” olmayıb.
 
Lideri xalqın yaddaşında əbədi saxlayan qüvvə yalnız hakimiyyətin deyil, hakim partiya və elitaya mənsubluğu yox, məhz sadə millətinə bağlılığıdır. Milyonlara insanın həyatında şəxsən iştirak etdiyi üçün hətta siyasi böhran və xaosdan xalqını çıxarmasaydı belə, onu tale yaradıcısı adlandırmaq olardı. Yüz minlərlə azərbaycanlı onun imzasıyla vəzifəyə irəli çəkilib, əmək, təhsil, sənət və mədəniyyət qəhrəmanı olub…
 
Kiçik xalqlar və böyük liderlik anlayışı sona qədər çözülməyən mövzudur. Klassik siyasi düşüncədə azsaylı toplumların böyük geosiyasi sistemlərdə yaşaması üçün güclü liderlik qədim silahlardan daha həlledicidir. Şeyx Şamilin 19-cu əsrdə çeçenlərə uzun qılınc arzulaması təbii olsa da, sonrakı yüz illikdə böyük şəxsiyyətlərə söykənmədən siyasi xəritədə qala bilməzdin. 
Süni intellektlə idarə olunan müasir müharibələri orta əsr hərbi arsenalı ilə aparmaq mümkün deyil. Kiçik xalqlara böyük siyasət və siyasətçilər gərəkdir.
 
Əliyevin miqyası yalnız Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır. Əslində sərhədlərindən kənara çıxan bütün tarixi şəxsiyyətlər öz ölkələrini bir o qədər böyüdürlər. Ölkəmizin Əliyevlə birlikdə ərazisi 86.6 min kvadrat kilometrdən daha genişdir. Türklərin könül və siyasi coğrafiya haqda, əslində geosiyasətin düsturu haqda dedikləri birbaşa Ulu öndərin, Mustafa Kamalın haqqında söylənilib. 
 
Lakin həm də yaşadığımız regionda Ermənistan, Gürcüstan və digər Qafqaz xalqları Heydər Əliyev miqyasında lider yetişdirə bilməyiblər. Əlbəttə, təkcə Mikoyanın və Stalinin timsalında bütöv bir epoxanın gedişatını dəyişən şəxslər var. Lakin quruculuq və xeyirxahlıq missiyasına görə milli liderimizi üstələyəni yoxdur. Əsrin əvvəlində və sonunda iki sistemin ayrılmaz parçası olan, lakin subyektlik və şəxsi iradə göstərə bilməyənlər tarixdə ayrı adla qalacaqlar.
Tarixi şəxsiyyətlər sırasında sovetlərin sonuncu xarici işlər naziri Eduard Şevardnadze də var. Siyasi proseslər eynilə onu da qafqazlarda hakimiyyət birinciliyinə qaytardı. Tiflisin çəkildiyi müharibə və dövlətçilik böhranı Bakı ilə eyni idi. Lakin Şevi xilaskar ola bilmədi. Nəhayət,  o, siyasi səhnəni məğlub tərk etdi. Heydər Əliyevin qayıdışı və milli Qurtuluşu təkcə xilaskarlıqla bitmədi, həm də siyasi varisliklə davamlılıq qazandı, İlahi xeyir-duadan keçdi və üzərindən 17 il ötəndən sonra mənsub olduğu millətə Zəfər gətirdi.
 
Onun həyatının son illəri artıq bioqrafiyadan çıxıb. Liderin fiziki vəziyyəti ilə dövlətin varlığı  identikləşdirilirdi. 2003-cü ilin “X günü”nə-məchulluq erasına düşməklə ölkə yenidən böhranla üzləşə bilərdi. Lakin Heydər Əliyev siyasi xətti yaşamaq qabiliyyətini son 23 ilin bütün tarixi sınaqlarında, regional və qlobal savaşlar dövründə sübut etdi.  Beləliklə, Ulu öndər Vətən müharibəsinin qalibidir, çünki onun müəyyənləşdirdiyi kurs, ideoloji məfkurə sistemi, qurduğu ordu və siyasi yol qalib gəldi. 
 
Heydər Əliyevin doğma yurduna qayıdışı millətimizin tarixi əsatirlərinə tamam uyğundur-çünki bütün mifik qəhrəmanlarımız sonda onu yetirən topluma qayıdırlar. Əliyevin yenidən hakimiyyətə dönüşü tarixi “diriliş”dir, kollektiv şüurun yenidən təşkili aktıdır. O, Kremldən Naxçıvana - doğma elinə qayıdır, muxtar respublikanı, kiçik vətəni birinci olaraq, işğaldan və daxili sarsıntılardan  hifz edir, daha sonra onu Böyük Azərbaycana köçürür. Naxçıvan və Azərbaycan yenidən bütövləşir.  Səfirlərlə görüşəndə açıq deyir ki, onu “türk qurşağı” yaratmaqda qınayırlar. Beləliklə, “Əliyevin Böyük Qayıdışı” millətimizlə yaşıddır. İrəvan Zirvəsində prezidentin çıxışı da həmin qayıdışın davamıdır-azərbaycanlı kimliyini özündə daşımaqla əcdadlarımızın ruhunu və qalib-suveren dövlətimizin siyasi iradəsini ifadə edir. Lakin Əliyev bütün Qafqazın xilaskarı kimi xitab edirdi.
 
Fransa hökmdarı 14-cü Lüdovik, “dövlət mən özüməm”, deyirdi. Avtoritar yüklü ifadə olsa da 90-cı illərdə xalqa həmin sözü deyən rəhbər gərək idi. ABŞ-ın  sabiq səfiri Stenli Eskudero deyirdi ki, Respublika sarayında Əliyevin iki saatlıq çıxışını dinləyəndən sonra onun ətrafa saçdığı sabitlik və güvən duyğusu istənilən Qərb dövlətini Azərbaycanla davamlı əlaqələrə sövq edirdi. Əliyev öz obrazını Azərbaycana köçürmüşdü-mətin, güclü və miqyaslı..
Heydər Əliyevin şəkilləri dövlətin və xəritəmizin tablosudur. Kimsə onun kimi duruş-çəkiliş mövqeyi göstərə bilməyib. Yox, fotoqrafların istedadı bir ayrı məsələdir və dalğaların vahid nöqtədə birləşməsi unikal mənzərələr yarada bilər. Lakin Əliyevin əksi dövlət şəklidir, mədəniyyət atlasıdır, elmi ensiklopediyadır və milli kimliyi təcəssüm etdirən pasport vahididir. 
 
Onu dövlət binalarında ən uca yerə qaldıran məhz hər cizgisində millətin dəyişən tarixini ifadə etməsidir. Əliyev xalqının həyəcan və ağrısı, sevinci və kədəri, başlıcası, taleyi ilə birləşib vahid dalğada eyni bədən və ruha çevrildiyi üçün milli kamera və obyektivdə əbədilik qazanıb.
 
Qarabağ Zəfərinin ideoloji kökləri onun dövlət quruculuğu modelindədir. 2020-ci il qələbəsi uzunmüddətli strategiyanın nəticəsidir. İlham Əliyev torpaqları azad etmək siyasətini iki yüz ilin savaşı kimi apardığı üçün Qarabağı Azərbaycana qaytara bildi.
 
İndi xalqımızın tarixində yeni mərhələ başlanır: məğlubiyyət silsiləsinin sonu və qalib kimlik. Qarabağ artıq münaqişə deyil, yeni milli kimliyin-qalib Yüz ilin başlanğıc məkanıdır. Azərbaycan cəmiyyətində “məğlubiyyət silsiləsi”, siyasi travmalar və kollektiv faciələr dövrü bitir. Zəfərdən sonra “erməni məsələsi”nin bizim coğrafiyamızdan könüllü və dinc şəkildə tam kənara çıxması yeni formasiyadır-4-cü Azərbaycan respublikasıdır. Yeni dövlətin vətəndaşları əsla əvvəlki insanlar deyil, onların mənəvi-siyasi obrazı dəyişib və qalibiyyət mərkəzli düşüncə sistemi formalaşır. Dövlətin də unitar vahidliyi, konstitusion strukturu və azad torpaqlara qayıdan idarəçilik sistemi əvvəlki quruluşumuzun tam təkrarı deyil. 
 
Nəhayət, 2040-cı ilin azərbaycanlıları işğal görməyən yeni nəsil olacaqdır!
 
İndi ən başlıcası, Qarabağa dönüşü, əslində 1993-cü ildə başlayan “Böyük Qayıdışı” Ulu öndərin ideallarına uyğun şəkildə aparmaqdır. Proses yalnız fiziki məskunlaşma deyil, həm də dövlətin öz tarixi-coğrafi məkanına mədəni varlığını, ənənələrini və yaşam kodunu qaytarmaqdır. 
 
Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Kəlbəcəri Heydər Əliyev kimi qurmaq, onun ideallarından çıxış etmək, izi və yolu ilə getmək, dövlətin yaddaşını və tarixi strukturunu yenidən qurmaq gərəkdir.  Ulu öndərin qarlı havada açılışını etdiyi Vaqifin məqbərəsində olduğu kimi, prezident İlham Əliyevin hər yerdə tarixi paralellərlə şəhər-kəndləri qurmaq və yüz illərin arasında tikinti varisliyi yaratmaq, nəsillərarası bağları bərpa  etmək, işğalın izlərini silmək, millətimizin mədəni fauna və florasını təzədən vahid tərcümeyi-hal kimi yazmaq gərəkdir.
 
Azad Qarabağı Heydər Əliyev kimi qurmaq qırılan keçmişlə bütövləşmənin ideoloji müəllifinə gerçək arxitektor və memar kimi yanaşmaq deməkdir. 
 
Ağdamda  Marks, Kirov, Telman adına kolxozların  pambıqçı və mexanizatorları ilə görüş yerini qəhrəman oğullarımızın adına dəyişdirib yeni iqtisadi sistemə uyğun binalar inşa edək!
 
Üzüm tarlalarına, beşillik proqramların əmək qəhrəmanlarının təltif olunduğu salonlara və min hektarlara uzanan çöllərin hər qarışında milli liderin kəsdiyi lentləri qaytaran hər tikili onun xatirə lövhəsi olacaq! 
 
Yeni Vətən quruculuğu - Ulu öndərin dövlət tablosunun davamıdır... 
 
Dərin ehtiramla,
 
Zahid Oruc, millət vəkili, 
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri
 
 
 
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər