“Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ
534
12:05, Bu gün

“Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ

“Atam Səməd Vurğun küçəsində, Türkiyə səfirliyi ilə üzbəüz yerləşən "Artistlərin binası"nda yaşayıb. Bu "Stalinka" layihəli, geniş bağlı həyəti olan məşhur yaşayış binasıdır. Atam 8-ci mərtəbədə qalırdı. Bəzən lift işləmirdi, düşüb-qalxmaq çətin idi. Biz o evi satdıq. Hamı bilirdi ki, “Xoruz baba” o binada yaşayıb. Mən hətta atamın yaşadığı binanın üstünə onun barelyerfini vurmaq istəyirdim. Sadəcə olaraq o vaxt bizə imkan verilmədi. Dedilər ki, icazə yoxdur. Barelyefi də öz hesabıma hazırladacaqdım. Bu bina “Artistlərin binası” olduğuna görə çox məşhurun orada barelyefi var. Rəşid Behbudov da, Leyla Bədirbəyli də orada yaşayıb. Bizə niyə icazə vermədilərsə səbəbini bilmirəm. Bu gün də icazə versələr mən o barelyefi hazırlatdırıb ora vurdura bilərəm. Bilmirəm kiminlə danışım, kimə müraciət edim?! Binanın yanından maşınla keçəndə bütün xatirələrim göz önümdə canlanır, kədərlənirəm, kövrəlirəm. Atam evdən çıxanda bütün uşaqlar qucağına qaçırdı. Birinə xoş söz deyirdi, birinə konfet verirdi, birinin başını sığallayırdı. Fəxr edirəm ki, belə bir şəxsiyyətin qızıyam”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.
O daha sonra xalq artisti Afaq Bəşirqızının sənətkarlar üçün xüsusi qəbirstanlıq yaradılması ideyasını dəstəklədiyini bildirib:
 
“Bu çox gözəl ideyadır. Amma bir məsələ var ki, heç kim öz əzizinin cənazəsini ikinci dəfə çıxarıb, orada dəfn etməz. Atam da, anam da ailə qəbirstanlığımızda dəfn olunub. Əlbəttə ki, onun yenidən cənazəsinin çıxarılıb, orada dəfn edə bilmərik. Atam sağlığında da dəbdəbəli başdaşı və dəfn istəmədiyini bizə vəsiyyət etmişdi. Biz də hər şeyi onun vəsiyyətinə uyğun etdik. Məncə bu qəbirstanlığın yaradılması bundan sonra dünyasını dəyişən sənətkarlara şamil olmalıdır. Atamın qəbirini tez-tez ziyarət edirəm, orada səliqəyə salırlar. Allah bütün sənətkarlara rəhmət etsin. Onu tez-tez yad edirlər, filmlərini göstərirlər. Əsl sənətkarlar öləndən sonra yaşayanlardır. Atam da bu sənətkarlardan biridir. Hətta küçədə məni görəndə deyirlər ki, “Xoruz baba”-nın qızıdır. Bu söz məni bir daha qürurlandırır”.
 
Mövzunu davam etdirəcəyik.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər