2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.
Bu barədə modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.
Onu da xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb. Statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir.
Bəs ölkəmizdə ana ölümlərinin sayının bu qədər çox olmasının səbəbləri nədir?
Mövzu ilə bağlı tanınmış ginekoloq Rəşad Sultan Musavat.com-a danışıb.

Ginekoloq qeyd edib ki, ana ölümləri səhiyyə sisteminin ən həssas və ən ciddi göstəricilərindən biri hesab olunur:
“Bu göstərici ümumi ölüm sayı ilə deyil, hər 100 min doğuşa düşən ana ölümü ilə hesablanır və beynəlxalq praktikada da məhz bu metod qəbul edilir. Ölkədə doğum sayının azalması fonunda ana ölümlərinin eyni səviyyədə qalması belə mənfi tendensiyadır və sistemdə problemlərin olduğunu göstərir. Bu gün qarşıda duran əsas sual budur: niyə ana ölümlərinin sayını azalda bilmirik? Ənənəvi olaraq bu problem daha çox regionlarda keyfiyyətli tibbi xidmətin əlçatan olmaması, yaxud xəstənin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə çatdırıla bilməməsi ilə izah olunur. Lakin məsələni yalnız bununla məhdudlaşdırmaq düzgün olmaz. Çünki paytaxt Bakı kimi tibbi imkanların daha geniş olduğu bir məkanda da ana ölümlərinin qeydə alınması bu problemin daha dərin və çoxşaxəli səbəblərinin olduğunu göstərir”.
Rəşad Sultan bildirib ki, ana ölümlərinin əsas səbəbləri dünya üzrə də oxşardır:
“Birinci yerdə doğuş zamanı və ya doğuşdan sonra baş verən güclü qanaxmalar dayanır. İkinci əsas səbəb infeksiyalardır. Üçüncü sırada isə tromboemboliya, yəni qanın damar daxilində laxtalanaraq həyati vacib orqanları tutması nəticəsində yaranan ağır vəziyyətlər yer alır. Bu halların qarşısını almaq üçün müasir tibbdə kompleks yanaşmalar tətbiq olunur və hər mərhələdə risklərin minimuma endirilməsi məqsəd qoyulur.
Azərbaycanda da hamilə qadınlara göstərilən tibbi xidmət üçmərhələli sistem əsasında qurulub. Risk səviyyəsindən asılı olaraq hamilələr birinci, ikinci və üçüncü səviyyəli tibb müəssisələrinə yönləndirilir. Yüksək riskli hamiləliklər mütləq şəkildə tam təchizatlı, ixtisaslaşmış perinatal mərkəzlərdə idarə olunmalıdır. Bu yanaşma nəzəri baxımdan düzgün qurulsa da, praktikada müəyyən çatışmazlıqların olması istisna edilmir. Deməli, problem ya riskli hamiləliklərin vaxtında və düzgün müəyyən edilməməsində, ya da müəyyən edildikdən sonra onların uyğun mərkəzlərə yönləndirilməsində yetərsizliklərin mövcudluğundadır. Digər mühüm məsələ tibb müəssisələrinin daxilində təşkilati və texniki imkanlarla bağlıdır. Riskli doğuşların aparıldığı xəstəxanalarda təcrübəli cərrahi briqadanın, anestezioloq və reanimatoloqların daim hazır vəziyyətdə olması həyati əhəmiyyət daşıyır. Doğuşdan sonra yarana biləcək ağırlaşmalara dərhal müdaxilə etmək üçün reanimasiya xidmətinin operativ fəaliyyəti təmin edilməlidir. Bu zəncirin hər hansı bir halqasında yaranan problem isə bəzən geri dönməz nəticələrə gətirib çıxara bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ana ölümlərinin səbəbləri tək bir faktorla izah olunmur. Burada həm diaqnostika, həm yönləndirmə, həm də müalicə mərhələlərində müəyyən boşluqların olması ehtimalı yüksəkdir. Eyni zamanda konkret olaraq ana ölümlərinin baş verdiyi tibb müəssisələrinin təhlili aparılmalı, problemlər lokal səviyyədə də araşdırılmalıdır. Bəzən ilkin tibbi yardım düzgün göstərilsə də, sonrakı mərhələdə, yəni, xəstənin daşınması, reanimasion tədbirlərin təşkili və ya qan köçürülməsi prosesində çatışmazlıqlar ortaya çıxır”.
Ginekoloq qeyd edib ki, digər mübahisəli və vacib mövzulardan biri isə təbii doğuşla qeysəriyyə əməliyyatının müqayisəsidir:
“Tibbi göstəriş olduğu hallarda qeysəriyyə əməliyyatı həyat qurtaran müdaxilədir və bu zaman onun alternativi yoxdur. Lakin tibbi zərurət olmadan, sadəcə pasiyentin istəyi və ya həkimin seçimi ilə həyata keçirilən qeysəriyyə əməliyyatları ciddi risklər yaradır. Bu halda təbii doğuşla müqayisədə qeysəriyyə daha təhlükəli hesab olunur. Ən mühüm məqamlardan biri də odur ki, ana ölümlərinin əsas səbəbi olan qanaxmaların bir hissəsi dolayı yolla məhz lazımsız qeysəriyyə əməliyyatları ilə əlaqəlidir. Belə ki, qeysəriyyə əməliyyatı zamanı uşaqlıqda çapıq əmələ gəlir. Növbəti hamiləliklərdə bu çapıqlar ciftin düzgün yerləşməməsinə, yəni cift gəlişinə səbəb ola bilər. Bu isə doğuş zamanı idarə olunması çətin olan güclü qanaxmalar riskini artırır. Nəticədə, lazımsız qeysəriyyələrin artması uzunmüddətli perspektivdə ana ölümlərinin yüksəlməsinə dolayı təsir göstərir. Bu səbəbdən ana ölümlərinin azaldılması istiqamətində atılmalı olan addımlardan biri də tibbi göstərişsiz qeysəriyyə əməliyyatlarının qarşısının alınması, təbii doğuşların təşviq edilməsidir. Eyni zamanda hamiləlik dövründə risklərin erkən aşkarlanması, düzgün yönləndirmə, yüksək keyfiyyətli perinatal xidmət və operativ reanimasion müdaxilə imkanlarının gücləndirilməsi kompleks şəkildə həyata keçirilməlidir”.