Regionun enerji xəritəsini yenidən YAZAN güc - Azərbaycanın iştirakı olmadan...
260
15:28, Bu gün

Regionun enerji xəritəsini yenidən YAZAN güc - Azərbaycanın iştirakı olmadan...

Son geosiyasi sarsıntılar fonunda Cənubi Qafqazda enerji məsələləri əvvəlkindən daha strateji və həyatı xarakter alıb. Qlobal bazarlarda qeyri-sabitlik artdıqca region ölkələri üçün etibarlı və davamlı enerji təminatı əsas prioritetə çevrilib.

Məhz belə mürəkkəb şəraitdə Azərbaycan öz uzaqgörən siyasəti, zəngin resursları və güclü infrastruktur imkanları ilə fərqlənərək regionun enerji təminatında aparıcı qüvvə kimi ön plana çıxmaqdadır.

Ölkəmiz yalnız öz ehtiyaclarını yüksək səviyyədə qarşılamaqla kifayətlənmir, eyni zamanda, qonşu ölkələr üçün də sabit və etibarlı tərəfdaş rolunu uğurla icra edir. Bakının həyata keçirdiyi çevik və balanslı enerji strategiyası regionda iqtisadi dayanıqlığın qorunmasına, bazarlarda sabitliyin təmin edilməsinə və mümkün böhranların qarşısının alınmasına mühüm töhfə verir. Bu baxımdan Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi yox, həm də Cənubi Qafqazın enerji təhlükəsizliyinin əsas dayağı və sabitləşdirici gücü qismində çıxış edir.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirib ki, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 2/3-nə sahib olan və enerji resursları dünyanın bir çox ölkələrinə daşınan bir dövlətdir: “Tək qazımız bu gün dünyanın 16 ölkəsinə satılır. Dövlətimizin yalnız büdcəsi Gürcüstan və Ermənistanın dövlət büdcələrinin və onların xarici valyuta ehtiyatlarının cəminə bərabər bir səviyyədədir. Azərbaycanın dövlət büdcəsindən dolayı 82,0 milyard dollar həcmində valyuta rezervləri mövcuddur. Bu qədər valyuta ehtiyatı ölkəmizin ümumi daxili məhsulunun həcmindən təxminən 10 % çoxdur. Cari il üçün Azərbaycanın hərbi büdcəsi Gürcüstan və Ermənistanın hərbi xərclərindən 2,6 dəfə böyükdür. Belə müqayisələri bir çox digər sahələr üzrə də aparmaq mümkündür. Bu göstəricilər fonunda Azərbaycan təbii ki, regionun açar dövlətidir. Elə buna görə də hazırda bölgədə Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı regional layihənin reallaşdırılması mümkün deyildir”.

Sabiq nazir onu da qeyd edib ki, Ermənistanın 44 günlük müharibədəki və bir günlük antiterror əməliyyatındakı məğlubiyyətindən sonra regionun siyasi müstəvisində əsaslı dəyişiklik baş verib: “Azərbaycan tək iqtisadi gücü ilə deyil, həm də hərbi-siyasi gücü ilə liderliyə sahibləndi. Ermənistan baş nazirinin “Qarabağ Azərbaycandır” deməsindən sonra başlanan sülh prosesi iki ölkə arasında buzları əritməyə başladı. Bu gün artıq xaricdən bir çox yüklər Ermənistana ölkəmiz üzərindən daşınır və Azərbaycan Ermənistanın yanacaq təminatında yer almağa başlayır.

Azərbaycan öz enerji resursları ilə tək Gürcüstanı deyil, Ermənistanı da təmin etməyə hazırdır. Ermənistanda sağlam düşünən əksər ermənilər yaxşı anlayır ki, Azərbaycan bütün ölkələrlə sağlam əməkdaşlıq edən bir dövlətdir və onun qonşuları ilə yaratdığı iqtisadi əlaqələrin altında kirli siyasi daşlar olmur. Buna görə də Ermənistanda sağlam camiyə Azərbaycanla münasibətlərdən məmnundur. Gürcüstan Azərbaycanla iqtisadi əlaqələrdən məmnunluğu uzun illərdi ki, yaşayır. Ermənistan isə bu yola yeni qədəm qoyur. Ermənistanın Azərbaycanla yaranan bu münasibətlərə kölgə sala biləcək hər hansı bir hərəkətə yol vermədikcə iki ölkə arasında sağlam əlaqələr davam edəcək. Son zamanlar dünyanın yanacaq-enerji müstəvisində baş verən təlatümlər fonunda qonşu Gürcüstan və Ermənistanın enerji təchizatında aparıcı rol etibarlı tərəfdaş olan Azərbaycana məxsus olduqca qonşularımız bu məsələdə kənar risklərdən sığortalamış olacaqlar”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər