Qafqaz Müsəlmanları İdarəsi Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yayıb
Cəmiyyət
174
18:19, Bu gün

Qafqaz Müsəlmanları İdarəsi Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yayıb

"Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin kilsəsinin 23 aprel tarixli bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür".

Moderator.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalan Eçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən həssas bir dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə atılan uğursuz cəhddir:

"Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşa edilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəni irsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütün bu müddət ərzində mövcud vəziyyətdə saxlayıb. Bununla belə, son aylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmiş məcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsinə dair dəfələrlə dövlət orqanlarına və yerli məhkəmələrə müraciət ediblər. Məlumdur ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçı dövlətin hesabına sökülməlidir. Məhz bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas vardır".

"Qeyd etmək lazımdır ki, Azərbaycan məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini və bütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən (erməni) Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub-saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayiş etdirib.

Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzin tərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir.

Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə və bölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasına yönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır", - bəyanatda vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər