Yaxın Şərqdəki müharibə ölkələr, beynəlxalq təşkilatlarla yanaşı dünyada söz sahibi olan şəxslər arasında da gərginlik yaradıb. Söhbət artıq bir müddətdir gündəmi tutan ABŞ Prezidenti Donald Trampla Roma Papası XIV Leo arasında yaşananlardan gedir. Belə demək mümkünsə, Trampın qarşıdurma yaşadığı qurumlar sırasına Papalıq da daxil olub. Hər iki lider arasında illər əvvəl yaşanan gərginlik Yaxın Şərqdə gedən hərbi əməliyyatlarla daha da artıb. İndiki gərginlik əsasən Ağ Evin xarici siyasət kursu və dini simvollardan istifadəsi ətrafında cərəyan edir.
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Qarşıdurma Papanın ABŞ-nin İrana qarşı müharibə planlarını və hərbi ritorikasını tənqid etməsi ilə başlayıb. Tramp isə buna cavab olaraq Papanın müharibənin mahiyyətini anlamadığını və cinayətkarlıqla mübarizədə zəif olduğunu deyib. Tramp iddia edib ki, Papa ona minnətdar olmalıdır, çünki məhz ABŞ-nin təsiri ilə pontifik seçilib.
Bəzi analitiklər bu qarşıdurmanı Napoleon dövründən bəri bir siyasi liderlə Papa arasında yaşanan ən açıq mübarizə kimi qiymətləndirirlər. Son açıqlamasında Roma Papası Trampla birbaşa mübahisəyə girmək niyyətində olmadığını, lakin sülh tərəfdarı kimi fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Öz növbəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də Tramp və XIV Leo arasında virtual debat barədə şərh verib:
"Əlbəttə, düşünürəm ki, bəzi hallarda Vatikanın mənəvi məsələlərə toxunması daha yaxşıdır. Katolik kilsəsində baş verənləri müzakirə etsələr daha yaxşı olar".
O, əlavə edib ki, Vaşinqton və Müqəddəs Taxt-tac arasındakı münaqişədən çox da narahat deyil.
Tək tənqid hədəfi İran müharibəsi deyil
Qeyd edək ki, XIV Leo Roma katolik kilsəsinin Amerikada doğulmuş ilk rəhbəridir. 70 yaşlı Papa 2025-ci ilin may ayında dünyadakı 1.4 milyard katolikin rəhbərliyini öz üzərinə götürüb. XIV Leo peşəkar administrator və mülayim siyasətçi hesab olunur. O, yoxsulların, miqrantların hüquqlarını müdafiə edən sələfi Papa Fransiskin işini davam etdirir. Papa Donald Trampı təkcə İrandakı münaqişəyə görə tənqid etmir. Yanvar ayında XIV Leo Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı narahatlığını ifadə etmişdi. Pasxa müraciətində o, dünya liderlərini silahlarını yerə qoymağa, sülhü seçməyə və dialoqa çağırmışdı.

Tramp bu dəfə özünə çətin rəqib seçib
Analitiklər bildirirlər ki, Tramp bu dəfə özünə çətin rəqib seçib. Napoleondan bəri heç bir siyasi lider Papa ilə ABŞ Prezidenti Donald Tramp qədər açıq qarşıdurmaya girməmişdi. Analitiklərin fikrincə, Tramp bu dəfə kifayət qədər güclü bir rəqiblə üz-üzədir. Papa və onun İsa Məsih kimi mübahisəli təsviri ilə bağlı şərhlər Trampın prezidentliyinə və Respublikaçılar Partiyasının 2026-cı ilin noyabr ayında keçiriləcək ara seçkilərdəki fəaliyyətinə mənfi təsir göstərə bilər. ABŞ-də səs vermək hüququ olan təxminən 53 milyon yetkin katolik var və onlar seçicilərin təxminən 20%-ni təşkil edirlər. Trampın 2024-cü ildə ikinci müddətə seçilməsi ABŞ-də siyasi cəhətdən qərarsız seçicilərin ən böyük qrupu hesab edilən katoliklərin sayəsində mümkün olub. Yeni Papanın ABŞ katolikləri arasında reytinqi təxminən 85% təşkil edir ki, bu da əvvəlki Papa Fransiskdən 6 faiz yüksək göstəricidir. Trampın isə amerikalılar arasında təsdiq reytinqi azalmaqda davam edir və hazırda 40%-dən çox deyil. Trampla Papa arasındakı münaqişə uzanarsa, respublikaçılar ara seçkilərdə Konqres üzərində nəzarəti tamamilə itirə bilərlər.
Katolik xeyriyyə fondu ilə müqavilə ləğv edilib
Bu gərginlik fonunda Tramp administrasiyası Mayamidə (Florida ştatı) yerləşən katolik xeyriyyə təşkilatı ilə çoxillik müqaviləni ləğv edib. Söhbət "Catholic Charities" təşkilatından gedir. Müqavilənin ləğvi nəticəsində təşkilat 11 milyon dollar itirib. Bu vəsait yetkinlik yaşına çatmayanlar və miqrant uşaqlara yardım üçün nəzərdə tutulmuşdu. Federal müqavilənin ləğvi Vaşinqtonun qeyri-qanuni miqrasiya siyasəti ilə əlaqələndirilir. Təşkilat 60 ildən çoxdur bu cür xidmətlər göstərir. İddiaya görə, qərar mart ayında qəbul edilib, amma bu barədə məlumat yalnız indi - ABŞ Prezidenti Donald Trampla Roma Papası XIV Leo arasındakı gərginlik fonunda açıqlanıb.

Fransisklə XIV Leonun fərqləri
XIV Leo Müqəddəs Taxtı tutmazdan əvvəl Trampın artıq əvvəlki pontifik Fransiskin simasında Vatikanla gərgin münasibətlər tarixi mövcud idi. Bu kontekstdə ən məşhur epizod 2016-cı ilin fevralında baş verib: Fransisk Trampın Meksika ilə sərhəddə divar tikmək planlarını şərh edərək, yalnız divar tikmək haqqında düşünən, körpülər haqqında düşünməyən insanın xristian olmadığını söyləyib. Baxmayaraq ki, Fransisk dərhal daxili siyasətə müdaxilə etmək istəmədiyini və amerikalı katoliklərə seçkilərdə necə səs verməli olduqlarını göstərmək niyyətində olmadığını qeyd edib. 2025-ci ilin fevralında o, amerikalı katolik yepiskoplara açıq məktub dərc edib, burada Trampın Ağ Evə qayıdışından sonra miqrasiya siyasətini kəskin pisləyib. Papa miqrantların kriminallaşdırılmasını və gücə əsaslanan tədbirləri "pis nəticələnəcək siyasət" adlandırıb və qeyri-qanuni statusun avtomatik olaraq cinayətkarlıqla eyniləşdirilməsinin səhv olduğunu vurğulayıb.
İki pontifik arasındakı fərq ondadır ki, Fransisk indiki Papadan daha şəxsiləşdirilmiş qaydada mübahisə edirdi. XIV Leo isə daha çox beynəlxalq hüquqa müraciət edir, humanitar nəticələr və icazə verilənin hüdudları haqqında danışır. O, demək olar ki, şəxsi xarakteristikalardan istifadə etmir, bunun sayəsində ifadələri daha yumşaq səslənir və artıq baş verənlərdən narazı olan amerikalı katoliklər arasında əks-səda verir.