Ekskluziv
299
13:06, Bu gün

"Avropa İttifaqı qarşılıqlı müdafiə maddəsini real mexanizmə çevirməyə çalışır" - "Deutsche Welle"

 
"Yaxın Şərq böhranı fonunda Brüssel təhlükəsizlik və iqtisadi risklərə cavab axtarır..."
 
Avropa İttifaqı özünün qarşılıqlı müdafiə maddəsini real işlək mexanizmə çevirmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Qarşılıqlı müdafiə maddəsi praktik mərhələyə keçir
 
Kiprdə 23-24 aprel tarixlərində keçirilən qeyri-rəsmi sammitdə liderlər bu istiqamətdə konkret prosedurların hazırlanacağını açıqlayıblar. Kipr prezidenti Nikos Xristodulidis bildirib ki, "42.7-ci maddə kağız üzərində qalmamalı, real məzmun qazanmalıdır". Bu norma üzv ölkələrdən birinə hücum olarsa, qarşılıqlı yardım öhdəliyini nəzərdə tutur.
 
Avropa Şurasının sədri Antonio Koşta mexanizmin işə düşmə qaydalarını müəyyən edən praktiki sənəd hazırlandığını deyib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə vurğulayıb ki, əsas problem öhdəliklərin deyil, onların tətbiq mexanizminin qeyri-müəyyənliyidir. Almaniya kansleri Fridrix Merts əlavə edib ki, Avropa müdafiəsi NATO ilə koordinasiyada gücləndirilməlidir.
 
Yaxın Şərq böhranı və iqtisadi təsirlər
 
Müzakirələr Yaxın Şərqdə artan gərginlik fonunda aparılıb. Aİ xüsusilə Hörmüz boğazı ətrafında gəmiçiliyin təhlükəsizliyinə töhfə imkanlarını nəzərdən keçirir. Bu, 50-dən çox ölkənin iştirak edə biləcəyi çoxtərəfli missiya kimi müzakirə olunur. Koşta qeyd edib ki, "Aİ münaqişənin tərəfi deyil, amma onun həllində rol oynayacaq".
 
Prioritetlərə sərbəst gəmiçiliyin bərpası, davamlı atəşkəs və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması daxildir.
Böhran artıq iqtisadiyyata da təsir edib. Fon der Lyayenin sözlərinə görə, enerji idxalı xərcləri 54 gün ərzində 25 milyard avrodan çox artıb. Eyni zamanda İranla bağlı sanksiyaların yumşaldılması üçün şəraitin yetişmədiyi vurğulanıb.
 
Ukraynaya dəstək və yeni büdcə
 
Aİ liderləri Ukraynaya dəstəyin dəyişməz qaldığını bir daha təsdiqləyib və onun üzvlük prosesinin uzunmüddətli, şərtlərə bağlı olduğunu qeyd ediblər.
Bundan əlavə, 2028-2034-cü illər üçün yeni büdcə müzakirə olunur. Məqsəd ilin sonuna qədər razılaşma əldə etməkdir. Planlara görə, əsas maliyyə mənbələri üzv ölkələrin ödənişlərindən asılı olmayan ümumi vergilər və rüsumlar hesabına formalaşacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər