“Ad çəkmirəm, kim istəyir öz üzərinə götürsün, amma qurdlular, paxıllar da var” - FOTO+ÖZƏL
513
09:19, Bu gün

“Ad çəkmirəm, kim istəyir öz üzərinə götürsün, amma qurdlular, paxıllar da var” - FOTO+ÖZƏL

“Teatrımızda bugünlərdə Əli Əmirlinin “Mesenat” əsərini rejissor Samir Qulamov səhnələşdirdi. Çox ağır bir tamaşa idi. Təxminən 6-7 ay ərzində bu tamaşanı ərsəyə gətirdik. Samir Qulamov bu ağır yükün öhdəsindən gəlməyi bacardı. Burada Hacı Zeynalabdin Tağıyevin ailə həyatından söhbət gedir. Onun obrazından başqa Murtuza Muxtarov, Musa Nağıyev kimi ziyalılarımızın da bu tamaşada rolları var. Mənim oynadığım Musa Nağıyev obrazını bir neçə il əvvəl Akademik Milli Dram teatrında Yaşar Nuri oynayıb. Allah onun yerini cənnət etsin. Teatrın rəhbərliyi və rejissor istəyib ki, bu rolu mən oynayım və mənə həvalə ediblər. Ağamusa Nağıyev bir az baməzə olub, bir az da simicliyi olub. Amma buna baxmayaraq çox böyük binalar, xəstəxanalar tikdirib və bu gün də ölkəmizdə onun tikdirdiyi xəstəxanalar fəaliyyət göstərir. Nədənsə Tağıyevlə bağlı xeyirxah əməllər daha çox bilinir. Amma Ağamusa da, Murtuza Muxtarov da nə ediblərsə gizli ediblər. Bu obrazda bütün bu elementləri göstərməyə çalışdım”.
 
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov deyib.
O daha sonra əlavə edib:
“Mən bu tamaşada bir daha teatrımızın həm gənc, həm orta, həm də yaşlı nəsil aktyorlarının gücünü və istedadını gördüm. İki gün pyemyera oynadıq. Axund obrazını dostum, qardaşım Ələkbər Əliyev, Murtuza obrazını Nadir Xasıyev, Tağıyevin həyat yoldaşı obrazını Türkel xanım, Gülnarə, Ofeliya isə falçı obrazlarını çox gözəl yaratdılar. Gənc aktyorumuz İbrahim Tağıyevin obrazını elə gözəl yaratmışdı ki.. Özü də Mərdəkanlıdır.. O ləhcə, şivə tam yerinə düşdü. Zövq aldım onun obrazından.. Biz bu tamaşanı oynamalı idik. Çünki binamızı da, binamızla üzbəüz bankı da Tağıyev tikdirib. Teatrımız bir zamanlar çökmüşdü.. Sağ olsun ölkə başçısı təmir etdirdi və biz aktyorların istifadəsinə verdi. Təsəvvür edin ki, tamaşaya böyük axın var idi. İynə atsaydın yerə düşməzdi. Xalqın bütün təbəqələrindən insanlar gəlmişdi. 3-cü mərtəbəyə qədər lojalar anşlaq idi, yer yox idi. Bəzi tamaşaçılar stol qoyub oturmuşdular. Tamaşaçılar bizi zaldan buraxmırdılar. May ayının 17-si 3-cü premyeradır. Biletləri kassaya qoyublar, artıq zalımız alınıb, lojaları da alırlar. Mən teatrın rəhbərliyi Aqil müəllim Bəhramova öz minnətdarlığımı bildirirəm. Aprelin 4-də 1 il oldu ki, bizim teatra rəhbər gəlib. Bu kişi 1 ilə 4 tamaşa təhvil verdi. İnşallah yeni mövsümdən də bir yükün altına girirəm. Yeni bir musiqili komediya əsəri hazırlanacaq və orada baş rolda ifa edəcəm”.
Çingiz Əhmədov teatrda salam vermədiyi insanlardan da danışıb. Bildirib ki, o şəxslər hər kəsə paxıllıq edirlər:
“Mən ad çəkmirəm və çəkməyəcəm də. Kim istəyir öz üzərinə götürsün. Orada bir neçə nəfər var. Təbii ki, qısqanclıq var və hətta tamaşaya gəlməyən bir neçə aktyorumuz da oldu. Mən həmişə gənclərə əl tutmağa çalışmışam. Çünki o vaxtkı böyük-kiçiyi görmüşəm, indi onu görmürəm. Paxıllıq edənlər çoxdur. 10 yaşımdan uşaq verilişləri ilə efirdə olmuşam. O vaxt bir kanalımız var idi. Özümə qarşı gördüyüm diqqəti bugünki gənclərə ötürmək istəyirəm. Təbii ki, xainlik, qurdluluq var”, -  deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər