“Azərbaycan dilinin xaricdəki uşaqlara öyrədilməsi üçün müəllim ezam etmək yox, Sİ platformalar yaradılmalıdır…”-EKSPERT
Elm və Təhsil
171
11:01, Bu gün

“Azərbaycan dilinin xaricdəki uşaqlara öyrədilməsi üçün müəllim ezam etmək yox, Sİ platformalar yaradılmalıdır…”-EKSPERT

“ETN  nə vaxta qədər təhsili arxaik, primitiv,  səmərəsiz üsullarla  “irəli”lədəcək?..”  
 
“Bu gün diaspor təhsilinin təşkilində əsas  məsələ  “Neçə müəllim göndərildi?”  kimi  yox, “Azərbaycan dili rəqəmsal gələcəyə niyə hazır deyil?”  kimi  olmalıdır…”
 
"Azərbaycan diasporunda yaşayan uşaqlara ana dilini öyrətmək məqsədi ilə müəllimlərin müxtəlif ölkələrə ezam olunması ideyası 50 il əvvəl  məntiqli görünə bilərdi..."  
 
“Azərbaycan dili üçün  Sİ  əsaslı qlobal təhsil platforması yaratmaq strateji zərurətdir. Bu həm də Borçalıda yaşayan soydaşlarımızın  təhsil sahəsində  35 ildə toplanan problemlərinin həllinə dəstək olar…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Diaspor  təhsilində  niyə innovasiyalar  yoxdur? ETN  niyə  süni intellekt (Sİ)  əsaslı ana dili platforması yaratmır?”   başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
  
“KİV yazır ki,  ETN diasporda yaşayan azərbaycanlı uşaqlara  ana dilinin  tədrisi  üçün 1 illik ezamiyyəyə yollamağa müəllim axtarır.  Amma süni intellekt və distant təhsil dövründə bu,  iynə  ilə yer eşmək kimi görünür.    
 
Süni intellekt əsasında Azərbaycan dilini öyrədən normal distant təhsil platforması yaratmaqla bu məsələni  1-2  ölkədə yox,   bütün dünyada  yaşayan azərbaycanlılar üçün  həll etmək olardı.  
 
ETN  nə vaxta qədər təhsili arxaik, primitiv,  səmərəsiz üsullarla  “irəli”lədəcək?  
 
Süni intellekt əsaslı  Azərbaycan dili  platforması  zəruridir .  
 
Azərbaycan diasporunda yaşayan uşaqlara ana dilini öyrətmək məqsədi ilə müəllimlərin müxtəlif ölkələrə ezam olunması ideyası 50 il əvvəl  məntiqli görünə bilərdi.  XXI əsrin ortalarına yaxınlaşdığımız, süni intellektin təhsili kökündən dəyişdirdiyi bir dövrdə bu yanaşma artıq köhnə modeldir. 
 
Bu  gün dünyada  universitetlər platformaya çevrilir,  Sİ müəllimlərin yaxın köməkçisidir,  adaptiv öyrənmə sistemləri inkişaf edir,  dil öyrənmə tətbiqləri milyonlarla  istifadəçiyə xidmət göstərir.  Belə bir şəraitdə Azərbaycan dilinin xaricdə yaşayan uşaqlara öyrədilməsi üçün  “müəllimi ezam etmək” yox, “rəqəmsal-intellektual platformalar” yaradılmalıdır. Əks halda problem əsaslı həll  edilmir, sadəcə müvəqqəti  idarə edilir…
 
Problemin mahiyyəti...  
 
Problemin  ETN tərəfindən təklif edilən həllinin xüsusiyyəti lokal, fragmentar, bahalı, miqyassız, köhnə idarəetmə məntiqinə əsaslanmasıdır. Bir neçə müəllimin 1-2  ölkəyə  ezam olunması milyonlarla diasporda yaşayan  uşağın ana dili  problemini sistemli şəkildə həll edə bilməz.  Çünki  məsələnin kökündə   “müəllim azlığı” deyil, “təhsil infrastrukturu problemi”  dayanır…  
 
Bəs bu problem dünyada  necə həll edilir?.. 
 
Beynəlxalq təcrübədə bu məsələ Duolingo, Coursera, Khan Academy, Udemy  kimi platformalarla həll edilir,  milyonlarla insana, sərhədsiz, fərdi, Sİ əsaslı  təhsil təqdim  edilir. Artıq dil öyrənmə platformalar üzərindən gedir.  Bəs niyə Azərbaycan dili üçün Sİ əsaslı, adaptiv, çoxdilli, qlobal miqyaslı rəqəmsal platforma yaradılmır?
 
Yeni model necə olmalıdır?..   
 
Sİ əsaslı  Azərbaycan dili platforması yaradılmalıdır.  Belə  platforma  həm öz vətəndaşlarımıza, həm də   diaspor uşaqları, xarici tələbələr, qarışıq ailələr, türk dünyası, Azərbaycan dili öyrənmək istəyən hər kəs  üçün faydalı olardı.   
 
Platformanın əsas funksiyaları
 
1. Sİ müəllim sistemi. 
 
Uşaq 24/7 rejimində, səsli, vizual, interaktiv  Sİ  müəllimlə (tyutorla) danışa bilməlidir.  Sİ  sistemi səhvləri analiz etməli, tələffüzü  korreksiuya etməli, fərdi tədris planı qurmalı, motivasiya yaratmalıdır. 
 
2. Adaptiv öyrənmə.  
 
Hər uşaq fərqli sürət, üsul, psixoloji xüsusiyyətlərlə  öyrənir.  Sİ sistemi səviyyəni ölçməli, uyğun kontent verməli, fərdi inkişaf xəritəsi yaratmalıdır. 
 
3. Oyun texnologiyası (gamification).  
 
Bu  vacib məsələdir. Diaspor uşaqları üçün klassik dərs modelindən fərqli texnologiyalar:  platforma  oyunları,    rəqəmsal avatarlar, yarışlar, sosial motivasiya sistemi təklif edilə bilər.  
 
4. Sİ  danışıq sistemi.  
 
Ən böyük problemlərdən biri uşaqların ana dilini az  eşitməsidir. Platforma Sİ  tərcümə sistemi,  səslərin qarşılıqlı əlaqəsi,  nitq tanıma  sistemləri ilə işləməlidir.
 
5. Çoxdilli interfeys.  
 
Platforma Azərbaycan, rus, ingilis, türk, alman, fransız dilində  interfeyslərinə malik olmalıdır.
 
Platformanın  strateji  üstünlükləri...
 
1. Miqyaslaşma  problemi həll olunur.   Bir müəllim  20–30 uşağa dərs deyə bilər. Sİ  platforması isə milyonlarla istifadəçiyə xidmət edə bilər. 
 
2. Xərc azalır.  Müəllim ezamiyyəti bahalı, davamlı olmayan, inzibati yük yaradan modeldir.   Platforma isə davamlı,  uzunmüddətli  fəaliyyətdir.  
 
3. Keyfiyyət  standartlaşır.  Ənənəvi modeldə müəllimdən müəllimə fərq yaranır.  Sİ platformasında isə vahid metodologiya,  vahid keyfiyyət, vahid kurikulumla işləyir. 
 
4. Data əsaslı idarəetmə yaranır.  Platforma neçə uşağın öyrəndiyini, hansı mövzuda çətinlik çəkdiyini, hansı regionda problemin olduğunu real- vaxtda  göstərə bilər.
 
Bu layihə sadəcə dil layihəsi deyil.  Bu milli təhlükəsizlik, mədəni suverenlik,  rəqəmsal suverenlik, diaspor siyasəti, insan kapitalı layihəsidir.
 
Dilin rəqəmsal gələcəyini yaratmaq  zəruridir.  Əgər Azərbaycan dili Sİ  sistemlərində, “NLP” modellərində, səs texnologiyalarında, təhsil platformalarında güclü təmsil olunmasa,  gələcək nəsillər ana dilində düşünməyəcək, texnologiyanı başqa dillərdə istifadə edəcək.  Bu isə uzunmüddətli  dövrdə  mədəni aşınma yaradır. 
 
IX. Platformanın texnoloji arxitekturasının  əsas komponentləri :
 
A. Azərbaycan dili LLM modeli: dil korpusu,  akademik kontent, danışıq datası, uşaq dili datasetləri. 
 
B. Nitq Sİ: nitq tanıma, tələffüz analizi, səs sintezi.  
 
C. Təlim analitikası:  irəliləyişin izlənməsi,  adaptiv təlim,  Sİ tövsiyə sistemləri.
 
D. Bulud infrastrukturu:   mobil tətbiq,  veb platforma,  oflayn rejim,  qlobal giriş.
 
ETN-nin  səhvi nədədir?   
 
ETN  səhv XXI əsrdə  problemi   XX əsr üsulları ilə həll etməyə çalışmasıdır.  XX əsrdəki  modeldə   müəllim göndərilirdi,  yeni modeldə  platforma quruıur. 
 
Müəllim yenə lazımdırmı?  Bəli.  Amma onun  rolu dəyişir.  Müəllim informasiya ötürən deyil,  mentor,  moderator, motivator,  mədəniyyət daşıyıcısı olmalıdır.
 
Bu layihə necə reallaşa bilər?
 
1-ci mərhələ:  Sİ  Azərbaycan dili platforması, mobil tətbiq, əsas dil modulları.
 
2-ci mərhələ: Sİ  danışıq sistemi, diasporaya inteqrasiya, oyunlaşma.
 
3-cü mərhələ: Virtual Azərbaycan məktəbi, Sİ  repetitor şəbəkəsi, qlobal Azərbaycan təhsil buludu.
 
Kimlər iştirak etməlidir? ETN, Diaspor Komitəsi, XİN,  yerli universitetlər,  şirkətləri,  EdTech startapları, diaspora təşkilatları...
 
Problem texnologiya deyil…  
 
Əsas problem idarəetmə düşüncəsi, strateji baxış, texnoloji vizyon  çatışmazlığıdır.  Azərbaycan  təhsili,  diaspor siyasəti, diaspor təhsili  tədbir yönlü modeldən, platforma yönlü modelə keçməlidir.  Çünki XXI əsrdə dili, təhsili, mədəniyyəti, milli kimliyi  səmərəli qoruyan vasitə  rəqəmsal platformalardır. 
 
Bu gün diaspor təhsilinin təşkilində əsas  məsələ  “Neçə müəllim göndərildi?”  kimi  yox, “Azərbaycan dili rəqəmsal gələcəyə niyə hazır deyil?”  kimi  olmalıdır. 
 
Əgər Sİ əsaslı Azərbaycan dili platforması,  rəqəmsal təhsil infrastrukturu, qlobal  diaspor  təhsili  sistemi yaradılmasa, gələcəkdə ana  dili  istifadəsi zəifləyəcək, mədəni əlaqə azalacaq,  diasporun yeni nəsilləri assimilyasiya riskinə daha çox məruz qalacaq.  Bu səbəbdən  Azərbaycan dili üçün  Sİ  əsaslı qlobal təhsil platforması yaratmaq strateji zərurətdir. Bu həm də Borçalıda yaşayan soydaşlarımızın  təhsil sahəsində  35 ildə toplanan problemlərinin həllinə dəstək olar… 
 
Müəllif:
Dosent İlham Əhmədov 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər