Ukrayna prezidenti Volodimir Zelenski öz komandasına müharibəni mümkün qədər tez bitirmək barədə tapşırıq verib. Bu barədə məlumatı Kiyevdə keçirilən "Təhlükəsizlik Arxitekturası" forumunda çıxış edən Prezident Ofisinin rəhbəri Kirill Budanov səsləndirib.
Maraqlıdır, Zelenskinin müharibənin qışa qədər başa çatdırılması ilə bağlı komandasına verdiyi tapşırıq cəbhədəki hərbi reallıqlardan irəli gələn zərurətdir, yoxsa Kiyevin yeni diplomatik təşəbbüslərə hazırlaşdığını göstərən siyasi mesaj kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib.

Siyasi şərhçi bildirib ki, Ukraynanın son zamanlar bir sıra uğurlu hərbi əməliyyatlarına baxmayaraq, hazırda Rusiya-Ukrayna cəbhəsində tərəflər üçün dönüş nöqtəsi sayılacaq hadisə baş verməyib:
"Ukrayna Rusiyanın enerji infrastrukturunu hədəf almaqla diplomatik masada üstünlük əldə etməyə və Rusiyanı güzəştlərə məcbur etməyə çalışır. Amma görünən odur ki, tərəflər cəbhədə hələ də ənənəvi yanaşmanı-tükəndirmə siyasətini davam etdirirlər. Rusiyanın qarşısına qoyduğu hədəflərə çata və ciddi irəliləyişlər əldə edə bilməsə də, Ukrayna da bir neçə uğurlu əməliyyatlara baxmayaraq işğal altında olan ərazilərin azad edilməsinə nail olmayıb. Bu isə qeyri-müəyyən vəziyyətin davam edəcəyini deməyə əsas verir.
Diplomatik masada nəticənin əldə olunması cəbhədəki vəziyyətə bağlıdır. Cəbhədə isə ciddi dəyişiklik yoxdur. Digər tərəfdən İran müharibəsi Rusiya-Uktrayna müharibəsinə də ciddi təsir göstərdi. ABŞ-nin İranla bağlı vəziyyəti qeyri-müəyyəndir. Ona görə də Ukraynaya ciddi silah yardımı göstərəcəyi inandırıcı deyil, eyni zamanda Rusiya ilə münasibətlərində gərginlik yaşamaq istəmədiyi üçün həlledici addım atmayacaq.
Digər tərəfdən enerji bazarında davam edən dalğalanmaların hazırda Ukraynanın yeganə dəstəkçisi Avropa İttifaqının iqtiasadiyyatına da mənfi təsir edir. Eyni zamanda Rusiya neftinə qoyulan embarqonun aradan qaldırılması Rusiyanın iqtisadi və siyasi imkanlarını genişləndirir. Bu isə Uktrayna üçün müsbət perpektiv vəd etmir. Ona görə də bu il Rusiya-Ukrayna arasında diplomatik nəticə əldə olunacağı inandırıcı görünmür”.
Pərvin Şakirqızı