Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi “Makedon” rolunun ifaçısı Aqil Ağacanov dünən səhər saatlarında vəfat edib.
Moderator.az-a açıqlama verən “Bizim Cəbiş müəllim” filmində Namiq rolunun ifaçısı Ziya Seyidbəyli bildirib ki, həmkarının ölüm xəbərini sosial şəbəkədə öyrənib:
“Aqilin ölüm xəbərini eşitdim. Sözün düzü inanmadım. Daha sonra mənə zəng edib dedilər. Allah rəhmət etsin. Çox təəssüfləndim. Xəstəliyi haqda heç bir məlumatım yox idi. Mənim onunla qətiyyən əlaqəm yox idi. Sonuncu dəfə “Ötən günlər” verilişində görüşmüşdük. Heç telefonda da danışmırdıq. Ailəsini də tanımıram, övladlarını da.. Yas məclisində iştirak edib-etməməyim də sual altındadır. Çünki heç bir əlaqə yoxdur. Zəng edib xəbər göndərsələr əlbəttə ki, gedərəm. Ailəsindən zəng gözləyirəm. Yas yerinin harada olmağı haqda da heç bir məlumatım yoxdur. Kinematoqrafçılar İttifaqının üzvü olmadığına görə heç bir əlaqə qura bilmirik. Adətən filmlərdə aktiv çəkilən və fəaliyyət göstərən sənətkarların şəxsi məlumatları və nömrələri kino ittifaqda olur”.
Müsahibimiz Aqil Ağacanovla münasibətlərinin soyuqluğuna da aydınlıq gətirib:
“Allah Aqilə rəhmət etsin. Biz tamam fərqli insanlar idik. O Pirşağıda yaşayırdı, mən Bakının mərkəzində. Bizim görüşməyimiz alınmırdı. Məsafələr bizi heç cür bir araya gətirə bilmirdi. Onun öz həyatı var idi, mənim də öz həyatım. Hərəmiz bir peşə ilə məşğul idik. O kababçı işləyirdi. Vaxtilə bizim Pirşağıdakı bağımıza tez-tez gəlirdi. Atam da orada görüb onu filmə çəkmişdi. Əslində onun filmə dəvəti ilə bağlı müəyyən versiyalar var. Bu məsələni bu günlərdə qaldırmaq istəməzdim, Aqil necə deyibsə elə də olsun”.