Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Siyasət
158
11:39, Bu gün

Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

İyunun 3-də ölkəmizdə Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində" adlı beynəlxalq konfrans keçiriləcək.
 
Moderator.az-a bu barədə BTQ-dən məlumat verilib.
 
Bildirilib ki, Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılacaqlar. Tədbirdə, həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcəklər.
 
Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə siqh və dalit diasporlarının nümayəndələri və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunacaq. Eyni zamanda, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılacaq. Bununla yanaşı, 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Hindistan tərəfindən siqh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilən silahlı hücumlar, zorakılıq aktları və minlərlə günahsız insanın həlak olması faktlarına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistan hökumətinin etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə əməl etməsi məsələləri ətrafında müzakirələr aparılacaq.
 
1984-cü ilin iyun ayının əvvəllərindən etibarən Hindistan hökuməti tərəfindən siqh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı həyata keçirilmiş silahlı hücum siqh icmasının dini-mənəvi dəyərlərinə, ibadət azadlığına və tarixi-mədəni irsinə qarşı yönəlmiş dövlət səviyyəsində təşkil edilmiş zorakılıq aktıdır. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələri əsasında toplanmış məlumatlara əsasən, silahlı hücum nəticəsində Amritsar və ətraf şəhərlərdə səkkiz minə qədər mülki şəxs həyatını itirib.
 
Qeyd edək ki, cari ilin mart ayında Bakı Təşəbbüs Qrupu və "Sikh Federation International" tərəfindən birgə hazırlanmış "Sərhədləri aşaraq: Siqh diasporuna qarşı Hindistanın transmilli repressiyası" adlı hesabatda Hindistan hökumətinin ölkədən kənarda yaşayan diaspor nümayəndələrinə qarşı repressiv siyasəti və 1984-cü il Amritsar hadisələri barədə faktlar öz əksini tapıb.
 
İyunun 2-də konfransda iştirak edəcək qonaqlar Atəşgah Məbədi kompleksinə səfər edəcəklər və qonaqlara XVII-XVIII əsrlərdə Hindistandan gələn siqh tacirləri və zəvvarlarının, siqhizmin banisi Guru Nanakın səfər zamanı ziyarət etdiyi və dini ayinlər yerinə yetirdiyi məbədin zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat təqdim olunacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər