WUF13 Ermənistanın mina terrorunun ifşasında mühüm rol oynayıb
Ekskluziv
664
21:07, Bu gün

WUF13 Ermənistanın mina terrorunun ifşasında mühüm rol oynayıb

17-22 may tarixlərində Bakıda keçirilən və bütün dünyada böyük marağa səbəb olan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) bəşəri maraqlarla yanaşı, milli maraqlarımızın təmini baxımndan da mühüm rol oynayıb. Forum çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təmsilçiləri ölkəmizin erməni faşizminə qarşı apardığı mübarizədən söz açıb, respublikamızın bu gün də mina terroru ilə üz-üzə qaldığına, işğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənmə prosesinin davam etdiyinə diqqət çəkib. Bu baxımdan Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışı xüsusilə əlamətdardır.

Xatırladaq ki, dövlət başçısı açılış mərasimindəki çıxşında Azərbaycanın işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi nəhəng quruculuq işlərinə diqqət çəkməklə yanaşı, erməni vəhşiliyinə, eləcə də mina terroruna toxunaraq deyib:

“... hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq”.( https://president.az/az/articles/view/72401 )

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də WUF13 çərçivəsində keçirilən QHT forumundakı çıxışında mina problemindən bəhs edib. Azad edilmiş ərazilərdə 10 min kv/km ərazinin minalarla çirkləndiyinə diqqət çəkən çəkən Hikmət Hacıyev, həmin ərazilərin minalardan təmizlənməsində QHT-lərin də imkanlarından istifadə olunduğunu bildirib.

Bu və digər nümunələr sübut edir ki, Azərbaycan WUF13-ün imkanlarından Ermənistanın mina terrorunun ifşasında uğurla istifadə edib, bütün dünyanın diqqətini bir daha mina terroru və onun ağır fəsdalarına cəlb edib.

Mina terroruna qarşı səmərəli mübarizə üçün beynəlxalq həmrəyliyin təmin edilməsinin vacibliyi də Azərbaycan tərəfindən bir daha bütün iştirakçıların diqqətinə çatdırılıb. Dünya birliyi, beynəlxalq ictimaiyyət bir daha erməni faşizminin vəhşilikləri, eləcə də mina terroru haqqında ətraflı şəkildə məlumatlandırılıb ki, bu da dövlətimizin növbəti uğuru, növbəti nailiyyətidir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər