Qəbiristanlıqların minalanması erməni faşizminin anti-insani mahiyyətindən xəbər verir
Ekskluziv
259
19:57, Bu gün

Qəbiristanlıqların minalanması erməni faşizminin anti-insani mahiyyətindən xəbər verir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxış edib. Çıxışında Ermənistanın mina terroruna diqqət çəkən ANAMA yetkilisi ermənilərin ən çox mina basdırdığı ərazilərdən birinin də qəbiristanlıq olduğunu qeyd edib:

“Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi”.

Samir Poladovun sözlərindən məlum olub ki, ermənilər həm də meşə sahələrində, su quyularında mina-tələlər basdırıb, partlayıcı mexanimzlər quraşdırıblar:

“Mina və partlayıcı qurğular təkcə torpağın altında deyil, həmçinin meşəlik sahələrdə, ağacların üzərində və budaqlarında da yerləşdirilib. Daha bir fəlakətli məqam isə kəhriz quyuları ilə bağlıdır. Vaxtilə yerli əhalinin yeganə içməli su mənbəyi olan bu kəhriz quyularının içərisində, xüsusi şüşə butulkaların daxilində partlayıcı mexanizmlər quraşdırılıb. Üstəlik, demək olar ki, hər bir kəhriz sisteminin yaxınlığında qanunsuz hərbi bunkerlər yerləşdirilmişdi ki, bu da bərpa və təmizləmə işlərini ciddi şəkildə çətinləşdirir”.

Samir Poladovun WUF13 çərçivəsində təşkil olunan tədbirdə səsləndirdiyi bu fikirlər erməni faşizminin terrorçu xislətini ifşa etməklə yanaşı, həm də son dərəcə anti-insani mahiyyət kəsb etdiyini isbat edir. Minaların cəbhə xəttində  - hərbi əməliyyat meydanında deyil, qəbiristanlıqlarda – insanların öz doğmalarının məzarlarını ziyarət etdiyi müqəddəs bir məkanda basdırılması sübut edir ki, erməni vəhşiliyi heç bir sərhəd tanımır. Erməni faşizmi öz bədxah niyyətinə çatmaq üçün bütün insani-mənəvi prinsiplərə asanlıqla arxa çevirir, ən ikrahedici vasitələri belə bu yolda məqbul sayır. ANAMA nümayəndəsinin açıqlaması bu həqiqətin ən bariz nümunəsidir.

Ermənilərin qəbiristanlıqları minalaması onların, onun həm də anti-dini mahiyyətinə dəlalət edir.

Hər kəsə məlumdur ki, səmavi dinlərin hamısında qəbiristanlıqlar müqəddəs sayılır. Heç bir din ölülər üçün son mənzil, dirilər üçün görk olan bu məkanda nəinki kimisə qətlə yetirməyi, ümumiyyətlə, hər hansı zülm, zorakılıq və s. sərgiləməyi qəti qadağan edir. Lakin ermənilərin qəbiristanlıqları mina zonalarına çevirməsi göstərir ki, özlərini “antik xristian” adlandıran ermənilər, əslində, “din” və “Allah” məfhumundan tamamilə uzaqdırlar. Erməni faşizmi üçün yeganə “din” “Böyük Ermənistan” xülyasıdır. Hansı ki, bu xülya qurulduğu ilk gündən ölümə məhkumdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi 8 Noyabr zəfəri bunun ən böyük isbatıdır.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər