“Seçkilərdən sonra Ermənistanda silahlı toqquşmaların da baş verə bilər...”
Ekskluziv
296
13:13, Bu gün

“Seçkilərdən sonra Ermənistanda silahlı toqquşmaların da baş verə bilər...”

“Paşinyanın fiziki məhvi də ən son zərurət kimi masaya  qoyula bilər. Artıq...”
 
“İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili gərginlik və qarşıdurma da artmaqdadır. İqtidarla müxalifət arasında gedən mübarizə artıq siyasi etik çərçivədən çıxıb. Namizədlər ən sərt ritorikadan belə çəkinmirlər. Xarici təzyiqlər, ələlxüsus da Moskvanın artan təzyiqləri erməni cəmiyyətini parçalayıb və qütblərə bölüb. Rusiya Robert Köçəryan və Samvel Karapetyanın simasında özünün namizədlərini açıq şəkildə dəstəkləməklə prosesləri maraqlarına uyğun şəkilləndirməyə çalışır.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Paşinyan hakimiyyəti Moskvanın real təhlükəsini anlayaraq münasibətləri həlmləşdirmək xətti götürüb. Baş nazirin Rusiya ilə bağlı sonuncu mətbuat konfransında söylədikləri göstərir ki, ehtiyatlı yanaşma hələ uzun müddət davam edəcək və Ermənistanın Moskvanın orbitindən çıxmaq halı olmayacaq. Paşinyana həm daxildən, həm də Rusiyadan böyük təzyiqlər var. Kreml erməni apostol kilsəsini də onun əleyhinə proseslərə cəlb edib”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Əli Orucov bu qənaətdədir ki, Moskvadan yürüdülən strategiya eynidir: 
 
“Türkiyə və Azərbaycan xofunu dərinləşdirmək, özünü xilaskar obrazında təqdim etmək və tarixin zibilliyinə atılmış "Dağlıq Qarabağ" mövzusunu maksimum qabardıb gündəmə gətirmək. Paşinyanın rəqiblərinin Rusiyadan aldıqları təlimatla apardıqları təbliğatın ana xəttini də məhz bu mövzular təşkil edir. Bu, təxribatdır və Ermənistanı uçuruma aparır. Paşinyan da təxribatın haradan qaynaqlandığı bildiyindən son günlər buna qarşı aqressiv münasibət göstərir...” 
 
“Rusiyanın Ermənistanda keçiriləcək seçkilərdə  məqsədi maksimum öz sadiq əlaltılarından birini baş nazir qismində hakimiyyətə gətirmək, bu alınmayanda isə  revanşist müxalifəti parlamentdə möhkəmlətməklə, kreslo saylarını artırmaqla iqtidarı daim təzyiq altında saxlamaq, onun əl-qolunu bağlamaqdır... 
 
Düşünürəm ki, seçkilərdən sonra Ermənistanda vətəndaş qarşıdurması və hətta silahlı toqquşmalar da baş verməsi mümkündür. Paşinyanın fiziki məhvi də ən son zərurət kimi masaya  qoyula bilər. Artıq ilk xəbərdarlıqlar edilib. Ona görə də Azərbaycan bütün ssenarilərə görə hazıqlıqlarını görməlidir”, - siyasi şərhçi vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər