Hikmət Hacıyevin təxribatçı qüvvələrlə bağlı açıqlaması hansı mətləblərdən xəbər verir?
19 may 2026-cı il tarixində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında beynəlxalq tədbirlər zamanı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarından bəhs edib, yaxın keçmişlə bağlı konkret faktlara diqqət çəkib. Hikmət Hacıyev COP29 zamanı da bu cür halların müşahidə edildiyini bildirib:
“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik”.
Hikmət Hacıyevin açıqlamasından məlum olduğu kimi, ölkəmiz uzun müddətdir ki, təxrbatçı qüvvələrin yalan və böhtanlarının hədəfinə çevrilib. Heç bir əsası olmayan, hər hansı fakta söykənməyən ittihamlarla Azərbaycanı gözdən salmağa çalışan bu qüvvələr, bununla məkirli niyyətlərinə nail olmağa, öz ağalarına yarınmağa çalışırlar. Lakin Azərbaycan dövlətinin apardığı fasiləsiz mübarizə, xalqın bu mübarizədə dövlətlə birlikdə sərgilədiyi həmrəylik təxribatçı qüvvələrin bütün səylərini heçə endirməkdə, onların bütün müstəvilərdə ifşası ilə nəticələnməkdədir.
Hikmət Hacıyevin 19 may tarixində verdiyi açıqlamada diqqət çəkən əsas məqamlardan biri də qarayaxma kampaniyası aparan qüvvələrə ayrılan vəsaitlərin azalması ilə bağlıdır.
Maraqlıdır, illərdir anti-Azərbaycan güclərinin əlində alət olan bu qüvvələrə ayrılan vəsaitin azalması nə ilə bağlıdır? Niyə vaxtiylə xarici qrantlar hesabına gen-bol bəslənən və qrant layihələri adı altında ölkəmizə qarşı şər kampaniyası aparan bu qüvvələrə daha az vəsait ayrılır?
Anti-Azərbaycan dairələr tərəfindən manipulyativ qüvvələrə ayrılan vəsaitin azalmasına səbəb dövlətimizin bu qüvvələrə qarşı apardığı mübarizənin effektivliyidir. Çünki bu qüvvələr və onların böhtan kampaniyaları mütəmadi şəkildə rəsmi Bakı tərəfindən təkzibedilməz faktlarla sübut edilib, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Külli miqdarda vəsait qarşılığında Azərbaycana qarşı heç bir uğurun əldə edilməməsi, media və sosial media müstəvisində ölkəmizə qarşı aparılan kampaniyaların davamlı uğursuzluğu manipulyativ qüvvələrin gərəksizliyini, heç bir real təsir imkanına malik olmadığını sübut edir. Məhz bu səbəbdən də kənar təsir mərkəzlərinin təxribatçı qüvvələrə ayrılan vəsait də onlarla bağlı gözləntilər kimi azalmaqdadır. Bu isə Azərbaycan dövləti, Azərbaycan xalqı adına böyük uğur, tarixi nailiyyətdir. Bu uğur bir daha sübut edir ki, xalqla dövlətin həmrəyliyi qarşısında bütün düşmənlər məğlub olmağa məhkumdur!.
Seymur ƏLİYEV