Ekskluziv
353
14:43, Bu gün

"Vaxt daralır": Tramp və Netanyahu İranla yeni müharibə mərhələsini müzakirə edib - BBC

 
ABŞ prezidenti Tehrandan yeni təklif gözləyir, əks halda daha sərt zərbələrlə hədələyir...
 
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu İran ətrafında yaranmış gərginliyi telefon danışığında müzakirə ediblər. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumata görə, tərəflər Tehrana qarşı hərbi əməliyyatların yeni mərhələyə keçməsi ehtimalını da nəzərdən keçiriblər. Tramp Netanyahuya bildirib ki, Vaşinqton hələ də İranın razılaşmaya maraqlı olduğunu düşünür. Lakin o xəbərdarlıq edib ki, Tehran nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini qəbul etməsə, "çox ağır zərbə" alacaq. "Biz razılaşma istəyirik, amma iranlılar hələ istədiyimiz nöqtədə deyillər. Əks halda, onları indiyədək görünməmiş şəkildə vuracağıq", - Tramp deyib.
 
Tehran yeni təklif göndərib
 
"Reuters"in yaydığı məlumata görə, Pakistan vasitəçiləri İranın yenilənmiş təklifini artıq ABŞ-yə çatdırıblar. Lakin İran Xarici İşlər Nazirliyi uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcəklərini açıq şəkildə bəyan edib. İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran hazırda həm müharibənin dayandırılmasına, həm də nüvə məsələsində öz hüquqlarının qorunmasına fokuslanıb.
 
Bu arada Tramp sosial şəbəkədə İrana yönəlmiş sərt mesajlarını davam etdirib. O, "Truth Social" platformasında Yaxın Şərq xəritəsi paylaşaraq İranın müxtəlif istiqamətlərdən hədəfə alındığını göstərən görüntü yayıb. Bundan əvvəl isə Tramp süni intellektlə hazırlanmış, özü "qırmızı düymə"yə basarkən ətrafda partlayışların göründüyü görüntü paylaşıb.
 
Körfəzdə gərginlik artır
 
Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri son sutkada ölkəyə daxil olan üç pilotsuz aparatın araşdırıldığını açıqlayıb. Rəsmi məlumata görə, dronlardan biri Əl-Dafra bölgəsində yerləşən "Baraka" atom elektrik stansiyası yaxınlığındakı generatoru vurub və yanğın baş verib.
 
Beynəlxalq Atom Enerjisi Agentliyi vəziyyəti izlədiyini bəyan edib. Əbu-Dabi isə radiasiya təhlükəsinin olmadığını açıqlayıb. Səudiyyə Ərəbistanı hücumu pisləyərək bunun regionun təhlükəsizliyi üçün təhdid olduğunu bildirib.
 
Vaşinqtonda narahatlıq artır
 
ABŞ mediasının məlumatına görə, Tramp yaxın günlərdə təhlükəsizlik komandası ilə yenidən toplantı keçirəcək. Müzakirələrdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və MKİ direktoru Con Retkliff də iştirak edib. Mənbələr bildirir ki, Ağ Ev İrana qarşı yeni zərbələr variantını ciddi şəkildə nəzərdən keçirir. 
 
Bununla yanaşı, Vaşinqtonda müharibənin uzanmasının yanacaq qiymətlərini artıracağı və Respublikaçılar Partiyasının 2026-cı il seçkilərində mövqelərini zəiflədə biləcəyi ilə bağlı narahatlıq da artır. ABŞ kəşfiyyatına yaxın mənbələr isə hesab edir ki, Tehran hazırda "vaxt udmaq" strategiyası yürüdür və prosesin ən azı bir neçə həftə uzanmasına çalışır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər