“Deyirlər ki, tarı dizdən sinəyə Sadıqcan qaldırmayıb”-Sadıqcanın kötücəsindən ETİRAZ+ÖZƏL+FOTO
Ekskluziv
568
20:47, Bu gün

“Deyirlər ki, tarı dizdən sinəyə Sadıqcan qaldırmayıb”-Sadıqcanın kötücəsindən ETİRAZ+ÖZƏL+FOTO

“Bilirsiniz ki, bu il Sadıqcanın 180 illik yubileyidir. Sadıqcanın xatirəsi bugünlərdə Musiqi Mədəniyyəti Dövlət muzeyində yad edildi. Tədbir çox gözəl təşkil olunmuşdu. Muğam ustadları, tanınmış alim və professorlar, musiqişünaslar çıxış edirdilər. Sonra ailəmiz adından Sadıqcan və Mir Mövsüm Nəvvabın nəticəsi, bəstəkar Nəvvab Sadıqova və mənə söz verildi. Mən bu tədbirdən və təşkilatçılıqdan çox razı qaldım. Bu tip tədbirləri 180 illik yubiley ərəfəsində keçirmək çox lazımlı və vacibdir. Bilirsiniz ki, Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirib. O tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirib. Sadıqcanın Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, “Segah” və “Mirzə Hüseyn Segahı” təkmilləşdirib, “Mahur” muğamını yaxşılaşdırıb”
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, məşhur tarzən Sadıqcanın kötücəsi, şair-publisist Elxan Cəfərov deyib. O daha sonra əlavə edib:
 
“Sadıqcanla bağlı məni narahat edən bəzi məqamlar var. Yubiley tədbirində bir professor çıxış edərək bildirdi ki, guya tarı dizdən sinəyə Sadıqcan qaldırmayıb. Bu insan özü professor adı daşıyır və Azərbaycan tarının atası Sadıqcana qarşı belə əsassız iddialar irəli sürür! O iddia edir ki, bu yeniliyi İranda hansısa tarzən edib. Əlbəttə ki, çıxışımda bu söhbətə etirazımı bildirdim və fikrimi əsaslandırdım. Sadıqcanın adı ilə bağlı olan mövzunu İrana bağlamaq sizə nə verir ki?! Sadıqcan tarı dizdən sinəyə qaldırmaqdan başqa üstəlik muğam üçlüyü yaradıb.. Əlbəttə ki, bu mövzuda Mir Mövsüm Nəvvabın da əvəzsiz xidmətləri olub. Mir Mövsüm Nəvvabın əlahiddə fəaliyyətini tədqiq etmək mümkün olsa da, Sadıqcanın fəaliyyətini dərindən tədqiq etmək hələ də mümkün deyil. O zaman mən həmin adama belə bir sual verim. Əgər bu yenilik orada olubsa, İran icazə verərdimi bu tar aləti Azərbaycanın adına getsin?! Bu mövzu ilə ikinci dəfədir rastlaşıram. Bu insan alimdir. Alim əgər belə iddialı çıxış edirsə, o mütləq başqa və əsas mənbələrə istinad etməlidir. Sadıqcanla bağlı bir neçə kitabların müəllifiyəm. Mən kitabları tərtib edəndə korifeylərin, hətta xarici ekspertlərin rəylərinə əsaslanıb nələrsə yazmışam. Özümdən heç nə əlavə etməmişəm. Tədqiqatçı özbaşından nəsə deyə bilməz. Sadıqcanın yaratdığı tar unikal idi. Bu alimlər əsaslı danışmalıdırlar. Vaxt var idi Sadıqcanı erməni sənətkarı da etmək istəyirdilər.
 
Biz mübarizə apardıq və Sadıqcanın Azərbaycan sənətkarı olduğunu sübuta yetirdik. Sadıqcan haqda görün nə qədər korifey sənətkarın onun tar alətində etdiyi yeniliklər haqda məqalələri və əlyazmaları var. Onda belə çıxır ki, həmin korifeylər səhv yazıblar?! Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Firudin Şuşinski, Ramiz Quliyev yalan danışıblar? Bu doğru olmayan fikirdir. Yeri gəlmişkən mən bir neçə kitabımın çap olunmasında, Sadıqcanın 170 illik yubileyinin Beynəlxalq Muğam Mərkəzində keçirilməsində və ümumilikdə Sadıqcan sənətinə göstərdiyi diqqət və verdiyi dəyərə Mədəniyyət Nazirinin müavini, xalq artisti Murad Hüseynova təşəkkür edirəm” deyə o bildirib.
 
Elxan Cəfərov Sadıqcanın Şuşadakı ev muzeyinin aqibətindən də danışıb:
 
“Bilirsiniz ki, Şuşanın mərkəzində Sadıqcanın ev muzeyi restovrasiya olunur. Biz əlbəttə ki, bu ev muzeyinin təntənəli açılışını gözləyirik. Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovla mütəmaddi əlaqə saxlayıram və muzeyin təmiri istiqamətində görülən işlərlə yaxından maraqlanıram. Aydın müəllim və oradakı nümayəndəliyin əməkdaşları da əllərindən gələni edirlər ki, muzey tez bir zamanda istifadəyə verilsin. Belə düşünürəm ki, yəqin ki, avqust ayında muzeyin təmiri tam bitəcək. İş təkcə bununla bitmir ki?! Evin içini də bəzəmək lazımdır.
 
Mədəniyyət Nazirliyi də səfərbər olmalıdır. Məni narahat edən digər bir məsələ Sadıqcanın məzarı ilə bağlıdır. Bilirsiniz ki, Sadıqcanın ikinci oğlunun və gəlininin məzarını tapılıb, amma böyük oğlunun-bizim ulu babamızın və Sadıqcanın məzarı hələ də tapılmayıb. Bura aidiyyatı qurumlar cəlb olunmalıdır. Biz bilirik ki, Sadıqcan və digər övladları da ailə qəbirstanlığında dəfn olunublar. Bu məzarların tapılması 180 illik yubiley ərəfəsində çox yerinə düşərdi. Təsəvvür edirsiz, insanlar muzeyi ekskursiya edəndən sonra Sadıqcanın və ailəsinin məzarını ziyarətə gedirlər?! Bunun özü böyük və mədəni hadisə ola bilər” deyə o bildirib.
 
Elxan Cəfərov Sadıqcanın tələbələrindən birinin tarının Şəkidəki muzeylərdən birində qorunduğunu iddia edir:
“Şuşada Aydın Kərimovla görüşümdə də bu haqda məlumat vermişdim. O tarı araşdırıb tapmaq gözəl hadisə olardı. Çünki Sadıqcanın dövründən qalmış tar xalqın milli sərvətidir. O tarın aqibətindən xəbərim yoxdur, amma eşitmişdim ki, muzeylərdən birində qorunur. Əlbəttə ki, tar tapılsa, onu ev muzeyində eksponat kimi qorumaq olar. Səadət Abdullayevanın çox dərin əsərləri var. Orada göstərilir ki, Azərbaycanın bölgələrində qədimi tarlar var. O tarlardan bəzilərini bu ev muzeyində nümayiş etdirmək olar. Bildiyimə görə Qurban Pirimovun da tarı qalıb. Sadıqcan Bakıda məşhur Mansurovlar ailəsi ilə çox yaxın dostluq münasibətində olub. Mansurovlar ailəsi sırf onun yolu ilə gedib və eynilə Sadıqcan kimi ifa ediblər. Mansurovlar onun sirli metodunu götürüblər. Bu ailənin tarı da qalmış olsa ev muzeyində nümayiş oluna bilər” deyə o bildirib.
 
Elxan Cəfərov Sadıqcanın zəhərlənərək öldürülməsindən də danışıb:
 “Sadıqcanın gəlini mənim anamın nənəsi olub. O vaxt deyirdilər ki, guya Sadıqcanı Şamaxı toyunda ermənilər zəhərləyiblər. Amma anamın nənəsi danışırmış ki, Sadıqcanı Şamaxının tanınmış tarzəni Hümayının gözü götürmürdü. Mahmud ağa o vaxt Sadıqcanı Şamaxıya qonaq çağıranda bunun xoşuna gəlməyib. Çünki Hümayı özünə Sadıqcanı böyük rəqib görürdü. Mir Mövsüm Nəvvab hər şeyi öncədən bilirdi.. Onda belə bir öncəgörücülük var idi. O Sadıqcana Şamaxıya getməyi məsləhət bilməyib. Amma Sadıqcan onun sözünə qulaq asmayıb. Sadıqcan toya gedib və zəhərlənərək qayıdıb. Sadıqcanı mən görməsəm də onun ruhunu özümdə hiss edirəm. Anamın nənəsi danışırmış ki, Sadıqcan Şuşaya gəlir və 3 gün qan qusur. Bu hadisədən sonra o qəfil vəfat edir. Mənim anamın, Sadıqcanın kötücəsi Afina xanımın 94 yaşı var. Ən böyük arzusu Şuşaya gedib, babasının yurdunu ziyarət etməkdir. Çünki anam Sadıqcanın evində dünyaya göz açıb. Allah etsin ki, o da babasının yurdunu gedib görsün. İnanın ki, hər dəfə Şuşanın görüntüsünü görəndə gözləri dolur, fərəhlənir” deyə o Elxan Cəfərov bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər