Dünya
175
21:42, Bu gün

"Avropa Türkiyəni yenidən xatırladı: Ankaraya yeni təhlükəsizlik rolu təklif olunur" - "Hürriyet"

"ABŞ-nin NATO-dakı əvvəlki rolundan uzaqlaşması Avropanı Türkiyə ilə daha sıx hərbi əməkdaşlığa məcbur edir..."

Türkiyənin Avropanın gələcək təhlükəsizlik arxitekturasındakı rolu yenidən gündəmə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.

Avropa yeni müdafiə sistemi qurmağa çalışır

Nəşr yazır ki, Ukrayna müharibəsi və ABŞ-nin NATO ilə bağlı dəyişən siyasəti fonunda Avropa ölkələri Ankara ilə daha yaxın müdafiə əməkdaşlığına ehtiyac duyur. Mövzu İstanbulda keçirilən 29-cu Avrasiya Sammitində də müzakirə olunub. Böyük Britaniya Lordlar Palatasının üzvü Cek Makkonnell və Avstriyanın keçmiş müdafiə naziri Verner Fasslabend bildiriblər ki, Türkiyə olmadan güclü Avropa müdafiə sistemi qurmaq mümkün deyil.

"Türkiyə Avropa üçün strateji körpüdür"

Makkonnellin sözlərinə görə, Türkiyə Şərqlə Qərb arasında strateji mövqeyə malikdir və onun Avropanın təhlükəsizlik sisteminə inteqrasiyası kritik əhəmiyyət daşıyır. O hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqından ayrıldıqdan sonra qurmağa çalışdığı yeni müdafiə modeli gələcəkdə Türkiyə ilə Avropa İttifaqı arasında da tətbiq oluna bilər.

Siyasətçi vurğulayıb ki, Türkiyə yalnız coğrafi mövqeyinə görə deyil, həm də hərbi gücü və əməliyyat imkanlarına görə Avropa üçün vacib tərəfdaşa çevrilib. Onun fikrincə, "Eurofighter" qırıcılarının satışı ilə bağlı qərarlar da Londonun Ankaraya münasibətini göstərir.

Türkiyə Avropanın müdafiə mərkəzinə çevrilir

Avstriyanın Avropa Təhlükəsizliyi İnstitutunun rəhbəri Fasslabend isə bildirib ki, Türkiyəni Avropa təhlükəsizlik sistemindən kənarda təsəvvür etmək artıq mümkün deyil. Onun sözlərinə görə, Ankara müdafiə sənayesi və texnoloji imkanları ilə Avropada getdikcə daha mühüm hərbi mərkəzə çevrilir.

Məqalədə qeyd olunur ki, Avropanın Türkiyəyə marağının əsas səbəblərindən biri də Rusiyadan qaynaqlanan risklərin artmasıdır. Makkonnell hesab edir ki, Ukraynadakı müharibə gələcəkdə Baltikyanı ölkələr və Şərqi Avropa üçün də təhlükələr yarada bilər.

Ekspertlərin fikrincə, uzun illər təhlükəsizlik məsələlərində ABŞ-dən asılı olan Avropa indi öz müdafiə sistemini daha müstəqil şəkildə qurmağa çalışır. Fasslabend bildirir ki, Ukrayna müharibəsi, Yaxın Şərq böhranı və Donald Tramp dövründə NATO ilə bağlı yaranan qeyri-müəyyənlik qlobal təhlükəsizlik sistemini dəyişib.

Onun sözlərinə görə, NATO hələ də fəaliyyət göstərsə də, əvvəlki qədər sabit görünmür. Buna görə Avropa gələcək böhranlarda təkbaşına hərəkət edə biləcək müdafiə potensialı formalaşdırmağa çalışır və bu prosesdə Türkiyə əvvəlkindən daha vacib tərəfdaşa çevrilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər