WUF13 Azərbaycana hansı strateji üstünlükləri qazandıracaq? – Deputatdan açıqlama
Ekskluziv
582
16:06, Bu gün

WUF13 Azərbaycana hansı strateji üstünlükləri qazandıracaq? – Deputatdan açıqlama

Müasir dövrdə şəhərlərin sürətli inkişafı və urbanizasiya proseslərinin genişlənməsi dövlətləri yeni idarəetmə mexanizmləri formalaşdırmağa vadar edir. Xüsusilə iqlim dəyişiklikləri, demoqrafik artım və təhlükəsizlik çağırışları əsasında dayanıqlı şəhər konsepsiyası artıq qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan beynəlxalq şəhərsalma platformaları müxtəlif ölkələrin təcrübə mübadiləsi aparması və ortaq yanaşmalar formalaşdırması üçün mühüm rol oynayır. Ölkəmizdə keçiriləcək WUF13 tədbiri Azərbaycanın beynəlxalq urban inkişaf gündəliyində mövqeyini gücləndirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. 

Maraqlıdır, bu cür qlobal tədbirlərin keçirilməsi şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində ölkəmizə hansı konkret strateji və praktiki üstünlükləri qazandıra bilər və bu imkanlardan maksimum istifadə üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı,Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Platformasının baş katibi Azər Allahverənov açıqlama verib. 

Deputat qeyd edib ki, Şəhərsalma Forumu öz formatına görə COP tədbirlərindən sonra ikinci ən mühüm platformalardan biri hesab olunur və böyük əhəmiyyət kəsb etdiyi danılmazdır:

"Bu platforma bu gün dünyanı narahat edən urbanizasiya proseslərinin effektiv idarə olunması ilə bağlı fikir mübadiləsinin aparılması üçün nəzərdə tutulub. İndiki şəraitdə şəhərləşmənin və şəhərsalma proseslərinin sürətlə artdığı bir dövrdə bir çox məsələlərin daha qabarıq şəkildə özünü büruzə verdiyi də məlumdur. Məsələn, inklüzivliyin təmin olunması, dayanıqlı inkişafın qorunması şübhəsiz ki, şəhərsalma strategiyasının əsas qayəsini təşkil edən məsələlərdəndir.

Bu baxımdan Şəhərsalma Forumu keçirilən zaman həm dünyada mövcud olan qabaqcıl modellərin nəzərdən keçirilməsi, həm də dünyanı narahat edən və xüsusilə şəhərsalmanın təsiri altında meydana çıxan bir çox aktual məsələlərin diqqət mərkəzində saxlanılması, onların praktik həll yolları ətrafında fikir mübadiləsinin aparılması olduqca vacibdir. Azərbaycan da burada kifayət qədər böyük təcrübəyə malik tərəf kimi çıxış edir. Çünki əsas mühüm məsələlərdən biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası və görülən işlərin əhəmiyyətidir".

Azər Allahverənov onu da vurğulayıb ki, biz burada təhlükəsizlik məsələləri ilə yanaşı, infrastruktur və nəqliyyat layihələrinin də həyata keçirildiyini görürük:

"Hətta bir çox göstəricilərə görə Azərbaycan modeli kifayət qədər örnək ola biləcək bir modeldir. Çünki çox qısa müddətdə beynəlxalq hava limanlarının inşa olunması, təhlükəsizlik mühitinin formalaşdırılması, iqtisadiyyatın ayrı-ayrı seqmentlərinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçidin təmin olunması və bu əsasda işğaldan azad olunmuş regionun potensialından geniş şəkildə istifadə edilməsi, rəqəmsal texnologiyaların, xüsusilə ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi baxımından Azərbaycan həqiqətən də dünya üçün örnək ola biləcək bir model ortaya qoyub.

Azərbaycan həmin tədbirdə məhz bu modellərlə iştirak etməklə dünyaya özünəməxsus, ümumbəşəri mahiyyət daşıyan və dəyərlər sistemini özündə ehtiva edən bir yanaşma nümayiş etdirir. Bu isə dünyanın mütərəqqi qüvvələri tərəfindən geniş şəkildə dəstəklənməklə yanaşı, yüksək səviyyədə təqdir olunur. Xüsusilə burada Qlobal Cənub platformasının fəallığını qeyd etməyi vacib hesab edirik. Məlumdur ki, Qlobal Cənub platforması dünya əhalisinin təxminən 80 faizini təmsil edən ölkələri əhatə edir".

Millət vəkili əlavə edib ki, bu baxımdan məhz Qlobal Cənubun, o cümlədən Türk Dövlətləri Təşkilatı və digər regional təşkilatların fəallığını xüsusi vurğulamaq lazımdır:

"Bu isə təbii olaraq Şəhərsalma Forumunun keçirilməsinin effektivliyini və əhəmiyyətini daha da artıran mühüm amillərdəndir.
Şəhərsalma Forumunda qaldırılan bir çox məsələlər sonrakı mərhələdə şəhərsalma strategiyasının daha da inkişaf etdirilməsi üçün müəyyən qərarların qəbul olunması baxımından da zəngin perspektivlər vəd edir. Biz bunu COP29 zamanı da gördük.

Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş bir çox qərarlar sonrakı mərhələdə COP30 çərçivəsində də geniş şəkildə nəzərdən keçirildi və həmin strategiyalara uyğun praktiki addımların atıldığının şahidi olduq. Bu baxımdan düşünürəm ki, Bakıda keçirilən Şəhərsalma Forumunda da bu məsələlər ətrafında çox vacib fikirlər səsləndiriləcək. 

Nəticə etibarilə Azərbaycanın formalaşdırdığı əməkdaşlıq formatı, burada qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların geniş iştirakının təmin olunması bütövlükdə şəhərsalma forumunun gələcək strategiyasının inkişaf etdirilməsinə də öz müsbət töhfəsini verəcəkdir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər