“Çəkic” əməliyyatı planı gündəmdə – Yaxın Şərqdə yeni müharibə dalğası başlayır?
Ekskluziv
183
11:51, Bu gün

“Çəkic” əməliyyatı planı gündəmdə – Yaxın Şərqdə yeni müharibə dalğası başlayır?

Son günlər beynəlxalq mediada ABŞ və İsrailin İranla bağlı yeni hərbi ssenarilər üzərində işlədiyi bildirilir. Yayılan məlumatlara əsasən, Vaşinqton administrasiyası mümkün hücum variantlarını yenidən nəzərdən keçirir və bu prosesdə İranın nüvə infrastrukturu əsas hədəflərdən biri kimi qiymətləndirilir. Məlumatlarda qeyd olunur ki, ABŞ tərəfi həm hava zərbələrinin intensivləşdirilməsi, həm də xüsusi təyinatlı qüvvələrin iştirakı ilə məhdud yerüstü əməliyyat ehtimalını müzakirə edir. 

Eyni zamanda, Pentaqonun mümkün hərbi mərhələ üçün “Çəkic” adlı əməliyyat planı üzərində dayandığı iddia olunur.

Maraqlıdır, ABŞ və İsrailin İranla bağlı hərbi hazırlıqları yenidən gündəmə gətirməsi Yaxın Şərqdə təhlükəsizlik balansına necə təsir göstərə bilər və mümkün “Çəkic” əməliyyatı regionu hansı yeni geosiyasi mərhələyə sürükləyə bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi ekspert Murad Sadəddinov açıqlama verib. 


Ekspert bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının yenidən bərpa olunacağı ehtimalı yüksəkdir:

"Bu baxımdan mən hesab edirəm ki, aparılan danışıqlar əslində ABŞ Silahlı Qüvvələrinin genişmiqyaslı hazırlıq mərhələsini təmin etmək üçün müəyyən bir dövr kimi qiymətləndirilməlidir. Çünki 10 min kilometrdən artıq məsafədə bu cür hərbi əməliyyatların aparılması, 15 minə yaxın hədəfə zərbələrin endirilməsi uzunmüddətli perspektivdə davamlı xarakter daşıya bilməz.

Belə əməliyyatlar ciddi logistik dəstək tələb edir: mərmi və silah-sursat təminatı, texniki baxış və servis işləri, təyyarə və gəmilərin istismarı, eləcə də bütün hərbi texnikanın ehtiyat hissələrinin mütəmadi dəyişdirilməsi kimi zəruri proseslər həyata keçirilməlidir. Məhz bu səbəbdən hesab edirəm ki, həmin danışıqların mahiyyəti də bu hazırlıq dövrü ilə birbaşa bağlı idi. Eyni zamanda düşünmürəm ki, ABŞ rəhbərliyi bu danışıqlar vasitəsilə real nəticə əldə olunacağına ciddi şəkildə inanmırdı".

 Murad Sadəddinov vurğulayıb ki, danışıqlar yolu ilə İranın nə nüvə proqramından, nə raket proqramından, nə də proksi qüvvələrə dəstək siyasətindən geri çəkiləcəyi real görünmür:

"Bu səbəbdən hesab edirəm ki, biz yaxın gələcəkdə hərbi əməliyyatların növbəti mərhələsinə — “ikinci raund”a şahid ola bilərik. Gözlənilən dəyişikliklərə gəldikdə isə, ABŞ tərəfindən səsləndirilən “hədəflərin 70 faizinin zərərsizləşdirildiyi, 30 faizinin isə qaldığı” kimi qiymətləndirmələr yenidən gündəmə gələ bilər. Eyni zamanda regionda yerləşdirilən və əlavə olunan hərbi qüvvələr fonunda Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi ehtimalı yüksəkdir.

Bu da əvvəlki hərbi toqquşmaların nəticələrindən çıxarılan dərslərin davamı kimi qiymətləndirilə bilər.
Qalan 30 faiz hədəfə qarşı həyata keçiriləcək zərbələrin isə İranın daha da zəifləməsinə gətirib çıxaracağı proqnozlaşdırılır. İranın zəifləməsi isə regionda digər aktorların mövqelərinin güclənməsinə və təsir imkanlarının genişlənməsinə şərait yarada bilər.

Bu kontekstdə İsrailin regional mövqeyinin daha da güclənəcəyi, Körfəz və digər ərəb ölkələri ilə münasibətlərinin genişlənəcəyi ehtimalı artır. Nəticə etibarilə, gələcəkdə İbrahim (Avraam) razılaşmalarına yeni ölkələrin qoşulmasının şahidi ola bilərik.
Ümumilikdə isə bu proseslər regionda ABŞ-ın təsir imkanlarının daha da genişlənməsi ilə nəticələnə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər