“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” — Politoloq
Ekskluziv
261
18:33, Bu gün

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” — Politoloq

Son illərdə qlobal iqtisadi sistemdə güc balansı sürətlə dəyişməkdədir və bu prosesdə maliyyə alətləri strateji təsir vasitəsinə çevrilir. Böyük dövlətlərin iqtisadi mexanizmlər üzərindən formalaşdırdığı təsir dairəsi artıq ənənəvi diplomatik münasibətlərin çərçivəsini aşır. Xüsusilə infrastruktur investisiyaları və kredit siyasəti bir sıra regionlarda uzunmüddətli asılılıq yaradan faktor kimi çıxış edir. 

Bu tendensiya beynəlxalq münasibətlərdə həm rəqabəti kəskinləşdirir, həm də yeni əməkdaşlıq modellərinin formalaşmasını zəruri edir. Nəticə etibarilə, qlobal güc mərkəzləri arasında qarşılıqlı tarazlığın qorunması daha mürəkkəb strateji yanaşma tələb edir.

Maraqlıdır, Çinin son 20 ildə kredit diplomatiyası, liman-logistika şəbəkələri və strateji resurslara nəzarət üzərindən qurduğu qlobal təsir mexanizmini nəzərə alsaq, Donald Trampın ABŞ və Çini dünyanın iki əsas supergücü kimi təqdim etməsi Vaşinqtonun Pekinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi qütb formalaşdırdığını qəbul etməsi kimi qiymətləndirilə bilərmi? ABŞ bu yeni reallıq qarşısında Çinlə rəqabətdə hansı alternativ strategiyalar formalaşdırmalıdır?

Mövzu ilə bağlı Moderator.az-a Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, politoloq Əziz Əlibəyli açıqlama verib. 

Politoloq bildirib ki, Çinin həyata keçirdiyi kredit diplomatiyası bir sıra ölkələri ciddi şəkildə iqtisadi asılılıq vəziyyətinə salıb:

"Xüsusilə Afrika qitəsində yerləşən dövlətlərin böyük əksəriyyəti artıq Çinin təsir dairəsi daxilində formalaşan siyasi-iqtisadi sistemə inteqrasiya olunmuş vəziyyətdədir. Eyni zamanda Çin liman infrastrukturu və logistik şəbəkələr üzərində mühüm nəzarət imkanları əldə etmişdir. Nəqliyyat dəhlizlərinin strateji hissələrinin onun təsirinə keçməsi, qlobal ticarət marşrutlarında Çinin rolunu daha da gücləndirir. 

Bu isə gələcəkdə iqtisadi təsir imkanlarının tədricən təhlükəsizlik və hətta hərbi mövcudluq faktoruna çevrilməsi ehtimalını gündəmə gətirir.
Bununla yanaşı, Çin strateji resurslar baxımından da üstün mövqeyə malikdir. Xüsusilə nadir torpaq elementləri, enerji resursları və müxtəlif mineral ehtiyatlar onun qlobal iqtisadi sistemdə əlçatanlıq və təsir gücünü artıran əsas amillər sırasındadır".

Əziz Əlibəyli vurğulayıb ki, bu reallıqlar fonunda ABŞ-ın müttəfiqləri ilə daha sıx koordinasiya prosesinə keçməsi zərurəti ön plana çıxır:

"Məsələn, Avropa İttifaqı, Hindistan və Yaponiya kimi aktorlarla əməkdaşlığın gücləndirilməsi Çin qarşısında balansın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əks halda, mövcud güc disbalansına təkbaşına cavab vermək mümkün olmayacaqdır.
Eyni zamanda alternativ maliyyə mexanizmlərinin yaradılması da vacib istiqamətlərdən biridir. 

Çinin sərt kredit siyasətinə qarşı Dünya Bankı tərəfindən daha çevik və yüngülləşdirici proqramların tətbiqi, texnoloji üstünlüklərin inkişaf etdirilməsi və xüsusilə Sakit okean regionunda təhlükəsizlik və hərbi balansın qorunması strateji əhəmiyyət kəsb edir. Çünki həmin regionda Çin artıq ciddi üstünlük mövqeyinə sahibdir. Bütün bu addımların sinxron şəkildə həyata keçirilməsi yalnız real çıxış yolu kimi qiymətləndirilə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər