Cənubi Qafqazda uzun illər davam edən gərginlikdən sonra sülh gündəliyi yenidən regional siyasətin əsas istiqamətinə çevrilib. Son dövrlərdə beynəlxalq platformalarda əldə olunan razılaşmalar və aparılan diplomatik təmaslar bölgədə münasibətlərin normallaşması üçün yeni imkanlar formalaşdırır. Paralel olaraq tərəflər arasında etimad mühitinin yaradılması, iqtisadi əlaqələrin bərpası və kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımlar sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərir.
Maraqlıdır, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət üçün bürokratik hazırlıqların başa çatması iki ölkə arasında normallaşma prosesinə necə təsir göstərə bilər və bu addım Cənubi Qafqazda iqtisadi-siyasi balansı hansı istiqamətə yönəldə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Elman Nəsirov açıqlama verib.
Deputat bildirib ki, məlum olduğu kimi, keçən il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi razılaşmalar nəticəsində Cənubi Qafqazda sülh prosesində irəliləyiş əldə edilib:
"Sülh müqaviləsinin paraflanması istisna deyil, eyni zamanda bu il həmin müqavilənin özünün də imzalanması mümkündür. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim üçün sənədin paraflanmasından daha vacib olan sülh prosesi ilə bağlı praktik addımların atılmasıdır və bu istiqamətdə ilk növbədə iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması üzrə işlər görülməkdədir.
Hər iki dövlətin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı təmaslar həyata keçirilməkdədir. Bundan savayı, ilk dəfə iki dövlət arasında ticarət-iqtisadi münasibətlər formalaşmağa başlayıb və bu, çox müsbət tendensiya kimi qiymətləndirilir. Eyni zamanda Azərbaycan ərazisindən Ermənistan yüklərinin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bütün bunlar sülh prosesində daha ciddi və sistemli addımların atılması üçün əsas yaradır".
Elman Nəsirov vurğulayıb ki, xüsusilə də 7 iyun parlament seçkiləri ilə bağlı Nikol Paşinyan seçki kampaniyası çərçivəsində birmənalı şəkildə bildirib ki, Ermənistan Qarabağı Azərbaycana təhvil verməyib:
"O səbəbdən ki, Qarabağ heç bir zaman Ermənistanın olmayıb. Ermənistanın malik olmadığı bir ərazini Azərbaycana necə təhvil vermək olar? Yəni bu, çox vacib bir bəyanatdır. Türkiyə dövlətinin də bu məsələlərdə mövqeyi bəllidir və dəyişməz xarakter daşıyır. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması siyasəti Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesi ilə paralel şəkildə həyata keçirilir və burada heç bir razılaşdırılmamış addım atılmır.
Hətta Emmanuel Makron Ermənistanda keçirilən beynəlxalq tədbirlərə qatılmaq üçün quru yolla Türkiyədən keçərək Ermənistana gəlmək istəsə də, Türkiyə tərəfi buna icazə vermədi. Çünki müvafiq məsələlərlə bağlı, yəni Azərbaycanla Ermənistan arasında quru sərhədlərin açılması kimi məsələlər üzrə heç bir addım atılmayıb.Yəni Türkiyə öz addımlarını Azərbaycanla birlikdə həmrəylik şəklində reallaşdırır".
Millət vəkili əlavə efib ki, indi Azərbaycanla Ermənistan arasında etimad mühiti formalaşırsa, analoji addımlar Türkiyə–Ermənistan münasibətlərində də müşahidə olunur.
Azərbaycan–Ermənistan arasında ticarət və iqtisadi əlaqələr yaranırsa, eyni proses Türkiyə–Ermənistan münasibətlərində də baş verə bilər və bununla bağlı müvafiq addımlar artıq atılmaqdadır. Bu isə nəticə etibarilə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin formalaşmasına xidmət edən mühüm amildir.
Ümumiyyətlə, bu gün dünyanın əksər regionlarında silahlı toqquşmalar, müharibələr və sosial-iqtisadi kataklizmlər yaşanır və bu reallıqlar fonunda Cənubi Qafqazda ciddi sülh prosesi gedir. Türkiyə də bu proseslərin yaxın iştirakçılarından biridir və atılan addımlar, qeyd olunduğu kimi, Azərbaycanın addımları ilə harmonik şəkildə həyata keçirilir. Bu da iki dövlətin qardaşlığının, dostluğunun və müttəfiqliyinin bariz nümunəsidir".
Pərvin Şakirqızı