Azərbaycan Respublikasının ilk Prezidentinin doğum günüdür…
Ekskluziv
325
12:12, Bu gün

Azərbaycan Respublikasının ilk Prezidentinin doğum günüdür…

Bu gün – 12 may – Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Prezidenti Ayaz Mütəllibovun doğum günüdür.
 
Rəhmətlik sağ olsaydı, bu gün 88 yaşını qeyd edəcəkdi.
 
Xatırlatma: 
 
Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
 
Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
 
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
 
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ilk ümumxalq Prezident seçkilərində Azərbaycan Respublikasının ilk Prezidenti seçilib. 
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər Rusiya-sovet ordusunun Xankəndindəki  366-cı alayının birbaşa dəstəyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir, nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk etməli olur. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.
 
İlk Prezident 2022-ci il martın 27-də dünyasını dəyişib və 1-ci Fəxri xiyabanda dəfn olunub.
 
Qeyd edək ki, Ayaz Mütəllibov bir dövlət xadimi olaraq bütün düzləri, səhvləri, xətaları, günahlarıyla, savablarıyla, məğlubiyyət və uğurlarıyla, bu xalqın övladıdır və faktiki olaraq müstəqilliyimizin bərpasından sonra ölkəmizin ilk prezidenti olub. Bütün sivil ölkələrdə normal, yəni faşizmdən, avtoritarizmdən, diktatorluqdan uzaq fəaliyyət göstərmiş tarixi liderlər daimi yad edilir. Hətta ABŞ-da keçmiş prezidentlərə də müraciət edərkən “cənab Prezident” deyə müraciət edirlər.
 
Allah rəhmət eləsin!..
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər