"Mən özümü namizəd kimi təqdim edə bilmərəm, hələ tezdir".
Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postuna namizəd olduğu deyilən rejissor Əli İsa Cabbarov bildirib.
O qeyd edib ki, Kinematoqrafçılar İttifaqı namizədlərin adını hələ rəsmi olaraq açıqlamayıb:
"AKİ-nin İdarə Heyəti tövsiyə xarakterli iki namizədin adının konfransda səsləndirilməsini qərara alıb. Nizamnaməyə görə, əlavə namizədlər də irəli sürülə bilər. Əgər konfrans onların adlarının səsverməyə çıxarılmasını məqsədəuyğun hesab etsə, həmin şəxslər də səsvermədə iştirak edəcəklər".
"Şəxsi münasibətimə gəlincə isə, mənim üçün - 2009-cu ildən ittifaqın katibi olan biri kimi - əsas məsələ təşkilatın birliyinin qorunmasıdır. Eyni zamanda, ittifaq Azərbaycan kinematoqrafçılarının problemlərinin həllində daha aktiv iştirak edən bir buxta olmalıdır. Hesab edirəm ki, qarşıdan gələn seçki ittifaq daxilində birliyi, kinematoqrafçılar arasında qarşılıqlı etimadı və hörməti daha da möhkəmləndirməlidir.
Mənə elə gəlir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni bir nəfəs açılmalıdır. Düzdür, bu günədək çox ciddi işlər görülüb: təhsil sahəsində layihələr həyata keçirilib, kitablar və dərsliklər nəşr olunub, beynəlxalq əlaqələr genişləndirilib, film nümayişləri təşkil edilib, Azərbaycan kinosunun təbliği və sosial dəstək istiqamətində mühüm addımlar atılıb. Amma bütün bu fəaliyyətlər daha yüksək keyfiyyət mərhələsinə keçməlidir və artıq geriyə dönüş olmamalıdır.
Mənim bir üzv kimi konfransda iştirakımın əsas mesajı da budur: "Geriyə yol yoxdur". Yəni Lətif Səfərovun, Şəmsi Bədəlbəylinin, Həsən Seyidbəylinin, Rüstəm İbrahimbəyovun, Rasim Balayevin müəyyən etdiyi yol davam etməlidir. Bu proses isə korifey sənətkarlarımıza ehtiramla, yaşlı kino xadimlərimizə həssas yanaşmaqla baş verməlidir.
AKİ nəsillərarası harmoniyada olmalıdır və Azərbaycan kinosunun vətənimizin sərhədlərini aşmasına öz töhfəsini verməli, yeni nəslin formalaşmasına, gənclərin Azərbaycan kinosuna gəlməsinə ciddi dəstək verməlidir. Çünki Azərbaycan kinosunda nəsil dəyişməsi müəyyən qədər gecikir və bu prosesə ittifaq xüsusi diqqət ayırmalıdır. Ancaq bütün bunlar yalnız nəsillərarası harmoniya və qarşılıqlı anlaşma şəraitində mümkün ola bilər", - deyə Ə.İ.Cabbarov deyib.