Bizi sosial şəbəkələrdən izləyin:
“Müharibə başlayanda atam könüllü yollanıb. O vaxt hələ 27 yaşı var idi. Bakıdan Berlinə qədər döyüşə-döyüşə gedib. Müharibə qurtarandan sonra Berlinin alınmasında və Reyxstaqa bayraq sancılmasında iştirak edib. Atam danışırdı ki, bayrağı özü asmalı idi. Sonra deyiblər ki, azərbaycanlı yox, gürcü millətindən olan kimsə bayrağı assın. Atam da həmin bayrağı asan insanın yanında olub. Atama orada çox böyük hörmət var idi. Humanist insan idi. Baxmayaraq ki, özü Böyük Vətən müharibəsinin iştirakçısı idi və orada döyüşdüyü üçün fəxr edirdi

.
Həmişə müharibəyə qarşı çıxırdı. Deyirdi ki, müharibə heç kimə lazım deyil, ümumiyyətlə müharibələri pisləyirdi” Bunu Moderator.az-a açıqlamasında Böyük Vətən müharibəsi iştirakçısı, görkəmli aktyor Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib. O daha sonra əlavə edib:
“Atam müharibədə dəfələrlə yaralanıb, amma sonradan yenə də ordu sıralarına qayıdıb. Müharibədə heç kimə güzəşt etmirlər, heç kim heç kimə acımırdı. Amma atam danışırdı ki, müharibə başa çatandan sonra Berlin küçələrində alman zabiti ilə üz-üzə gəlib. Atamın da, həmin zabitin də əlində silah olub. Atam həmin zabiti öldürməyib. Mən ondan səbəbini soruşanda demişdi ki, “artıq müharibə bitdiyi üçün kimisə öldürmək mənasız idi”. Çünki biz onsuz da qalib gəlmişdik. Hər ikisi silahı bir-birinə tuşlayıb, sonra atam humanistlik göstərib silahı aşağı salıb. Həmin alman zabiti atama təşəkkür edib. Atam üçün kimisə nahaq yerə öldürmək ömrü boyu çəkdiyi vicdan əzabı ola bilərdi. O həyatı sevirdi, ömrünü doya-doya yaşamaq istəyirdi. Çox nadir sənətkarlar var ki, müharibədə iştirak ediblər. O çox təvazökar insan idi. Heç vaxt deməzdi ki, müharibədə iştirak etmişəm. Hətta ailəmizdə bu söhbətlər çox nadir hallarda, ildə bir dəfə-9 may günü açılardı. Atam müharibədə saysız-hesabsız medallar qazanıb. Bu gün həmin sənədləri, məktubları, medalları xatırladım, açıb hamısına tək-tək baxdım. Atama və bütün Böyük Vətən müharibəsi iştirakçılarına Allahdan rəhmət diləyirəm” deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, bu gün faşizm üzərində Qələbədən 81 il ötür.