“Böyük güclər, adətən, yalnız öz maraqlarına uyğun olmayan rejimlərin zəifləməsini və ya dəyişməsini istəyirlər. Bu baxımdan məsələ “demokratiyanın yayılması”ndan daha çox strateji maraqlar məsələsidir...”
"ABŞ-ın strateji maraqları tələb etmədikcə, Trampın Putin rejiminə münasibətində ciddi dəyişiklik gözləmək çətindir…"
“Budəfəki ABŞ-İran savaşının ilk günlərində bəzi şərhçilər bu - beynəlxalq qanunlar baxımından ədalətsiz müharibəni ABŞ və İsrailin timsalında demokratiyanın İran və ona dəstək verən Çin və Rusiyanın timsalında avtoritarizmlə, totalitarizmlə, diktatura ilə mübarizəsi kimi təqdim etməyə çalışırdılar (Baxmayaraq ki, hazırkı ABŞ və İsrail liderlərinin özləri yetərincə avtoritarizmə meyilli məxluqlardır). Guya həmin savaş nəticəsində İrandakı teokratik rejim süqut edəcək və bu da öz ardınca domino effekti verərək qonşu və digər bəzi ölkələrdəki avtoritar rejimlərin yıxılmasına gətirəcək. Bu isə öz növbəsində Rusiyadakı Putin rejimin çökməsinə şərait yaradacaqdı.
Artıq bugünkü durumun prizmasından belə mülahizələrə necə baxırsız?
Sözügedən ədalətsiz savaş, əksinə, İran rejimini daha da gücləndirmədimi və qonşu ölkələrin üçün təhlükələri artırmadımı? Yoxsa hələ yaxın müddətdə bu rejimin yıxılması ehtimalı var?”
Bu suallarla müraciət etdiyimiz Amerikada yaşayan həmyerlimiz, siyasi təhlilçi, professor Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri ifadə edib:
“Müharibənin ilk günlərində ABŞ/İsrail–İran savaşının əsas səbəblərini düzgün qiymətləndirə bilməyənlər çox idi. Zaman keçdikcə fikirlərini dəyişənlərin sayı da az olmadı. Bunu müxtəlif qaynaqlara baxaraq müəyyən etmək mümkündür. Ən çox yanılanlar isə bu müharibənin demokratiya ilə avtoritarizm arasında baş verdiyini iddia edənlər oldu. Bu savaş dəyərlər uğrunda aparılan bir müharibə deyil; bu, maraqların toqquşmasından doğan bir qarşıdurmadır. ABŞ və İsrail əslində öz maraqlarına təhlükə yaratdığı üçün İrana hücum etdilər, lakin bunu daha çox “demokratiya”, “azadlıq”, “təhlükəsizlik” və “qlobal sabitlik” kimi anlayışlarla əsaslandırmağa çalışdılar. Onları müəyyən mənada başa düşmək olar, çünki beynəlxalq münasibətlər tarixində, demək olar ki, bütün dövlətlər gücdən istifadə etdikdə buna bir yolla legitimlik qazandırmağa çalışıblar...
ABŞ və İsrail İrandakı teokratik rejimin süqut edəcəyinə ümid edirdilər, hətta bəlkə də buna ciddi şəkildə inanırdılar. Amma onların hansısa geniş domino effektinə inandıqlarını və ya bunu strateji şəkildə planlaşdırdıqlarını demək üçün əlimizdə ciddi əsas yoxdur. Böyük güclər, adətən, yalnız öz maraqlarına uyğun olmayan rejimlərin zəifləməsini və ya dəyişməsini istəyirlər. Bu baxımdan məsələ “demokratiyanın yayılması”ndan daha çox strateji maraqlar məsələsidir...
Putin rejiminin çökməsinə gəlincə, bunu ABŞ/İsrail ikilisinin əsas hədəflərindən biri kimi təqdim etmək inandırıcı görünmür. Tramp ilə Putinin münasibətlərinin tamamilə düşmən xarakterli olduğunu demək də çətindir. Doğrudur, Tramp zaman-zaman sərt ritorikadan istifadə edir, lakin ümumi mənzərədə o, Putinə qarşı kifayət qədər yumşaq və ehtiyatlı mövqe sərgiləyir. Hətta bəzi hallarda onun ritorikası ABŞ siyasi isteblişmentində narahatlıq da yaradıb. Hazırda da Trampın bu münasibətini köklü şəkildə dəyişəcəyini göstərən ciddi əlamətlər görünmür. ABŞ-ın strateji maraqları tələb etmədikcə, Trampın Putin rejiminə münasibətində ciddi dəyişiklik gözləmək çətindir…
Bugünkü vəziyyətə baxdıqda isə mənzərə daha aydın görünür. Müharibənin əvvəlində irəli sürülən bir çox tezislərin reallıqla tam uyğun gəlmədiyi ortaya çıxdı. İran rejiminin sürətli şəkildə çökəcəyi barədə proqnozlar özünü doğrultmadı. Əksinə, müharibə İran daxilində milli təhlükəsizlik və xarici təhdid narrativini daha da gücləndirdi. Bu isə rejimin daxildə legitimlik imkanlarını müəyyən qədər artırdı və müxalif qüvvələrin fəaliyyət imkanlarını zəiflətdi. Bundan başqa, müharibə beynəlxalq sistemdə güc siyasətinin hələ də əsas faktor olaraq qaldığını bir daha nümayiş etdirdi.
Bu savaş İranda SEPAH-ı daha da gücləndirdi. SEPAH onsuz da dövlət içində dövlət kimi geniş imtiyazlara və təsir imkanlarına malik idi. Müharibə ilə birlikdə onun həm siyasi, həm hərbi, həm də iqtisadi mövqeyi daha da möhkəmləndi. Bu isə dolayısı ilə rejimin özünün də güclənməsi anlamına gəlir. Müharibədən əvvəl İranda etnik azlıqların, qadın hərəkatlarının və müxtəlif ictimai qrupların müəyyən haqlı mübarizələrini müşahidə edə bilirdik. Lakin müharibə şəraiti yaranandan sonra təhlükəsizlik məsələləri ön plana keçdi və həmin mübarizələrin dayandığını, hətta yoxa çıxdığını gördük…
Əgər müharibədən sonra indiki status-kvo dəyişməz qalarsa, əminliklə demək olar ki, ABŞ və İsrail təkcə öz rəqiblərinə deyil, eyni zamanda İran rejimi ilə problemi olan bir çox daxili və xarici qüvvələrə də dolayısı ilə zərər vermiş oldular. Bu günkü mənzərədə görürük ki, İran müəyyən mənada daha da gücləndi, Hörmüz boğazı üzərində təsir imkanlarını artırdı, düşmən dövlətlərin əhalisi arasında qorxu yaratdı, dünyada müəyyən dəstək qazandı, ABŞ/İsrail hərbi gücünün “toxunulmazlıq mifinə” zərbə vurdu, enerji bazarlarında ciddi qeyri-sabitlik yaratdı və asanlıqla təslim olmayacağının siqnalını verdi…
Bütün bunlar onu göstərir ki, əgər mövcud status-kvo davam edərsə, İran təkcə region üçün deyil, bir sıra qonşu dövlətlər üçün də daha mürəkkəb və təhlükəli aktyora çevrilə bilər. Hazırkı şəraitdə İrandakı rejimin yaxın müddətdə çökməsi ehtimalı isə, demək olar ki, görünmür…”
Təqdim etdi:
Sultan Laçın