“Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq,Yaxın Şərqdə üstünlük əldə olunmayıb” – politoloq
Ekskluziv
1956
20:02, Bu gün

“Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq,Yaxın Şərqdə üstünlük əldə olunmayıb” – politoloq

"Dünya gündəmini zəbt edən və artıq fevral ayının 28-dən başlayaraq təxminən 2 ay 10 gündür ki, davam edən ABŞ–İsrail–İran qarşıdurması hələ də öz həllini tapmayıb. Qarşılıqlı şəkildə verilən təhdid dolu mesajlar və bir-birini ittiham etmələr, vəziyyəti həllə doğru deyil, əksinə daha da dərinləşən bir istiqamətə aparır.
Bu prosesdə hər iki tərəf üçün həm geosiyasi, həm də strateji taleyüklü məsələlər həll olunur. Burada söhbət bir tərəfdən ABŞ-ın Yaxın Şərq kimi həssas regionda hegemon mövqelərinin və dayaqlarının qorunub saxlanmasından gedir".

Bu fikirləri Moderator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov bildirib.

 Politoloq qeyd edib ki, bu mövcudluq ABŞ hegemonluğunun əsas təməl prinsiplərindən və strateji arqumentlərindən biridir:

"Digər tərəfdən isə İranın özü üçün taleyüklü bir mərhələ formalaşır. İran ötən əsrin 70-ci illərində hazırkı rejimin hakimiyyətə gəlməsindən sonra bu qarşıdurmaya uzun illər hazırlıq görüb. Bu müharibədən güclü çıxmaq və qalib ayrılmaq İranı regional güc mərkəzinə çevirə biləcək bir amildir. Eyni zamanda ABŞ üçün bu prosesdən güclü çıxmaq, onun qlobal hegemonluğunu qoruyub saxlamaq və Çinə, eləcə də Rusiyaya qarşı şərtlərini diktə etmək imkanlarını davam etdirmək deməkdir.

Məhz bu səbəbdən tərəflər güzəştə getməkdən imtina edir və heç bir real kompromis görünmür. İranın şərtlərində də dəyişiklik yoxdur. Tehran Hörmüz boğazında yeni idarəetmə mexanizmi, nəzarət altına alınmış idarəetmə sistemi, regiondakı proksi qüvvələrin qorunması, Livan da daxil olmaqla İrana qarşı hücumların dayandırılması, nüvə proqramının və uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi, raket arsenalının saxlanılması və ABŞ hərbi aktivlərinin regiondan çıxarılması kimi mövqelərindən geri çəkilmir".

Xəyal Bəşirov vurğulayıb ki, eyni zamanda ABŞ da İranın nüvə proqramının dayandırılması, proksi qüvvələrdən imtina, Hörmüz boğazının açılması kimi tələblərindən geri addım atmır:

"Bu da konsensusa gəlməyə ciddi şəkildə mane olan əsas amillərdən biridir. ABŞ prezidenti Donald Trump isə müxtəlif mərhələlərdə fərqli və ziddiyyətli bəyanatlar verib. Bir müddət “azadlıq layihəsi” elan etsə də, sonradan bundan geri çəkildiyini bildirib, daha sonra danışıqların davam etdiriləcəyini və razılaşma astanasında olduqlarını qeyd edib. Lakin bütün bu bəyanatlara baxmayaraq, ABŞ əldə etdiyi bütün imkan və resurslardan istifadə etsə də, qarşıya qoyulan hədəflərə tam nail ola bilməyib.

Rejimin bəzi aparıcı fiqurları aradan götürülsə də, sistem devrilməyib və hələ də hakimiyyətdə qalır. İranın proksi qüvvələri mövcuddur, Hörmüz boğazı faktiki olaraq bağlı vəziyyətdədir, İranın raket potensialı və zənginləşdirilmiş uran ehtiyatları isə hələ də Tehranın əlindədir. Bu isə göstərir ki, ABŞ elan etdiyi üstünlüyü tam təmin edə bilməyib. Əksinə, Hörmüz boğazının hələ də bağlı qalması qlobal iqtisadiyyata ciddi zərbə vurur. Bu problemi həll edə bilməyən ABŞ, faktiki olaraq İranı tam razılaşmaya məcbur etməkdə də çətinlik çəkir və regionda gərginlik davam edir".

Politoloq əlavə edib ki, ABŞ prezidenti Donald Trumpın 15 may tarixində Pekinə gedəcəyi gözlənilir:

 Lakin bu səfərin təxirə salınması və ya ümumiyyətlə baş tutmaması ehtimalı da var. Əgər səfər baş tutarsa, ABŞ bu danışıqlara hansı siyasi və strateji “kartlarla” gedəcək sualı aktuallaşır. Məhz bu kontekstdə ABŞ Xarici İşlər Nazirliyinin Çinə səfəri də diqqət çəkir. Məqsəd Trump–Si Cinpin görüşü öncəsi İran məsələsini gündəmə gətirmək və Çin vasitəsilə Tehrana mesaj ötürmək, həmçinin ABŞ-ın tələblərindən geri çəkilməyəcəyini bir daha vurğulamaqdır.

Eyni zamanda ABŞ-da prezidentə ayrılan müəyyən hüquqi və siyasi imkanların vaxtı getdikcə daralır. Qanunvericilik çərçivəsində nəzərdə tutulan 60 günlük müddət artıq başa çatıb, ABŞ-da yaxın aylarda aralıq seçkilər, İsraildə isə oktyabr ayında parlament seçkiləri gözlənilir. Bu da hər iki ölkənin siyasi manevr imkanlarını məhdudlaşdırır. Bütün bu amilləri nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, hazırda konsensus əldə etməyə daha çox tələsən tərəf İrandır. İran prosesin davam etdirilməsində maraqlıdır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər