KİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
Dünya
157
20:10, Bu gün

KİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO

İran ABŞ-nin hərbi obyektlərinə əvvəllər rəsmi olaraq bəyan ediləndən qat-qat çox zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri peyk görüntüləri üzərində apardığı təhlilə əsasən məlumat yayıb.

Tədqiqatlar göstərib ki, hərbi əməliyyatlar başlayandan bəri İranın hava hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdəki bazalarında ən azı 228 bina və texnika zədələnib və ya sıradan çıxarılıb. Hədəflər arasında anqarlar, hərbi hissələr, yanacaq anbarları, təyyarələr, eləcə də vacib radar, rabitə və hava hücumundan müdafiə sistemləri olub.

Nəşr vurğulayır ki, dəyən ziyanın miqyası ABŞ hökumətinin ictimaiyyətə açıqladığı və ya əvvəllər mətbuatda yazılan rəqəmləri xeyli üstələyir. Qəzet bildirir ki, hazırda Yaxın Şərq regionunun peyk fotolarını əldə etmək çox çətindir. ABŞ hökumətinin tələbi ilə "Vantor" və "Planet" kimi iki böyük kommersiya şirkəti müharibə bitənədək bu bölgənin görüntülərinin yayılmasını qeyri-müəyyən müddətə məhdudlaşdırıb, gecikdirib və ya dayandırıb. Bu isə İranın cavab zərbələrini qiymətləndirməyə ciddi mane olur. Buna baxmayaraq, İranın dövlət xəbər agentlikləri münaqişənin əvvəlindən etibarən yüksək keyfiyyətli peyk şəkilləri yayımlayıb və araşdırma məhz bu materiallara əsaslanıb.

Araşdırma çərçivəsində İran tərəfindən çəkilən 100-dən çox yüksəkkeyfiyyətli fotoşəkil Avropanın "Kopernik" sistemi və "Planet" peykinin kadrları ilə müqayisə edilib. Nəşr xüsusi olaraq qeyd edir ki, İranın təqdim etdiyi görüntülərdə heç bir saxtalaşdırma əlaməti tapılmayıb. Ümumilikdə regiondakı 15 ABŞ hərbi obyektində 217 dağıdılmış və ya ziyan görmüş tikili, həmçinin 11 texnika qeydə alınıb.

Təsbit edilən dağıntıların yarıdan çoxu 5-ci Donanmanın qərargahına və Küveytdəki üç bazaya - "Əli əl-Salim" aviabazasına, "Kemp-Arifcan" (ABŞ ordusunun regional qərargahı) və "Kemp-Bürinq"ə aiddir. Nəşr əlavə edir ki, bu hesabat yalnız əlçatan olan peyk fotolarına əsaslandığı üçün ziyanın tam mənzərəsini əks etdirmir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər