"Çətinlik çəkmək Allahın o bəndəni tərk etməsi deyil, əksinə onu “seçməsi” və mənəvi tərbiyəyə çəkməsidir..."
"İnsan zehni bəzən belə bir xətaya düşür: “Əgər Allah birini sevirsə, ona ancaq rahatlıq verməlidir.” Lakin İslam məntiqində “sevgi sınaqla isbat olunur...”
"Allahın “yox” deməsi, əslində daha böyük bir “hə”yə hazırlıqdır. Çətinlik əbədi deyil; o, sadəcə keçid mərhələsidir..."
"İnsanın beyninə belə bir sual gələ bilər: “Allahın mütləq rəhməti və qüdrəti ilə dünyadakı şər və əzabın mövcudluğunu necə uzlaşır?”..."
"Mal-dövlət gedə bilər, amma Allah hər zaman baqidir. Əgər Allah səninlədirsə, hər şeyin var deməkdir..."
Moderator.az dəyərli oxucuların bu cür mövzulara marağını nəzərə alaraq "Meneviyyata açılan pəncərə" nəşrində dərc olunmuş "İMTAHANIN HİKMƏTİ VƏ SƏBRİN ZİRVƏSİ" başlıqlı növbəti ibrətamiz materialı təqdim edir:
İmtahların Hikməti və Həzrət Əyyub (ə) Qissəsi
Dünya həyatı hər birimiz üçün fərqli rənglərdə təzahür edən bir sınaq meydanıdır. Tez-tez şahidi olduğumuz və ya şəxsən yaşadığımız bir sual bizi dərindən düşündürür: “Niyə yaxşı insanlar, imanlı bəndələr daha çox əziyyət çəkir?” Bu sualın ən kamil və təsəlli dolu cavabı Qurani-Kərimdə və peyğəmbərlərin həyatında, xüsusilə də “Səbir Simvolu, Qəhrəmanı” olan Həzrət Əyyubun (ə.s) qissəsində gizlənmişdir.
1.Bəla və Müsibətin Mahiyyəti
İslam inancına görə, çətinlik və əzab mütləq şəkildə bir cəza deyil. Əksinə, bir çox hallarda bu, bəndənin mənəvi dərəcəsinin ucaldılması, günahların yuyulması və Allah ilə bəndə arasındakı bağın saflaşması prosesidir. Quranı-Kərimdə buyurulur:
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ
وَبَشِّرِ الصَّابِرِينَ
“And olsun ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul çatışmazlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver!” (Bəqərə surəsi, 155).
Səid ibn Əbu Vəqqasdan (r.a) rəvayət edildiyinə görə o, demişdir: “Ey Allahın Rəsulu! İnsanlardan ən şiddətli bəlaya düçar olanlar kimlərdir?” – deyə soruşdum. O (s.ə.s) buyurdu:
“Peyğəmbərlər, sonra onlara ən yaxın olanlar (salihlər), sonra onlara ən yaxın olanlardır. İnsanın dininə (imanının gücünə) görə bəlası şiddətlənər. Əgər dinində möhkəmdirsə, bəlası daha da artar. Əgər dinində zəifdirsə, dindarlığına görə (yüngül) bəlaya düçar olar. Beləliklə, qulun üzərində heç bir günah qalmayana qədər bəla onu təqib edər.” (Tirmizi, Zöhd, 56; İbn Macə, Fitən, 23; Əhməd ibn Hənbəl, Müsnəd, I, 172, 174, 185)
Bu hədis bizə göstərir ki, çətinlik çəkmək Allahın o bəndəni tərk etməsi deyil, əksinə onu “seçməsi” və mənəvi tərbiyəyə çəkməsidir...
2.Həzrət Əyyubun (ə) rifahdan imtahana keçidi
Həzrət Əyyub (ə) Allahın həm dünya, həm də axirət nemətləri ilə mükafatlandırdığı bir peyğəmbər idi. Çoxlu sayda övladı, geniş torpaqları, mal-qarası və cəmiyyət içində böyük hörməti vardı. Lakin onun əsl böyüklüyü bu nemətlər içində deyil, həmin nemətlər bir-bir əlindən alınanda üzə çıxdı.
İmtahan dalğa-dalğa gəldi:
Maliyyə itkisi:
Bütün var-dövləti məhv oldu.
Övlad itkisi:
Bütün övladları dünyasını dəyişdi.
Sağlamlıq itkisi:
Bədənini ağır bir xəstəlik bürüdü.
Ətrafındakı insanlar ondan uzaqlaşdı, təkcə vəfalı həyat yoldaşı Rəhimə xanım onun yanında qaldı. Lakin bütün bu müsibətlər qarşısında Əyyub peyğəmbərin dilindən çıxan tək ifadə şükür və zikr idi. O, neməti verənin də, alanı da Allah olduğunu bilir və bu mütləq təslimiyyətdə hüzur tapırdı.
3.Niyə Məhz “Yaxşı İnsanlar”?
İnsan zehni bəzən belə bir xətaya düşür: “Əgər Allah birini sevirsə, ona ancaq rahatlıq verməlidir.” Lakin İslam məntiqində “sevgi sınaqla isbat olunur.”
Günahlardan təmizlənmə:
Mömin şəxs dünyada çəkdiyi hər bir çətinliklə (hətta ayağına batan bir tikanla belə) günahlarından arınır ki, axirətə pak qovuşsun.
Mənəvi təkamül:
Qızıl odda bişib saflaşdığı kimi, insan ruhu da çətinliklər qarşısında bişir. Əziyyət çəkməyən insan “mərhəmət”, “səbir” və “təvəkkül” kimi ali hissləri tam dərk edə bilməz.
Dərəcələrin yüksəlməsi:
Cənnətdə elə məqamlar var ki, ora yalnız ibadətlə deyil, həm də göstərilən gözəl səbirlə çatmaq mümkündür.
4.Həzrət Əyyubun (ə) duası və ədəbi
Həzrət Əyyub (ə) illərlə xəstəlik çəkməsinə baxmayaraq, uzun müddət Allahdan şəfa istəməyə belə həya etdi. O deyirdi: “Allah mənə 80 il sağlıq verdi, hələ 80 il bu dərdi çəkməmişəm ki, Ondan şəfa istəyim.”
Nəhayət, xəstəlik onun qəlbinə və dilinə (zikr etdiyi üzvlərinə) sirayət etmək təhlükəsi yaradanda o, məşhur duasını etdi. Diqqət yetirin, o, Allaha “Mənə şəfa ver” deyə əmr etmədi, sadəcə halını ərz etdi:
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
“Mənə bir bəla üz verdi. Sən rəhimlilərin ən rəhimlisən!” (Ənbiya surəsi, 83).
Bu, bir bəndənin Rəbbi ilə danışarkən qorumalı olduğu ən yüksək ədəbdir. O, şikayət etmir, sadəcə Sahibinə sığınırdı.
5.Qaranlıqdan sonra gələn aydınlıq
Həzrət Əyyub (ə) imtahanı uğurla başa vurduqdan sonra Allah-Təala ona şəfa qapılarını açdı. Quranda buyurulur ki, Allah ona ayağını yerə vurmağı əmr etdi və oradan çıxan sərin su ilə həm daxili, həm də xarici xəstəlikləri sağaldı.
Daha da önəmlisi, Allah ona itirdiklərini geri qaytardı:
وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
“Biz ona ailəsini və onlarla birlikdə bir qatını da artıq verdik…” (Sad surəsi, 43).
Bu qissə bizə öyrədir ki, Allahın “yox” deməsi, əslində daha böyük bir “hə”yə hazırlıqdır. Çətinlik əbədi deyil; o, sadəcə keçid mərhələsidir.
6.Müasir insan üçün çıxarılacaq dərslər
Bugünkü dünyada biz kiçik bir iqtisadi sıxıntı və ya şəxsi uğursuzluq qarşısında ümidsizliyə qapılırıq. Həzrət Əyyubun həyatı bizə bu dərsləri verir:
Ümidsizliyə yer yoxdur:
Allah “Əl-Fəttah”dır (qapıları açan). Ən çıxılmaz anda belə bir qapı açar.
Səbir passivlik deyil:
Səbir — gələn bəlanın içindəki hikməti axtarmaq və Allahdan başqasına şikayət etməməkdir.
Nemətə deyil, nemət Sahibinə bağlanmaq:
Mal-dövlət gedə bilər, amma Allah hər zaman baqidir. Əgər Allah səninlədirsə, hər şeyin var deməkdir.
Psixoloji möhkəmlik:
Din bizə çətinliklər qarşısında sınmamağı, hadisələrə müvəqqəti imtahan pəncərəsindən baxmağı öyrədir.
7.Teodiseya(sonda qeydə bax: S.L.) və ya “Şər problemi”
İnsanın beyninə belə bir sual gələ bilər: “Allahın mütləq rəhməti və qüdrəti ilə dünyadakı şər və əzabın mövcudluğunu necə uzlaşır?”
Başa gələn çətinliklər, kainatdakı ümumi xeyrin (nizamın) bir hissəsidir; yəni gecə olmadan gündüzün mahiyyəti dərk edilmədiyi kimi, bəla və çətinlik olmadan da kamillik və mənəvi ucalıq mümkün deyildir.
İslam təfəkküründə teodiseya problemi “İnsan iradəsi” və “İlahi hikmət” çərçivəsində həll olunur. Allah-Təala bəndəsinə əzab verməyi murad etməz, lakin bəndənin potensialını üzə çıxarmaq üçün sınaqları bir vasitə edər. Bu baxımdan, yaxşı insanların çəkdiyi əziyyət bir “şər” deyil, əslində daha böyük bir xeyrə aparan mənəvi “cərrahiyyə əməliyyatı” kimidir. Necə ki, bir cərrah xəstəni sağaltmaq üçün onun bədəninə ağrı verir, ilahi imtahanlar da ruhun saflaşması və əbədi səadəti qazanması üçün zəruri olan keçid anlarıdır.
Quranı Kərim bizə məhdud insan ağlımızla “şər” kimi gördüyümüz hadisələrin arxasında uca bir hikmət dayandığını göstərir. Həzrət Əyyubun (ə) malını, övladlarını və sağlamlığını itirməsi zahirən bir fəlakət kimi görünsə də, nəticədə onun adı tarixdə səbir və təslimiyyətin ən uca zirvəsi kimi həkk olundu.
Digər yandan da, الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ “O, yaratdığı hər şeyi gözəl yaratmış.” (Səcdə, 32/7) ayəsinin işığında prosseslərə baxdığımız zaman görürük ki, kainatda baş verən hər hadisənin əsl səbəbkarı Uca Allahdır. Baş verənlər dəyişik isimlərinin fərqli təcəllisidir. Allah üçün şər deyə bir şey yoxdur. Bütün nisbi olan şeylər ki, xeyir və şər də bizə görədir. İncə nöqtə budur ki, Allahın yaratdığı şeylərdə gözəllik ya başlanğıcda açıq şəkildə biruzə verib ortaya çıxar; ya da nəticəsi etibarı ilə gözəldir. Ancaq səbir edib sonunu gözləmək lazımdır.
Deməli, dünyadakı əzablar Allahın ədalətsizliyi deyil, əksinə, Onun bəndəsini daha böyük mükafatlara hazırlayan mütləq ədalətinin və rəhmətinin təzahürüdür.
Dərd, hadisələri, insanlara çox fərqli oxutdurur. Əsl məsələ, dərdi derman bilməkdir. Bu şəkildə yanaşma imtahana məruz qalan bizlərə “niyə mən?” sualı ilə deyil, “bu hadisə məni hara aparır?” hikməti ilə baxmağı öyrədir.
Nəticə...
Yaxşı insanların əziyyət çəkməsi onların bədbəxtliyi deyil, seçilmişliyidir. Unutmayın ki, ən gözəl mənzərələr ən çətin yoxuşlardan sonra görünür...
Həzrət Əyyub (ə) bizə göstərdi ki, bədən çürüsə də, ruh təslim olmasa, Allah o ruhu yenidən dirçəldər...
Allah hər birimizi çətinliklər qarşısında Əyyub səbri ilə silahlandırsın, sınaqlarımızı asan etsin və bizi hər iki dünyada nemətləri ilə mükafatlandırsın. Amin!..
PS: Unutmayın, dərd bəzən dərman olar...
Meneviyyat.az
Qeyd:
Teodiseya (theodicea q.yun. θεός "tanrı" + δίκη "haqq, ədalət") — dünyada şərin mövcud olmasına (şər problemi) baxmayaraq, Kainatın xeyirxah İlah tərəfindən idarə edilməsinə haqq qazandırmaq üçün hazırlanmış dini və fəlsəfi təlimlər toplusu.
Bu termin 1710-cu ildə Leybnits tərəfindən təqdim edilmişdir.
Təqdim etdi:
Sultan Laçın