İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ölkəmizdə səfərdədir.
Maraqlıdır, bu səfər Azərbaycan-İtaliya münasibətlərinə nə vəd edir?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bu səfərin mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“İtaliya-Azərbaycan münasibətlərinin artan xətt üzrə inkişafının bariz nümunəsi olan İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri iki ölkə üçün mühüm əhəmiyyət daşıyacaq.
Azərbaycanla İtaliya arasında həmişə dostluq münasibətləri hökm sürüb və bu dostluqda hər iki tərəf maraqlı olub. Avropa İttifaqından Azərbaycana edilən təzyiqlər fonunda Meloninin Bakıya, həm də Ermənistanda bir çox Avropa və Qərb liderlərinin toplantısından bilavasitə sonra gəlməsinin də xüsusi məna daşıdığı birmənalıdır. Bu, Avropada hökm sürən ikili standartlara verilən cavabdır, eyni zamanda, heç də Avropa ölkələrinin hamısının Azərbaycana qarşı eyni mövqedən çıxış etmədiklərinin göstəricisidir.

Azərbaycan və İtaliya arasında uzun illərdir ki, iqtisadi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasında enerji daşıyıcıları sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan İtaliyanın qazla təminatında mühüm rol oynayır. Bu da münasibətlərin strateji mahiyyətini göstərir.
Avropada son dövrlər mövcud olan enerji daşıyıcıları sahəsində problemlər İtaliyanın Azərbaycanla bu sahədə daha geniş şəkildə əməkdaşlıq etməyi şərtləndirir. Azərbaycanın güvənilir tərəfdaş imici İtaliya üçün təhlükəsizlik qarantiyası təmin edir. Hesab edirəm ki, bu səfər zamanı da bu kimi məsələlərin yeni mərhələyə keçməsi üçün bir vasitə olacaq”.
Seymur ƏLİYEV