Bizi sosial şəbəkələrdən izləyin:
"Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib. Azərbaycan Prezidentinin çıxışında diqqəti çəkən məqamlardan bir də, Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin müşahidə olunmasıdır".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu ikili yanaşma yalnız idmanda deyil, eləcə də siyasətdə də müşahidə olunur: "Bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir. Yəni, Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar.
Təbii ki, Avropada Azərbaycanın dostları da az deyil. Ölkəmizə olan son yüksək səviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsi ilə Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standardlara əsaslanan yanaşması təəssüf ki, bitmək bilmir".