Hamiləliyə və doğuma görə müavinətlərin verilməsində yeni qaydanın tətbiqinə start verilir
Ekskluziv
503
16:18, Bu gün

Hamiləliyə və doğuma görə müavinətlərin verilməsində yeni qaydanın tətbiqinə start verilir

Mövcud qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisə tərəfindən elektron formada tərtib olunan xəstəlik vərəqəsinə əsasən təyin edilir. Sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə müvafiq məzuniyyət əmri daxil edildikdən sonra müavinət məzuniyyət dövrünə düşən təqvim günləri üzrə avtomatlaşdırılmış qaydada ödənilir. Sabahdan qüvvəyə minəcək dəyişikliklərə əsasən, müavinətlərin təyin olunması prosesi tam elektronlaşdırılaraq avtomatlaşdırılmış sistem üzərindən həyata keçiriləcək. Müavinətin hesablanmasında sosial sığorta stajı və son dövrlərə aid gəlir göstəriciləri əsas götürüləcək ki, bu da ödənişlərin daha obyektiv müəyyənləşdirilməsinə xidmət edir.

Bununla yanaşı, yeni qaydaların tətbiqi hansı real dəyişikliklər və potensial risklər yarada biləcəyi də maraq doğurur.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Xalid Kərimli bildirdi ki, müavinətlərin tam elektronlaşdırılması və avtomatlaşdırılması ümumilikdə müsbət addım olmaqla yanaşı, prosesdə şəffaflığın artmasına xidmət edir:

“Təbii ki, bu müavinətlərin avtomatlaşdırılmış qaydada verilməsi vətəndaşlar üçün əlçatanlığın, şəffaflığın və ümumi rahatlığın artmasına xidmət edəcək. Avtomatik rejimdə bu vəsaitlərin əldə olunması, bütövlükdə, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və prosesin cəmiyyət üçün xərclərinin azaldılması deməkdir. Ümumilikdə, bu kimi proseslərin — avtomatlaşdırma və rəqəmsallaşmanın genişlənməsi yalnız bu sahədə deyil, bütün istiqamətlər üzrə vətəndaşlara xidmətin keyfiyyətini artırır, inzibati xərcləri azaldır və şəffaflığı daha da gücləndirir. Bu baxımdan, yanaşma bütün aspektlər üzrə müsbət qiymətləndirilə bilər.

Lakin burada mühüm bir məqam da mövcuddur. Təhlükəsizlik məsələləri və vətəndaşların maarifləndirilməsi prosesi paralel şəkildə aparılmalıdır. Çünki rəqəmsallaşma və avtomatlaşdırma genişləndikcə, ödənişlərin daha çox nağdsız formaya keçməsi əsasında vətəndaşların məlumatlılıq səviyyəsinin artırılması, eləcə də kibertəhlükəsizliyin təmin olunması zərurəti yaranır. Müşahidələr göstərir ki, bu sahə inkişaf etdikcə, xüsusilə texnologiyalardan istifadə bacarıqları zəif olan şəxslər müəyyən çətinliklərlə üzləşirlər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər