Ekskluziv
420
11:07, Bu gün

"Cəmiyyətlərdə nifrət dilinin genişlənməsi Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin...”

Azərbaycanda ermənilərə qarşı sərt və nifrət dolu ifadələrin artması müəyyən erməni siyasi dairələrinin və Rusiya ilə əlaqələndirilən sərt mövqeli qrupların mövqelərinə dolayı şəkildə təsir edə bilər...”
 
“Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına bu qədər yaxın mərhələyə Ermənistanın hazırkı hökuməti ilə nail olub. Buna görə də indiki hakimiyyətin Ermənistanda qalması Azərbaycanın maraqlarına uyğun görünür...”
 
“Cəmiyyətlər daxilində mövcud olan tarixi ağrılar, xüsusilə müharibə yaşamış, qaçqın və məcburi köçkün vəziyyətində olan insanlar üçün emosional yaddaşın güclü olması təbiidir...”
 
“Tarixi təcrübə göstərir ki, uzunmüddətli və çətin münaqişələrdə informasiya mühiti və emosional ifadələr bəzən hərbi və diplomatik amillər qədər təsir gücünə malik ola bilir...”
 
“Ermənistanda yaxınlaşan parlament seçkiləri təkcə daxili siyasi proses deyil, həm də Cənubi Qafqazda daha geniş siyasi və güc balansının necə formalaşacağına təsir edən mühüm mərhələdir. Bu baxımdan ictimai rəyin, siyasi çıxışların və xüsusilə də qarşı tərəfə yönələn emosional dilin seçki prosesinə təsiri diqqətdən kənarda qala bilməz. Seçki dövründə formalaşan danışıq tərzi yalnız daxili siyasi rəqabətə deyil, eyni zamanda regionda sülh və ya gərginlik istiqamətinə də təsir edən amillərdən biridir.”
 
Bu mülahizələri Moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan cəmiyyətlərində bir-birlərinə qarşı nifrət aşılayan fikirlərin hər iki ölkənin bu günü və gələcəyi üçün ciddi zərərlərindən danışan ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
 
“Son dövrdə irəli sürülən əsas fikirlərdən biri ondan ibarətdir ki, Azərbaycanda ermənilərə qarşı sərt və nifrət dolu ifadələrin artması müəyyən erməni siyasi dairələrinin və Rusiya ilə əlaqələndirilən sərt mövqeli qrupların mövqelərinə dolayı şəkildə təsir edə bilər. Bu yanaşmanın məntiqi ondan ibarətdir ki, cəmiyyətlərdə emosional və sərt mesajların çoxalması qarşı tərəfdə “təhlükə hissini” gücləndirir və nəticədə daha müdafiəçi və sərt siyasi mövqelərin güclənməsinə şərait yaradır. Belə hallarda sülhə yönəlmiş siyasi xəttin qəbul edilməsi çətinləşə bilər. Eyni zamanda, kompromis tərəfdarı olan siyasi qüvvələr həm ictimai rəy, həm də siyasi mühit daxilində daha çox təzyiqlə üzləşə bilərlər”, -deyə davamında konfliktoloq bildirib.  
 
“Qeyd etmək lazımdır ki, Paşinyan hökumətinin və ümumiyyətlə, sülh istiqamətini dəstəkləyən siyasi qüvvələrin əsas vəzifələrindən biri daxili siyasi dayaq və legitimliyi qorumaqdır. Əgər Ermənistan cəmiyyətində Azərbaycanla bağlı ictimai ritorika yalnız təhlükə, düşmənçilik və sərt çağırışlar üzərində qurularsa, bu, seçicilərin davranışına həm birbaşa, həm də dolayı yolla təsir edə bilər. Belə bir mühitdə daha praqmatik və kompromis yönlü siyasi mövqelər zəif görünə bilər və bu da seçki nəticələrində siyasi tarazlığın dəyişməsi riskini artıra bilər. Bu səbəbdən bəzi analitik baxışlara görə, emosional və nifrət yönlü danışıq tərzinin artması nə regional sabitliyə, nə də uzunmüddətli sülh prosesinə xidmət edir. Əksinə, bu cür yanaşmalar qarşılıqlı etimadı zəiflədir və müxtəlif tərəflərin bir-birinə təsir imkanlarını artırır. Tarixi təcrübə göstərir ki, uzunmüddətli və çətin münaqişələrdə informasiya mühiti və emosional ifadələr bəzən hərbi və diplomatik amillər qədər təsir gücünə malik ola bilir”, - sülh fəalı diqqətə çatdırıb.
 
Alim eyni zamanda o  məqamı qeyd etməyi vacib bilir ki, bu məsələyə yalnız xarici təsir və ya böyük güclərin yönləndirməsi kimi yanaşmaq kifayət deyil: 
 
“Cəmiyyətlər daxilində mövcud olan tarixi ağrılar, xüsusilə müharibə yaşamış, qaçqın və məcburi köçkün vəziyyətində olan insanlar üçün emosional yaddaşın güclü olması təbiidir. Buna görə də fərqli baxışların və emosional reaksiyaların mövcudluğu sosial reallığın bir hissəsidir. Amma münaqişələrin uzunmüddətli həlli baxımından əsas sual budur: bu emosional yaddaş siyasətdə insanları səfərbər etmək və qarşıdurmanı gücləndirmək üçün istifadə olunur, yoxsa zaman keçdikcə sülhün və normal münasibətlərin qurulmasına yönəlir?..
 
Sülh proseslərinin davamlılığı üçün ictimai ritorika mühitinin mümkün qədər gərginliyi azaltmağa yönəlməsi vacib şərtdir. Bu məsuliyyət yalnız bir tərəfin deyil, bütün iştirak edən cəmiyyətlərin və siyasi aktorların üzərinə düşür. Çünki qarşılıqlı sərtləşmə çox vaxt öz-özünü gücləndirən bir prosesə çevrilir və bu da kompromis imkanlarını getdikcə azaldır, eyni zamanda siyasi riskləri artırır...”
 
Əli Əskərli Azərbaycanın rəsmi mövqeyi və ictimai yanaşmasının Ermənistanda illərdir sülh üçün real addımlar atan Paşinyan hakimiyyətinin mövcudluğunun nəzərə alınaraq formalaşmasının daha arzuolunan olduğunu da nəzərə çatdırıb:
 
“Bu məqamda öz cəmiyyətimizə baxdıqda, Azərbaycanın maraqlarına nəyin uyğun olduğunu düzgün qiymətləndirmək vacibdir. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına bu qədər yaxın mərhələyə Ermənistanın hazırkı hökuməti ilə nail olub. Buna görə də indiki hakimiyyətin Ermənistanda qalması Azərbaycanın maraqlarına uyğun görünür. Bu halda Azərbaycanın rəsmi mövqeyi və ictimai yanaşması da bu reallığı nəzərə alaraq formalaşsa, daha uyğun olar. Demokratik cəmiyyətdə ictimai fikrin tam şəkildə yönləndirilməsi mümkün olmadığından fikir müxtəlifliyi təbiidir. Lakin ermənilərə qarşı nifrət dilinə etiraz etməyin də demokratik hüquqlar çərçivəsində olduğunu nəzərə almaq zəruridir...”
 
“Nəticə etibarilə, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin real, davamlı və daha sabit əsaslar üzərində formalaşması üçün ictimai mühitin də bu prosesə uyğunlaşması vacibdir. Siyasi liderlər sülhə doğru addımlar atmağa çalışdıqları bir şəraitdə, cəmiyyətlərdə nifrət dilinin genişlənməsi bu prosesin davamlılığını zəiflədə bilər. Buna görə də daha sakit, ölçülü və gələcəyə yönəlmiş ictimai danışıq tərzi həm regionun sabitliyi, həm də uzunmüddətli sülh perspektivləri baxımından daha faydalı və strateji seçim kimi görünür”, -deyə konfliktoloq vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər