Mədəniyyət Mərkəzinin bağçaya çevrilməsi iddiası qalmaqala səbəb oldu – deputat məsələyə münasibət bildirdi
Ekskluziv
677
19:50, Bu gün

Mədəniyyət Mərkəzinin bağçaya çevrilməsi iddiası qalmaqala səbəb oldu – deputat məsələyə münasibət bildirdi

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzi ilə bağlı iddialar diqqət mərkəzində qalmaqda davam edir. Qaradağ rayon sakini, Vətən müharibəsi qazisi Mənsur Həsənovun Moderator.az-a ünvanladığı məktubda mərkəzdə qanunsuz uşaq bağçasının fəaliyyət göstərdiyi, bunun isə mərkəzin direktor vəzifəsini icra edən Gülnar Abbasovanın rəhbərliyi dövründə həyata keçirildiyi iddia olunur. Vətəndaşın müraciətində bildirilir ki, o, məsələ ilə bağlı 2025-ci ilin dekabr ayından etibarən Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etsə də, indiyədək rəsmi cavab almayıb.
 
Məsələ ilə bağlı müxtəlif iddialar və ictimai müzakirələr davam edərkən, Moderator.az-a bu məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin mövqeyi öyrənilib.

Deputat qeyd edib ki, bu kimi hallarda ən vacib yanaşma emosional qiymətləndirmədən çox, faktların obyektiv şəkildə öyrənilməsi və aidiyyəti qurumların rəsmi mövqeyinin ortaya qoyulmasıdır:

"Əgər qeyd olunan fəaliyyət doğrudan da qanunvericiliyin tələblərinə uyğun deyilsə, müvafiq qurumlar tərəfindən hüquqi çərçivədə qiymətləndirilməli və müəssisənin qanuni çərçivədə fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Eyni zamanda, belə iddiaların dəqiqləşdirilməsi üçün şəffaf araşdırma aparılması və nəticələrin ictimaiyyətə açıq şəkildə təqdim olunması vacibdir.

Bu, həm cəmiyyətin məlumatlandırılması, həm də müxtəlif şübhələrin aradan qaldırılması baxımından önəmlidir. Digər tərəfdən, vətəndaş müraciətlərinin vaxtında və dolğun cavablandırılması dövlət idarəçiliyinin əsas prinsiplərindən biridir.

Bu sahədə mümkün çatışmazlıqların aradan qaldırılması üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi və nəzarət imkanlarının gücləndirilməsi ümumi idarəetmə keyfiyyətinə müsbət təsir göstərə bilər. Doğurdan da bu sahədə ciddi problemlər mövcuddur.

Ümumilikdə, belə məsələlərdə balanslı yanaşma ondan ibarət olmalıdır ki, nəzarət mexanizmləri effektiv işləsin, eyni zamanda hər hansı qərar yalnız dəqiqləşdirilmiş faktlara əsaslansın. Bu yanaşma həm hüququn aliliyinin təmin olunmasına, həm də ictimai etimadın qorunmasına xidmət edir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər