İqtisadiyyatda durğunluğu yaradan səbəblər
İqtisadiyyat
284
21:56, Bu gün

İqtisadiyyatda durğunluğu yaradan səbəblər

 

Azərbaycan iqtisadiyyatının mövcud durumu hökumətin iqtisadi komandasını ciddi düşündürməlidir. Rəsmi statistika cari ilin birinci rübü üçün iqtisadiyyatın 0,3% azaldığını, onun real sektorunda isə cəmisi 0,2% artımın qeyd olunduğunu bəyan edir. Halbuki 2024-cü ilin birinci rübündə ölkə iqtisadiyyatında 4,0%, onun real sektorunda isə 6,7% artım qeydə alınmışdır. Ötən 2025-ci ilin birinci rübündə isə bu rəqəmlər kəskin azalaraq müvafiq olaraq 0,3% və 2,5% təşkil etmişdir.

Ölkə iqtisadiyyatında yaranmış bu durumun əsas səbəblərini bir qədər dərindən təhlil edək. Hesab edirəm ki, məhz belə bir təhlil ilə iqtisadiyyatımızda baş verən geriləmələrin əsl səbəblərini ortaya çıxarmaq mümkün olar.

Son 20 ildən artıq zaman kəsiyində ölkənin iqtisadiyyatında əldə olunan artımlar fonunda indi baş verənlər iqtisadiyyatda zəlzələ effektli bir hadisədir. Baxın, biz hardan hara gəlib çıxa bilmişik. 2004-cü ildə ölkədə real ümumi daxili məhsul cəmisi 17,5 milyard ABŞ dolları olmuşdusa, 2025-ci ildə bu rəqəm 3,5 dəfəyə qədər artaraq, 61,5 milyard dollar təşkil etmişdir. Ölkənin strateji valyuta ehtiyatları 2004-cü ildəki 5 milyard dollardan, 2026-cı ilin əvvəlində 85,1 milyard ABŞ dollarına qədər artmışdır. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 6%-i ətrafındadır və bu göstəriciyə görə biz dünya ölkələri arasında birincilər sırasındayıq.

Hesab edirəm ki, bütün bu uğurlar ölkə prezidentinin düzgün və uğurlu iqtisadi strategiyasının məntiqi nəticəsidir. Ən doğrusu isə budur ki, bu nəticələr birbaşa onun şəxsi təşəbbüslərinin və yüksək idarəçilik bacarığının nəticəsində əldə oluna bilinib.

Bəs nədən ilk baxışda ölkə iqtisadiyyatının sürətli inkişafına xidmət etməli olan bu qədər parlaq göstəricilərlə cari ilin birinci rübündə biz xoşagəlməz iqtisadi nəticələr əldə etmişik?

Kimdir günahkar...

Görünən budur ki, hökumət və onun iqtisadi bloku yaranmış vəziyyətin gerçək səbəblərini ya araşdırmaq istəmir, ya da sadəcə olaraq bu səbəbləri aradan qaldırmaq üçün ölkə başçısı qarşısında təşəbbüslə çıxış etmək istəmir. İqtisadiyyatda baş verən prosseslərin bütün incəliklərini ölkə başçısı detallarla təhlil etməməlidir. Bunun üçün hökumət və onun iqtisadi komandası var. Prezident bu məsələlərə ümumi rəhbərliyi həyata keçirən siyası fiqurdur. İqtisadiyyatdakı durumu tənzimləyən isə hökumət və onun iqtisadi komandasıdır. Heç şübhəsiz hökumət və onun iqtisadi komandası iqtisadiyyatda baş verənləri dərindən təhlil edib mövcud  problemlərin köklərini vaxtında müəyyən edə bilsəydi, o halda lazımı addımlar atılardı və Azərbaycan iqtisadiyyatında cari ilin birinci rübündə belə acınacaqlı nəticələr qeydə alınmazdı.

Ölkə iqtisadiyyatını geriyə sürükləyən səbəblər üzərində dayanaq...

Hər bir iqtisadiyyatın təkanverici qüvvəsi investisiyalardı. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu sırada yerli investisiyalarla yanaşı daha çox xarici investisiyalara üstünlük verilir. Bunun belə olduğunu ən azından son onilliklər ərzində cənub-şərqi Asiya ölkələrinin iqtisadiyyatında baş vermiş yüksəliş təsdiq edir.

Bəs bizdə bu məsələdə durum necədir? Cari ilin birinci rübünün iqtisadi göstəriciləri içərisində ən pozitiv nəticələrdən biri əsas kapitala yatırımların həcminin 14,9% artmasıdır. İlk baxışda bundan yaxşı nə ola bilər ki? Ancaq sual olunur, əgər iqtisadiyyata yatırımlar bu qədər böyükdürsə, o halda nədən cari ilin birinci rübündə ölkə iqtisadiyyatında 0,3% azalma qeydə alınıbdır? Deməli bu yatrımların iqtisadi artıma birbaşa təsirləri yox səviyyəsindədir.

Gəlin həmin yatırımların strukturunu araşdıraq. Edilmiş yatırımların sahələr üzrə bölgüsü bizə hər şeyi olduğu kimi göstərəcəkdir. Cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına bütün mənbələr üzrə ümumi kapital qoyluşlarının həcmi 4 milyard 49,8 milyon manat olubdur. Bunun 1 milyard 800 milyon manatı dövlət investisiyalarının payına düşür ki, həmin vəsaitin də təxminən 65-70%-i Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri ilə bağlıdır.

Birinci rübdə ümumi kapital qoyuluşunun cəmisi 1,7%-i (67,1 milyon manat) aqrar sektorun, 4,3%-i (173,8 milyon manat) isə emal sənayesinin payına düşür. Yəni birbaşa əlavə dəyər və məhsul bolluğu yaradacaq, ixrac potensialını genişləndirə biləcək aqrar sektorun və emal sənayesinin payına ümumi kapital qoyluşunun cəmi 5,9%-i (240,9 milyon manat) düşür. Yatırımların böyük payı isə daha çox tikinti, o cümlədən mənzil tikintisi, nəqliyyat və anbar təsərrüfatları və s. bu kimi sahələrə istiqamətləndirilmişdi.

Vəsaitlərin sahələr arasında bölgüsünə dair eyni mənzərəni ölkəyə gələn xarici kapitalda da görə bilərik.

Dünya bankının məlumatlarına görə son 10 ildə Azərbaycana daxil olan 20 milyard ABŞ dollarından çox xarici kapitalın 90%-ə qədəri neft-qaz sektorunun payına düşübdür. Bu vəsaitin qeyri-neft sektorunun payına düşən 10% (təxminən 2 milyard dollar) isə real sektorun sahələri arasında belə bölüşdürülübdür: – tikinti və daşınmaz əmlaka – 40%, maliyyə və bank sektoruna 25%, ticarət və xidmətlər sahəsinə 23%, kənd təsərrüfatına 5%, sənaye sahəsinə 5%, informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsinə cəmisi 2%.

Yerli yatırımlarda olduğu kimi xarici kapitalın da az bir qismi ölkədə əlavə dəyər və məhsul bolluğu yarada biləcək kənd təsərrüfatı və sənaye sahələrinə yatırılıbdır. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə ölkəyə gələn kapitalın cəmi 2%-nin yönəldilməsi isə bizdə bu sahənin nə qədər geridə qaldığının göstəricisidir. Halbuki müasir dövrdə bütün ölkələr bu sahədə daha çox məhsul istehsal etməyə və bu hesaba ixrac potensialını genişləndirməyə çalışırlar.

Yerli və xarici kapitalın iqtisadiyyatın sahələri üzrə bölgüsünə nəzər salmaqla ölkə iqtisadiyyatında hansı proseslərin getdiyini dəyərləndirmək mükündür. Yəni, ölkə iqtisadiyyatında əlavə dəyər yaradan və bu yolla daxili bazar üçün daha çox məhsul istehsal edən, ixrac potensialını genişləndirə bilən sahələrin inkişafına çox cüzi kapitalın yönəldildiyi bir vəziyyətdə iqtisadiyyatda cari ilin birinci rübündəkindən artıq nəticələrin əldə olunması mümkün deyil.

Bu dediklərimizin sırasına ölkədə kiçik və orta biznesə dövlət dəstəyinin simvolik olduğunu, biznesin kredit əlçatanlığının olmadığını, monopoliyanın dominantlıq etdiyini, vergi-gömrük sisteminin biznesi boğmaq qədər səriştəsiz fəaliyyətini, biznesə kobud məmur müdaxilələrini, xarici investorların və yerli sahibkarların ölkənin məhkəmə sisteminə güvəncinin olmadığı kimi reallıqları da əlavə etsək, o halda iqtisadiyyatda bu gün aldığımız nəticələrin tam məntiqi olduğuna inanmalıyıq...

 

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər