İran XİN sözçüsü: Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti İranla koordinasiya əsasında həyata keçirilir
Dünya
164
22:30, Bu gün

İran XİN sözçüsü: Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti İranla koordinasiya əsasında həyata keçirilir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hörmüz boğazındakı son vəziyyətlə bağlı açıqlama verib.

Moderator.az-ın məlumatına görə, Bəqai dövlət televiziyasına müsahibəsi zamanı Hörmüz boğazında yeni heç nə baş vermədiyini deyib.

“Aprelin 8-də elan etdiyimiz öhdəliyin icrası davam edir. Ticarət gəmilərinin təhlükəsiz keçidi İranla koordinasiya şərtilə mümkündür”, - Bəqai vurğulayıb.

Bəqai xarici işlər naziri Abbas Əraqçinin öz “X” hesabında Hörmüz boğazı ilə bağlı açıqlamasına da münasibət bildirib.

“Həmin yazıda deyilir ki, Livandakı atəşkəsdən sonra Hörmüz boğazından keçid İranın müəyyən etdiyi marşrut və səlahiyyətli qurumlarla koordinasiya əsasında aparılmalıdır. Bu açıqlama atəşkəs razılığının icrası çərçivəsindədir və qalan atəşkəs müddətinə də aiddir”, - Bəqai deyib.

XİN sözçüsü onu da qeyd edib ki, əgər əvvəllər ABŞ hökuməti öhdəliklərinə əməl etməmişdisə, indi Livandakı atəşkəslə bağlı öhdəliyini yerinə yetirmək qərarına gəlib.

“Biz də qarşılıq olaraq bildirdik ki, Hörmüz boğazında gəmiçilik əvvəlcədən elan edilmiş qaydada, səlahiyyətli orqanlarla koordinasiya və İranın müəyyənləşdirdiyi marşrut üzrə mümkündür”, - o deyib.

Sözçü vurğulayıb ki, İran həm Hörmüz boğazının gözətçisidir, həm də milli mənafelərin tələb edəcəyi təqdirdə İran heç bir güzəştə getməyəcək.

“Əgər qarşı tərəf yenidən əhdini pozsa, İran lazımi qarşılıqlı addımları atacaq. Onların təhdidləri atəşkəsin pozulması sayılacaq”, - Bəqai əlavə edib.

Bəqai atəşkəs çərçivəsinin iki həftə olduğunu və hazırda Pakistanın vasitəçiliyi ilə bütün diqqətin müharibənin tam dayandırılmasına yönəldiyini bildirib. Diplomat onu da qeyd edib ki, atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər