Ekskluziv
2255
15 Mar 2024 | 18:27

"Zelenskinin sülh düsturu məndə qarşısıalınmaz ikrah hissi doğurur" - Medvedev

"Kiyevin neonasist rejimi tam və qeyd-şərtsiz təslim olmalı, keçmiş Ukraynanın bütün ərazisi Rusiya Federasiyasının ərazisi olduğu rəsmən tanınmalıdır..."
 
Medvedev "keçmiş" Ukrayna üçün özünün "sülh düsturu"nu təklif edib
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynanın "sülh düsturu"nun qarşılığında "Rusiyanın təmkinli, hamı üçün humanist olan öz sülh düsturunu" təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Teleqram-kanal"ında yazıb. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
Rusiyanın yad ölkənin ərazisində müharibənin dayandırılması üçün tələblərinə Medvedev özünə xas olan nadanlıqla
kiçik girişlə başlayıb.
 
"Mən "Zelenskinin sülh düsturu" ifadəsini eşidəndə baş verənlərin iyrənc sürrealizmindən tez bir zamanda utanc hissinə keçən qarşısıalınmaz ikrah hissi keçirirəm.
 
Axı hamı, o cümlədən Qərbin qudurğan yalançıları da çox gözəl anlayır ki, müharibə zamanı hətta daha asan vəziyyətlərdə ya hər iki tərəfdən ağıllı güzəştlər əsasında qarşılıqlı iradənin mövcud olduğu şəraitdə, ya da münaqişə tərəflərindən birinin təslim olması yolu ilə sülhə nail olmaq mümkündür", - Medvedev yazıb.
 
Daha sonra öz "sülh düsturu"nda Medvedev Ukraynanı istisnasız olaraq "keçmiş" adlandırır, yəni bu dövlətin mövcudluğunu tamamilə istisna edir və birinci bənddəcə "Kiyevin neonasist rejiminin tam və qeyd-şərtsiz təslim olmasını" tələb edir.
 
Medvedevin "sülh düsturunda həmçinin aşağıdakılar yer alıb:
 
-  "Beynəlxalq birlik tərəfindən Kiyevin siyasi rejiminin nasist xarakterinin tanınması və BMT-nin nəzarəti altında bütün hakimiyyət orqanlarının məcburi denasifikasiyasının keçirilməsi".
 
- "BMT tərəfindən keçmiş "Ukrayna"nın beynəlxalq subyekt olması hüququnu itirdiyinin və Rusiyanın razılığı olmadan onun istənilən hüquqi varislərinin hərbi alyanslara daxil olmasının mümkünsüzlüyünün bəyan edilməsi".
 
- "Keçmiş "Ukrayna" hakimiyyətinin bütün konstitusiya orqanlarının istefası və BMT-nin himayəsi altında keçmiş "Ukrayna" ərazisində dərhal müvəqqəti parlamentə seçkilərin keçirilməsi".
 
- "Müvəqqəti parlament tərəfindən Rusiyaya ölkə vətəndaşlarımızın həlak olan qohumları da daxil olmaqla  bütün lazımi kompensasiyaların ödənilməsi və yaralıların sağlamlığına vurulan zərərin ödənilməsi haqqında qanunun qəbul edilməsi. Rusiya Federasiyası subyektlərinə törədilən zərərin ödənilməsi qaydasının müəyyən edilməsi".
 
- "Keçmiş "Ukrayna"nın müvəqqəti parlamenti tərəfindən onun bütün ərazisinin Rusiya Federasiyasının ərazisi olduğunun rəsmən tanınması".
 
- "Müvəqqəti parlanmentin buraxılması. BMT tərəfindən birləşmə aktının tanınması".
 
Medvedevin sözlərinə görə, bu, "elə güzəştli mövqedir" və bunun əsasında "beynəlxalq birliklə xoşməramlı konsensus axtarmaq olar".
 
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin payızında "Böyük İyirmilik" təşkilatının sammitində özünün "sülh düsturu"nu təklif edib.
 
Bu düstur 10 bənddən ibarətdir və başlıcası Ukraynanın 1991-ci il sərhədlərinin bərpası, Rusiya qoşunlarının çıxarılması və döyüş əməliyyatlarının dayandırılması bəndləridir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər