“Azərbaycan qanunlarını müxtəlif parametrlərdə dəfələrlə pozan bir əcnəbi vətəndaş olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşən kimi onun yeri həbsxanadır...”
Xəbər verdiyimiz kimi, Avropanın nüfuzlu "EU Reporter" analitik portalı “Aİ üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır” başlıqlı məqaləsində 9 aydan çoxdur Azərbaycan ərazisində qanunsuz ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətlə məşğul olan Ruben Vardanyanın Qarabağdakı məkrli və təxribatçı fəaliyyəti və onun Azərbaycan, Güney Qafqaz, Ukrayna və Avropa İttifaqı üçün böyük təhlükə olmasından bəhs edib. Bəs görəsən, belə bir şəraitdə Azərbaycan dövləti R. Vardanyana qarşı hansı tədbirləri görməlidir?..
Moderator.az-a açıqlamasında mövzu ilə bağlı sualımızı cavablandırarkən öncə baş redaktor Zülfüqar Hüseynzadənin gözlənilmədən dünyasını dəyişməsi ilə bağlı başsağlığı diləklərini çatdırıb:
“Sualınıza cavaba keçməmişdən öncə saytınızın baş redaktoru, istedadlı jurnalist Zülfüqar Hüseynzadənin öz doğma kəndində gözlənilməz vəfatıyla bağlı doğmalarına, həmçinin redaksiyanın kollektivinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Zülfüqar bəylə üzbəüz görüşmək qismət olmasa da, neçə illərdir mütəmadi olaraq açıqlamalar, müsahibələr verdiyim saytın rəhbəri kimi həm bacarıqlı bir media kapitanı, həm də gözəl, nüfuzlu bir insan kimi tanımışam... Allah rəhmət eləsin! Ümid edirəm ki, saytınızın əməkdaşları Zülfüqar bəyin qoyduğu ənənələri davam etdirməklə Moderator.az-ın yenə də ölkənin sayılıb-seçilən media qurumlarından biri kimi qalmasına şərait yaradacaqlar...
Ruben Vardanyana gəldikdə, deyilənlər Avropalıların rəyidir. Amma bir şey deyə bilərəm ki, Vardanyan Azərbaycan qanunlarını müxtəlif parametrlərdə dəfələrlə pozan, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və konstitusyon quruluşuna qarşı çıxışlar edən, kütləvi separatçı mitinqlər təşkil edən, qanunsuz ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətlə məşğul ola bir əcnəbi vətəndaş olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşən kimi onun yeri həbsxanadır...”
“İndiki vəziyyətdə Vardanyanı həbs etmək və ya heç olmasa, ərazimizdən kənarlaşdırmaq üçün əlimizdə hansısa rıçaqlar varmı?” sualını isə politoloq belə cavablandırıb:
“Vardanyanı İnterpolla axtarışa vermək olar. Amma bu, bir az gülməli çıxar... Çünki o, hazırda öz ərazimizdədir, xaricdə deyil və hazırda heç xaricə çıxmaq da şansı yoxdur... Sadəcə, bizə indi vaxt lazımdır ki, bir sıra mövzuları dünyaya çatdıraq, təbliğ edək, Ermənistanın siyasətini tam ifşa edək və bundan sonra həlledici zərbəni vuranda hamı desin ki, Azərbaycan tam haqlıdır. Bundan sonra Rubeni də, Arayiki də, digərlərini də lazımi formada cəzalandıra bilərik”.
Sultan Laçın