"Qlobal ticarətin əsas dayaqları təhlükə altındadır və bu, yeni böhran dalğası yarada bilər..."
Dünya iqtisadiyyatının sabitliyi bir neçə strateji dəniz keçidindən asılıdır. Hörmüz boğazında baş verənlər göstərdi ki, bu marşrutların bağlanması təkcə regional deyil, qlobal böhran yarada bilər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Di Welt" nəşri yazıb.
Qlobal sistemin zəif nöqtələri
Nəşr yazır ki, Hörmüz boğazından dünya neftinin təxminən 20 faizi keçir və enerji bazarları üçün həyati əhəmiyyət daşıyır. Belə keçidlərin məhdudlaşdırılması təkcə qiymət artımına deyil, həm də istehsal və logistika zəncirlərinin pozulmasına səbəb olur. Əgər digər ölkələr də coğrafi mövqelərini təzyiq alətinə çevirsə, bu, qlobalizasiya modelinin özünü sarsıda bilər.
Asiya və Yaxın Şərqin kritik keçidləri
Malakka boğazı dünya dəniz ticarətinin təxminən 40 faizinin keçdiyi əsas marşrutdur. Eyni zamanda Bab əl-Məndəb boğazı və Süveyş kanalı Avropa ilə Asiya arasında əsas ticarət xəttini təşkil edir. Son hadisələr - husilərin hücumları və Süveyş kanalındakı qəzalar bu keçidlərin nə qədər həssas olduğunu göstərib. Hətta qısa müddətli fasilələr belə marşrutların dəyişməsinə, daşınma xərclərinin artmasına və qlobal tədarükün ləngiməsinə səbəb olur.
Türkiyə və qlobal nəticə
Qara dənizlə dünya okeanı arasında yeganə çıxış olan Bosfor və Dardanel boğazları Türkiyənin nəzarətindədir və bu, ölkəni qlobal ticarətdə açar oyunçuya çevirir. Xüsusilə taxıl ixracı baxımından bu marşrut həyati əhəmiyyət daşıyır.
Bu boğazların bağlanması və ya məhdudlaşdırılması ərzaq təhlükəsizliyinə ciddi zərbə vuraraq Şimali Afrika və Yaxın Şərqdə sabitsizlik yarada bilər. Türkiyə isə Montrö Konvensiyası çərçivəsində bu keçidlərə nəzarəti balanslaşdırmağa çalışır.
Eyni zamanda Tayvan boğazı ətrafında mümkün gərginlik və ya blokada qlobal iqtisadiyyata daha geniş təsir göstərə bilər. Mikroçip istehsalının azalması və ticarətin pozulması dünya sənayesini ciddi sınaq qarşısında qoya bilər. Nəticə etibarilə, bu "dar boğazlar" üzərində nəzarət artıq sadəcə coğrafi məsələ deyil - bu, qlobal güc balansını müəyyən edən əsas alətlərdən birinə çevrilir.