Qul haqqı
"Hər kəsi razı salmadan bu cür haqsızlığın vəbalını ödəmək çətindir..."
Rəsulullahın (s.a.s.) vəfatına yaxın xəstəliyi xeyli şiddətlənmişdi. Sahabələri ilə halallaşmağı düşünürdü. Yatağından qalxıb məscidə − hər zaman oturduğu, insanlara söhbət etdiyi minbərinə tərəf getmək istəyirdi. Ayaq üstə duracaq taqəti yox idi. Bir qolundan Həzrət Əli (r.a.), o bir qolundan da Fəzl ibn Abbas (r.a.) tutdu. Çətinliklə ayağa qalxa bildi. Birtəhər məscidə gəldi. Minbərə çıxıb oturdu və Bilalı (r.a.) çağırdı və belə dedi:
“Ey Bilal! İnsanlara elan elə, məscidə toplaşsınlar. Onlara vəsiyyət edəcəm. Bu mənim son vəsiyyətimdir.” Həzrət Bilal Rəsulullahın (s.a.s.) tapşırığı yerinə yetirdi. Çox keçmədən insanlar məscidə yığışdılar. Allah Rəsulu (s.a.s.) Allaha həmd və səna etdikdən sonra insanlara belə xitab elədi:
“Ey insanlar! Sizdən ayrılma vaxtım çox yaxındır. Kiməsə vurmuşamsa, gəlib belimə vursun. Kiminsə malını almışamsa, gəlib haqqını istəsin. Diqqət edin! Heç kim “qisas tələb etsəm Rəsulullah məndən inciyər”- deyə düşünməsin! Bilirsiniz ki, məndən haqqını istəyəndən küsmək və incimək mənə yaddır. Mənim yanımda ən sevimliniz haqqı varsa, gəlib məndən onu istəyəndir. Yaxud haqqını halal edəndir. Mən Rəbbimin hüzuruna üzərimdə qul haqqı olmadan getmək istəyirəm…”[1]
Kiməsə borclu olmaq insanı həmişə narahat edir. Bəli, borc çox ağır bir yükdür. Əsl insan hər cür asılılıqdan qurtulub azad olmalı, çalışmalııdr ki, kiməsə minnət borcu belə olmasın. Hər kəs tərəfindən bilinən borc. gec-tez ödənilir. Çoxumuzun fərqində olmadan yığılan bir haqq borcu var ki, ödənilməsi çətin, hətta bəzən imkansızdır. Bu borc qul haqqıdır.
Qul haqqı nədir?
İslamda əsasən iki cür haqq anlayışı var:
Allahın haqqı:
namaz qılmaq, oruc tutmaq, malın zəkatını vermək, müəyyən günahlardan uzaq qalmaq və s. Dinin əmr və qadağalarını yerinə yetirmək də Allahın haqqıdır.
İnsanın başda insanlar olmaq şərti ilə digər varlıqlara qarşı haqq məsuliyyətləri.
Bunlardan ən vacibi isə qul haqqıdır. Qul haqqına insan haqları da deyə bilərik. Haqq məsələsi insanın cənnət və ya (Allah qorusun!) cəhənnəmə getməsi üçün əsas təyin edici xüsusdur.
Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.
Qul haqqı ən dar dairədə ailə üzvlərinə qarşı məsuliyyətlərlə başlayır. “O gün insan öz qardaşından/ dostundan, atasından-anasından, həyat yoldaşından və övladlarından qaçacaq. O gün hər kəsin belini bükən ağır məsuliyyəti olacaqdır.”[2] Qeyd edilənlər bizim ən yaxınlarımız, ən çox ərk elədiyimiz insanlardır. Bu dünyada onlar bizim üçün, biz də onlar üçün bir çox fədakarlığı etməyə hazırıq. Ancaq hər haqq sahibi kimi onlar da Allahın bəndələri olduğu üçün axirətdə haqlarını tələb edəcəklər. Çünki məhşər meydanında hərənin hesabı ayrı olacaq. Hamı öz canının hayında olacaqdır.
Qul haqqı fərdi ola biləcəyi kimi, cəmiyyətlə də əlaqəli ola bilər. İnsanların haqqına girən şəxs tək-tək hər kəsdən halallıq istəməlidir. Məsələn: Dövlət malını qəsb edən şəxs, ümuma aid haqqı tapdamış olar. Odur ki, o, hər bir vətəndaşdan, öıkə sakinindən halallıq istəməlidir. Çünki dövlət əmlakında hər bir vətəndaşın haqqı var. Bəzən haqqı çeynəmək sadəcə əmlakın qəsbi ilə qalmır, insan vəzifəsindən və səlahiyyətlərindən sui-istifadə edir. Başqalarına şüurlu şəkildə zülm və əziyyət verir. Bəzən də cəmiyyət içərisinə ədavət, çaxnaşma salır. Hər kəsi razı salmadan bu cür haqsızlığın vəbalını ödəmək çətindir.
Qul haqlarının axirətdəki nəticəsi çox ağırdır. Qul haqqında girən insanın etdiyi ibadət və yaxşılıqlar nə qədər çox olsa da, axirətdə onlardan tam faydalana bilməyəcək. Belə şəxslər müflis adlandırılır...
(Davamı var)
Mənbələr:
[1] İbn Sad, Təbəqat, 2:255; Təbəri, Tarix, 3:191; İbni-Kəsir, Sirə, 4:257.
[2] Əbəsə surəsi 80/34-37.
Meneviyyat.az