İnk imperiyası dövrünə aid uşaq mumiyası Buenos-Ayres muzeyində 119 il saxlanıldıqdan sonra Argentinanın şimal-qərbində yaşayan kolla xalqının icmasına qaytarılıb. Söhbət 1905-ci ildə Xuxuy əyalətindəki Çanyi dağında tapılmış "Çanyi uşağı"ndan gedir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qalıqlar hərbçilər və alpinistlər tərəfindən təxminən 5 900 metr yüksəklikdə aşkar edilib. Tədqiqatçılara görə, uşağın yaşı 5-7 arasında olub. Alimlər onun ink ritualı olan "kapakoça" zamanı qurban verildiyini düşünürlər.
Aşkar edildikdən sonra mumiya Buenos-Ayres Universitetinin nəzdində fəaliyyət göstərən Etnoqrafiya Muzeyinə təhvil verilib. Puna regionundakı icma nümayəndələri onilliklər ərzində qalıqların doğma torpağa qaytarılmasını tələb ediblər.
Mayın 28-də mumiya El-Moreno qəsəbəsinə gətirilib və burada kolla xalqının nümayəndələri qarşılanma mərasimləri keçiriblər. İcma liderlərindən biri Klemente Flores bildirib ki, uşaq onların mədəni yaddaşının və tarixinin bir hissəsi olaraq qalır.
Rəsmi təhvilvermə zamanı universitet nümayəndələri uzun illər davam edən gecikməyə görə icmadan üzr istəyiblər.