"Rumıniyadakı dron insidenti Qərbin sərt bəyanatlarla yanaşı Rusiyanı maliyyələşdirməyə davam etdiyini göstərib..."
Avropanın Rumıniyada Rusiya dronu ilə bağlı insidentə verdiyi sərt reaksiyalar əslində Moskvanın gücündən çox, Qərbin zəifliyini və ikiüzlü siyasətini nümayiş etdirir.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Məhdud hücum, böyük səs-küy
Nəşrdəki məqaləsində britaniyalı jurnalist və tarixçi Ouen Metyuz qeyd edir ki, Rusiyanın son gecə həyata keçirdiyi hücum əvvəlkilərlə müqayisədə kifayət qədər məhdud olub. Belə ki, ümumilikdə 147 pilotsuz aparat buraxılıb və Ukrayna onlardan 138-ni zərərsizləşdirə bilib. Metyuzun fikrincə, bu rəqəm Rusiyanın bir sutkada 1,5 mindən çox dron istifadə etdiyi hücumlarla müqayisədə "əhəmiyyətsiz" görünür.
Buna baxmayaraq, dronlardan biri NATO hava məkanına daxil olaraq Rumıniyada yaşayış binasına çırpılıb və iki nəfərin yaralanmasına səbəb olub. Hadisədən sonra Rumıniya rəhbərliyi və NATO rəsmiləri Rusiyaya qarşı sərt bəyanatlar veriblər.
NATO-ya "diş göstərmək" çağırışı
Ən kəskin çıxışlardan birini isə Çexiya prezidenti Pyotr Pavel edib. O, NATO-nu "dişlərini göstərməyə" çağıraraq Rusiyanın internetdən təcrid olunmasını, banklarının qlobal maliyyə sistemindən ayrılmasını və NATO hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasını təklif edib.
Lakin müəllif yazır ki, Rusiyanı internetdən ayırmaq imkanına əsasən ABŞ malikdir, Rusiya bankları isə onsuz da sanksiyalar altındadır. Bundan əlavə, NATO qaydaları hava məkanını pozan təyyarələrin vurulmasına artıq icazə verir.
Metyuz hesab edir ki, Avropa liderləri gurultulu bəyanatlar versələr də, iki vacib məqamı görməzdən gəlirlər. Birincisi, Rumıniya açıq şəkildə hücumun əsas hədəfi olmayıb və dronun onun ərazisinə düşməsi çox güman ki, naviqasiya sistemindəki nasazlıqla bağlı olub.
"Avropa hələ də Rusiyanı maliyyələşdirir"
Müəllifin fikrincə, əgər Kreml həqiqətən NATO-ya zərbə vurmaq istəsəydi, Polşadakı logistika mərkəzlərini və ya Baltik ölkələrini hədəf seçərdi. İkinci mühüm məqam isə odur ki, 20 sanksiya paketinə baxmayaraq, Avropa hələ də Rusiya enerji resurslarını almaqda davam edir və bununla da dolayısı ilə Moskvanın hərbi fəaliyyətini maliyyələşdirir. "Kremlin Avropanın etirazlarını ikiüzlü hürüş kimi qəbul etməsi təəccüblü deyil", - deyə jurnalist vurğulayır.
Rumıniya Müdafiə Nazirliyi isə insidentlə bağlı açıqlamasında bildirib ki, dronun vurulmamasına hüquqi məhdudiyyətlər və çox qısa reaksiya müddəti səbəb olub. Hərbçilərin hədəfi aşkarlamaq və məhv etmək üçün cəmi dörd dəqiqəyə yaxın vaxtı olub.
Rumıniya ordusunun briqada generalı Georqe Maksim əlavə edib ki, "Gepard" sistemləri hər yerdə yerləşdirilməyib, çünki sülh dövründə şəxsi mülkiyyət qanunla qorunur və hərbi texnikanın yerləşdirilməsi üçün torpaq sahiblərinin razılığı tələb olunur.