Dünya
354
21:50, Bu gün

"Putin Paşinyana niyə təzyiq edir?" - BBC

"Ermənistanda seçkilər öncəsi Moskva ilə münasibətlər daha da gərginləşir, Paşinyan isə ölkənin gələcəyini Avropa ilə yaxınlaşmada görür..."

Ermənistanda parlament seçkilərinə sayılı günlər qalmış Rusiya ilə münasibətlər daha da gərginləşib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Rusiya İrəvana təzyiqi artırır

BBC yazır ki, Moskva İrəvanı Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən çəkindirmək üçün iqtisadi və siyasi təzyiqləri artırır. Rusiya tərəfi Ermənistana qaz və neft məhsullarının tədarükünün dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əvvəl isə Ermənistanın mineral su, spirtli içki və çiçək ixracına müxtəlif məhdudiyyətlər tətbiq olunmuşdu. Bu fonda ABŞ və Avropa İttifaqı ilə münasibətlər sürətlə inkişaf edir. ABŞ dövlət katibi Marko Rubio İrəvana qısa səfər edərək Vaşinqtonla Ermənistan arasında iqtisadi və hərbi əməkdaşlığı gücləndirən sənədlər imzalayıb.

Paşinyan Avropa kursunu davam etdirir

Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan yaxın iki il ərzində Avropa İttifaqı ilə vizasız rejim əldə etməyə ümid edir. Onun sözlərinə görə, son illərdə ermənilərin Aİ ölkələrinə səfərləri kəskin artıb və Avropa səfirlikləri müraciətləri çatdırmaqda çətinlik çəkir. Paşinyan hətta zarafatla qeyd edib ki, gələcəkdə Ermənistan vətəndaşlarına Avropaya getmək üçün "yalnız pasportu unutmamaq" qalacaq.

Ekspertlər hesab edirlər ki, Paşinyan ölkənin gələcəyini məhz Avropa ilə yaxınlaşmada görür, lakin eyni zamanda Rusiya ilə münasibətləri tam qoparmaq istəmir. Çünki Ermənistan iqtisadi və enerji baxımından hələ də Moskvadan ciddi şəkildə asılıdır.

Moskva seçkilərə təsir etməyə çalışır

BBC-yə danışan jurnalist Kirill Krivoşeyevin fikrincə, Kreml seçkilər öncəsi Paşinyana təzyiqləri artırmaqla həm Ermənistan cəmiyyətinə mesaj verməyə, həm də İrəvanı seçim qarşısında qoymağa çalışır. Onun sözlərinə görə, Moskva qeyri-rəsmi şəkildə rusiyalı erməni milyarder Samvel Karapetyanı dəstəkləyir.

Lakin sorğular göstərir ki, Paşinyan hələ də seçki yarışının əsas favoriti olaraq qalır. Ekspert hesab edir ki, Rusiya qazın qiymətini ciddi şəkildə artırarsa, bu addım Ermənistan cəmiyyətində Moskvaya qarşı münasibəti daha da pisləşdirə bilər.

İrəvan balans siyasəti aparmağa çalışır

Məqalədə qeyd olunur ki, Paşinyan hakimiyyəti bir tərəfdən Avropa ilə inteqrasiyanı sürətləndirmək, digər tərəfdən isə Rusiya ilə iqtisadi əlaqələri qorumaq istəyir. İrəvan həmçinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının ölkə üçün yeni iqtisadi imkanlar aça biləcəyini düşünür. Bununla belə, Moskva Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına yaxınlaşıb, həm də Rusiyanın təqdim etdiyi güzəştlərdən faydalanmasını qəbul etmək istəmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər