Dünya
293
21:00, Bu gün

"Rusiya NATO ilə müharibəni 10 günə uduza bilər - bir şərtlə" - "The Times"

"Süni intellektlə idarə olunan müasir dronların kütləvi istifadəsi Baltikyanı ölkələrdə mümkün müharibənin gedişini tam dəyişə bilər..."

ABŞ-lı hərbi analitiklər Rusiyanın Litvaya mümkün hücumu ilə bağlı iki fərqli ssenarini modelləşdiriblər. Nəticələr NATO üçün həm təhlükəli, həm də ümidverici mənzərə ortaya qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Birinci ssenari: Litva beş günə mühasirəyə düşür

Nəşrin təsvir etdiyi ilk ssenaridə Avropada siyasi böhranların dərinləşməsi və transatlantik birliyin zəifləməsindən sonra Rusiya Baltik regionuna hücuma başlayır. Ssenariyə əsasən, rus qoşunları Latviyanın şərqindən irəliləyir, Belarus ərazisindən Vilnüs istiqamətində hücum edir və eyni vaxtda Kalininqrad vilayətindən Litvaya daxil olur. 

Nəticədə Litvanın paytaxtı artıq beşinci günə yaxın tam mühasirəyə düşür. Materialda qeyd olunur ki, belə vəziyyətdə NATO daxilində tərəddüd yaranır, alyansın bəzi əraziləri Rusiya nəzarətinə keçir və Moskva işğal olunmuş mövqeləri qorumaq üçün nüvə silahı ilə hədələməyə başlayır.

İkinci ssenari: "ağıllı dronlar" müharibənin gedişini dəyişir

Lakin analitiklər daha fərqli və NATO üçün daha uğurlu ssenarini də nəzərdən keçiriblər. Bu variantda Litva və Almaniya müharibəyə Helsing şirkətinin istehsalı olan 12 min HX-2 kamikadze dronu ilə daxil olur və nəticədə Rusiyanın ilk hücum dalğası faktiki olaraq iflasa uğrayır.

"The Times" yazır ki, təxminən 96 kilometrlik uçuş məsafəsinə malik olan bu aparatların əsas üstünlüyü süni intellekt əsasında işləyən idarəetmə sistemidir. Bu texnologiya radioelektron mübarizə şəraitində belə dronların hədəfə çatmasına imkan verir. Nəşr HX-2-ləri "uçan ağıllı bombalar" adlandırır. Dronlar həm qəlpəli sursat, həm də Rusiya tanklarının zirehini deşə bilən döyüş başlıqları daşıya bilir.

Bu dronlar artıq Ukraynada istifadə olunur

Məqalədə bildirilir ki, HX-2 dronları təxminən bir ildir Ukrayna cəbhəsində istifadə edilir. İlk mərhələdə onların effektivliyi aşağı olsa da, sonradan sistem ciddi şəkildə təkmilləşdirilib. Hazırda bu dronların döyüş şəraitində hədəfi vurma göstəricisinin 60-80 faiz arasında dəyişdiyi qeyd olunur. Bu göstəricinin bir çox ABŞ və Avropa sistemlərini üstələdiyi bildirilir. Bundan əlavə, son sınaqlarda HX-2-lər yarımavtonom "sürü" sistemində istifadə olunub və bir operatorun eyni vaxtda onlarla dronu idarə edə bildiyi vurğulanıb.

Rusiya qoşunları 10 gün tab gətirə bilmədi

ABŞ Pentaqonunun keçmiş nümayəndəsi Qreq Melçerin rəhbərlik etdiyi hərbi simulyasiyada NATO qüvvələrinin böyük sayda bu tip dronlardan istifadə etdiyi ssenaridə Rusiya ordusunun üçdə birindən çoxunun ilk 10 gündə məhv edildiyi bildirilir.

Melçer bildirib ki, hətta ABŞ və NATO müttəfiqləri gec reaksiya versə belə, ön xəttdə yerləşən Baltik ölkələri müasir silahlarla özlərini effektiv şəkildə müdafiə edə bilər. Ekspertin fikrincə, Litva kimi ölkələr düzgün silahlanma şəraitində Rusiyanın ilk hücum eşelonunu bir-iki həftə ərzində dayandırmaq və NATO qüvvələrinin bölgəyə çatması üçün vaxt qazanmaq imkanına malikdir.

Rusiyanın NATO ilə müharibə riski artır?

Son aylarda Qərb mediasında Rusiyanın Baltik regionunda NATO-nun reaksiyasını yoxlamağa çalışa biləcəyi ilə bağlı xəbərlər daha da artıb. "The Wall Street Journal" daha əvvəl yazıb ki, Kreml Ukraynadakı çıxılmaz vəziyyətdən sonra Avropada yeni qarşıdurma ssenarilərini nəzərdən keçirir. Avropalı təhlükəsizlik rəsmiləri isə Rusiyanın Baltik ölkələri, Baltik dənizindəki İsveç və ya Danimarka adaları, eləcə də Arktikadakı NATO ərazilərinə təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər