"Alyans gələcək savaşların modelini artıq Ukrayna cəbhəsində öyrənir..."
Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-nun gələcək strategiyasını ciddi şəkildə dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.
Nəşr yazır ki, dron müharibəsi, kiber müdafiə və sürətli silah istehsalı sahəsində Ukraynanın topladığı təcrübə alyansı yeni savaş modelinə uyğunlaşmağa məcbur edir. NATO baş katibi Mark Rütte prezident Vladimir Zelenskinin iyulda keçiriləcək alyans sammitinə dəvət olunduğunu açıqlayıb. Bu isə Ukraynanın formal üzv olmasa da, artıq NATO-nun gələcəyində mərkəzi rol oynadığını göstərir.
"NATO Ukraynanın sürətini mənimsəməlidir"
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, NATO gələcək müharibələr üçün kifayət qədər sursat istehsal edə bilmir. ABŞ ordusunun keçmiş generalı Riçard Nyuton isə vurğulayıb ki, Pentaqon Ukraynanın sürətli müdafiə sənayesi modelini öyrənir.
Polşa rəsmiləri hesab edir ki, müasir müharibələrin əsas silahı artıq dronlardır. NATO daxilində formalaşan "NATO 3.0" konsepsiyasına görə, Avropa adi müdafiənin əsas yükünü öz üzərinə götürəcək, ABŞ isə diqqətini Çin və Hind-Sakit okean regionuna yönəldəcək.
Ukrayna ordusu NATO üçün nümunəyə çevrilib
NATO-nun Avropadakı keçmiş ali komandanı Filip Bridlav bildirib ki, Ukrayna ordusu artıq Avropanın ən döyüş qabiliyyətli hərbi qüvvələrindən birinə çevrilib. Məqalədə vurğulanır ki, Ukrayna dronlar, antidron sistemləri və sürətli silah istehsalı sahəsində tamamilə yeni hərbi model yaradıb.
Müharibə həm də Kremlin əksinə olaraq NATO-nun daha da genişlənməsinə səbəb olub - Finlandiya və İsveç alyansa qoşulub. "Fox News"un fikrincə, Ukrayna hələ NATO üzvü olmasa da, alyansın gələcəyi artıq böyük ölçüdə Kiyevin döyüş təcrübəsinə əsaslanır.