Dünya
450
13:50, Bu gün

"Putinlə görüşdən öncə əsas sual: Avropa Rusiyadan nə tələb edəcəyini müəyyən etməyə çalışır"-"The New York Times"

"ABŞ-ın sülh planının dalana dirənməsi fonunda Avropa ilk dəfə Kreml ilə birbaşa danışıq formatını ciddi şəkildə müzakirə etməyə başlayıb..."

Avropa ölkələri artıq Rusiya ilə mümkün danışıqlar variantını müzakirə etməyə başlayıb. Avropa İttifaqında hətta Kreml ilə əlaqə saxlayacaq xüsusi nümayəndənin seçilməsi ideyası da gündəmdədir.

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

Avropa danışıqlara hazırlaşır

Nəşrin məlumatına görə, gələn həftə Kiprdə keçiriləcək görüşdə Aİ-yə üzv 27 ölkənin nümayəndələri Moskva ilə mümkün təmasları müzakirə edəcəklər. Əsas mövzu isə danışıqların hansı şərtlərlə aparılacağı və Avropanın hansı "qırmızı xətləri" qoruyacağı olacaq. Diplomatların sözlərinə görə, hələlik konkret nümayəndə ilə bağlı qərar gözlənilmir. Amma Kreml ilə əlaqə üçün bir nəfərin və ya kiçik qrupun seçilməsi variantı gündəmdədir.

Avropanın mövqeyi dəyişir

Məqalədə vurğulanır ki, əsas dəyişiklik Avropanın ümumiyyətlə Rusiya ilə danışıqları gündəmə gətirməsidir. 2022-ci ildən sonra Avropa ölkələri Moskva ilə siyasi əlaqələrin böyük hissəsini dayandırmışdı. Lakin indi vəziyyət dəyişir. ABŞ-ın hazırladığı sülh planı irəliləmir, Vaşinqtonun diqqəti isə Yaxın Şərqə yönəlir. Üstəlik, avropalılar əsas müzakirələrdə özlərini kənarda qalmış hesab edirlər.

Bu səbəbdən Avropa liderləri düşünür ki, vahid mövqedən çıxış etməsələr, prosesə təsirlərini itirə bilərlər. "Eurasia Group" şirkətinin nümayəndəsi Müctəba Rəhman bildirib ki, əsas məsələ Avropanın ABŞ-a əvvəlki qədər etibar etməməsidir. Finlandiya prezidenti Aleksandr Stubb isə deyib: "Əgər masada yoxsansa, səni həmin masada yeyərlər".

Kreml dialoqa daha açıq görünür

Moskva uzun müddət əsas danışıqların yalnız Vaşinqtonla aparılmalı olduğunu düşünürdü. Amma indi ABŞ vasitəçiliyi ilə gedən proses dalana dirənib, Avropa isə Ukraynanın əsas maliyyə və hərbi dəstəkçisinə çevrilib. Putim bildirib ki, avropalılar öz nümayəndələrini seçə bilərlər: "Qoy avropalılar etibar etdikləri və bizə qarşı xoşagəlməz açıqlamalar verməyən bir lider seçsinlər".

Avropada mümkün nümayəndələr sırasında Antonio Koşta, Mario Draqi, Angela Merkel və Aleksandr Stubbun adları çəkilir. Putin isə Almaniyanın keçmiş kansleri Gerhard Şröderi təklif edib, lakin Avropa liderləri bu ideyanı rədd ediblər. ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl bildirmişdi ki, həm Moskva, həm də Kiyev əsasən Vaşinqtonla danışmağa hazır idi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər