"Yeni sistemlə Ukrayna bölmələri cəbhədə topladıqları "xalları" silah və texnikaya çevirir, Kiyev isə bunun müharibənin gedişini dəyişdirməyə başladığını düşünür..."
Ukrayna ordusu cəbhədə qeyri-adi sistem tətbiq edib. Kiyev ordunun təminatını mərkəzsizləşdirən yeni model qurub və bu sistem artıq real nəticələr verməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Müharibə artıq əvvəlki kimi deyil
Kiyevdə qərargahlardakı monitorlarda kiçik kəllə nişanları görünür. Kompüter oyununu xatırladan bu tabloda cəbhədə məhv edilən rus hərbçiləri və texnikası göstərilir. Ukrayna bölmələri topladıqları "xallar" hesabına "Brave1" platformasından silah və avadanlıq ala bilirlər.
2024-cü ildə işə salınan "eБали" sistemi Ukrayna bölmələrinin effektivliyini artırmağa hesablanıb. Rus hərbçilərinin, texnikasının və radioelektron mübarizə sistemlərinin məhv edilməsinə görə xal verilir. Məsələn, öldürülmüş rus hərbçisinə görə 12, yaralanmış əsgərə görə 8 xal hesablanır.
7-ci korpusun pilotsuz sistemlər idarəsinin rəisi Denis Polyaçenko bildirib ki, sistem döyüşçülər üçün əlavə motivasiya yaradır: "Onlar həm ölkəni müdafiə etdiklərini anlayırlar, həm də lazım olan texnikanı əldə etmək üçün resurs qazanırlar".
Bölmələr silahı artıq özləri seçirlər
Sistemin əsas xüsusiyyəti odur ki, hansı silaha ehtiyac olduğunu artıq mərkəz yox, birbaşa döyüş bölgəsindəki bölmələr müəyyən edir. Toplanan xallarla FPV dronlar, radioelektron mübarizə sistemləri və digər texnikalar alınır. Effekt verməyən avadanlıq isə sonradan sifariş edilmir.
Platformada "Uforce" şirkətinin istehsal etdiyi "Nemesis" dronları da mövcuddur. Bu dronlar Rusiya artilleriyasına, texnikasına, idarəetmə məntəqələrinə və hətta Qara dənizdəki hərbi gəmilərə qarşı istifadə olunur.
Şirkətin rəhbəri Oleq Roqinski bildirib ki, sistem müdafiə sənayesi üçün də vacibdir. Çünki istehsalçılar məhsullarının döyüşdə nə qədər effektiv olduğunu birbaşa görürlər.
"The Times" qeyd edir ki, bu yanaşma Böyük Britaniyanın modelindən tam fərqlənir. Britaniyada silah seçimi əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir, Ukraynada isə qərarı briqada komandirləri verir.
Kiyevdə nikbinlik artır
Məqalədə bildirilir ki, Ukraynada əhval-ruhiyyə əvvəlki aylarla müqayisədə daha nikbindir. Müdafiə naziri Mixaylo Fyodorovun sözlərinə görə, ötən ay Rusiya ordusu 35 mindən çox hərbçi itirib və bu, ardıcıl beşinci aydır ki, rus ordusunun itkiləri yeni səfərbərlik imkanlarını üstələyir.
Ukrayna indi uzaqmənzilli raketlərdən əvvəlki qədər asılı deyil. Çünki pilotsuz aparatlarla Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodları və hərbi obyektlərə zərbələr endirilir. Bu həftə Ukrayna dronları Rusiyanın 800 kilometrdən çox dərinliyində yerləşən Sızran neft emalı zavodunu vurub.
Məqalədə qeyd olunur ki, Putinin builki qısaldılmış hərbi paradı da Moskvanın Ukrayna dronlarından artan narahatlığının göstəricisi hesab olunur. NATO-nun baş katibi Mark Rütte isə bildirib ki, Ukrayna cəbhəni sabitləşdirməyə nail olur və bəzi istiqamətlərdə əraziləri geri qaytarır.