Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərqi qan gölünə çevirən irimiqyaslı müharibənin dayandırılması və Vaşinqton-Tehran xəttində yekun barışığın əldə olunması istiqamətində diplomatik fəallıq ən yüksək sürətlə davam edir. Pakistanın vasitəçiliyi ilə aparılan gizli və rəsmi danışıqlar artıq həlledici mərhələyə qədəm qoyub.
Moderator.az xəbər verir ki, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə növbəti kritik görüşünü keçirib. İranın rəsmi "Tasnim" informasiya agentliyinin yaydığı məlumata görə, tərəflər ABŞ ilə mövcud hərbi münaqişənin tamamilə nizamlanmasına və atəşkəsin əldə olunmasına yönəlmiş irihəcmli təkliflər paketini yenidən, bənd-bənd nəzərdən keçiriblər.
Bu diplomatik gedişdən dərhal əvvəl isə ABŞ Dövlət katibi Marko Rubio İrandakı müharibənin dayandırılması istiqamətində tezliklə ciddi irəliləyişlərin olacağına ümid etdiyini bildirib. Dövlət katibi sülh sazişinin irəliləməsində rəsmi İslamabadın oynadığı unikal vasitəçilik rolunu xüsusi vurğulayıb.
Ötən günlərdə jurnalistlərə sensasion bəyanat verən Marko Rubio ABŞ administrasiyasının sülhə sadiqliyini nümayiş etdirərək deyib: "Mən güman edirəm ki, Pakistan nümayəndə heyəti Tehrana yola düşəcək. Ümid edirəm ki, bu kritik səfər sülh prosesini daha da irəli aparacaq və müharibənin dayandırılmasını sürətləndirəcək". /Musavat.com/