Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Senatı Prezident Donald Trampın hərbi sahədəki səlahiyyətlərinə məhdudiyyət qoyan qanun layihəsini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qəbul olunmuş sənədə əsasən, ABŞ lideri istənilən hərbi addımı Konqres ilə razılaşdırmağa məcburdur.
Bu təşəbbüsə 50 senator səs verib, 47 nəfər isə əleyhinə çıxıb. Qanun layihəsinin lehinə demokratların əksəriyyəti və dörd respublikaçı, əleyhinə isə respublikaçıların böyük bir qismi ilə yanaşı, bir demokrat senator səs verib. Sənədin qəbul edilməsi ilə bağlı bundan əvvəlki yeddi cəhd uğursuzluqla nəticələnmişdi. Qanun layihəsi ilk dəfə 2025-ci ildə, Birləşmiş Ştatların İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra səsverməyə çıxarılmışdı.
Bir gün əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton mayın 19-da İrana qarşı planlaşdırılan zərbəni təxirə salıb. Onun sözlərinə görə, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərləri Tehranla danışıqların razılaşma ilə nəticələnə biləcəyini düşünərək ona bu xahişlə müraciət ediblər. Bununla belə, Tramp razılaşma əldə olunmayacağı təqdirdə, genişmiqyaslı hücum üçün tam hazır vəziyyətdə qalmağı Pentaqona tapşırıb.